RU

ADY: Bakı–Hövsan istiqaməti üzrə dəmir yolu layihəsi genişləndirilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Hövsan marşrutu üzrə dəmir yolu infrastrukturunun yenilənməsi və sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində layihələndirmə işlərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bunu Kürdəmirdə dəmir yolu stansiyasına təşkil olunan mediatur çərçivəsində ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, Bakı–Hövsan istiqaməti üzrə həm yeni qatarların alınması, həm mövcud stansiyaların bərpası, həm də dəmir yolu xəttinin yenilənməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə layihələndirmə işlərinə artıq start verilib.

Azər Fərəcov qeyd edib ki, layihənin icrasının 2030-cu ilə qədər mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.

“Bununla yanaşı, əsas işlərin 2027–2028-ci illərdə yekunlaşdırılması gözlənilir. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən əsas magistral istiqamətlər üzrə infrastrukturun modernləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə yeni qatarların alınması, mövcud hərəkət heyətinin yenilənməsi və yeni dayanacaq stansiyalarının inşası nəzərdə tutulur”, - deyə Azər Fərəcov əlavə edib.

Bildirilib ki, artıq müvafiq işlərə start verilib, Bakı–Hövsan istiqaməti üzrə layihələndirmə prosesi davam etdirilir: “Eyni zamanda, digər marşrutlar üzrə fəaliyyət göstərəcək yeni qatarların alınması ilə bağlı hazırlıq işləri aparılır. Həmçinin mövcud şəbəkə üzrə sərnişin rahatlığının artırılması məqsədilə yeddi yeni dayanacaq stansiyasının tikintisi üzrə işlərə başlanılıb”.

Qeyd edilib ki, həyata keçirilən layihələr regionlarda nəqliyyat əlçatanlığının genişləndirilməsinə və xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Избранный
38
ekologiya.az

1Источники