RU

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaları mərhələli şəkildə bərpa edir.

Kürdəmir stansiyasının sərnişin istifadəsinə verilməsi çərçivəsində təşkil olunan rəmzi qatar tədbirində jurnalistlərə açıqlama verən ADY sədr müavini Arif Ağayev bildirib ki, 2023-cü ildə Bakı - Gəncə - Bakı marşrutu Ağstafaya qədər uzadılıb və ilk dəfə Qəbələyə sürətli qatar reysləri təşkil olunub. Eyni zamanda, 2024-cü ildə yeni qatarlar istifadəyə verilib, Bakı – Ağstafa - Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.

2025-ci ildə sərnişindaşıma xidməti daha da genişləndirilib. İlin əvvəlində Bakı - Balakən - Bakı, iyun ayında Bakı  - Qazax - Bakı, avqust ayında isə Bakı - Ağdam - Bakı marşrutları bərpa olunub. İlk dəfə Gəncə - Qəbələ - Gəncə xətti də istifadəyə verilib. Növbəti il isə Ağdam - Xankəndi dəmir yolu və Xankəndi Dəmir Yolu ilə Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

Arif Ağayev onu da vurğulayıb ki, görülən tədbirlər nəticəsində 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb. Bu, xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdikləri önəmin göstəricisidir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
6
8
azerbaijan-news.az

10Источники