Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə universitetin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, əsərdə Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyəti sistemli şəkildə təhlil edilib. Qeyd olunub ki, kitab ümumi nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.
Natiqlər vurğulayıblar ki, nəşr investorların müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını daha aydın müəyyən etməsinə şərait yaradır. Eyni zamanda, sərmayə qoyuluşlarının perspektiv geri dönüşünün qiymətləndirilməsi baxımından da kitabın əhəmiyyəti qeyd olunub.
Təqdimatda bildirilib ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları və enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorların qərarvermə prosesini asanlaşdırır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim olunması diqqətə çatdırılıb.
Qeyd edilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.
Musavat.com