RU

İran Hörmüz boğazını açdı - geri addım, yoxsa yeni şərtlər?

ABŞ-İsrail cütlüyünün İrana hücumları fonunda bağlanan Hörmüz boğazı 45 günlük blokadadan sonra açılıb. İran rəsmiləri bildirir ki, boğaz kommersiya gəmiləri üçün tam açıq elan olunub. Musavat.con xarici mediaya istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, Livanda əldə edilən atəşkəs çərçivəsində Hörmüz boğazından keçid bütün ticarət gəmiləri üçün bərpa edilir. Onun sözlərinə görə, keçid yalnız İranın müəyyən etdiyi marşrutlar üzrə həyata keçiriləcək və bu rejim atəşkəs müddəti ilə məhdudlaşacaq.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, bu bəyanat ilk baxışdan “yumşalma siqnalı” kimi təqdim olunsa da, reallıq daha mürəkkəbdir: “Günlər əvvəl vəziyyət tam fərqli idi. Boğaz faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Tankerlər risk səbəbilə marşrutlarını dəyişir, qlobal bazarlarda neft qiymətləri kəskin sıçrayış edirdi. Bu, bir daha sübut etdi ki, Hörmüz qlobal iqtisadiyyatın damarlarından biridir. Tehran bu addımı sabitliyə xidmət edən qərar kimi təqdim etsə də, bir sıra məqamlar diqqətdən qaçmır. Eyni zamanda aydındır ki, boğaz qeyri-müəyyən müddətə deyil, yalnız atəşkəs dövründə açıqdır. Keçid tam sərbəst deyil, İranın nəzarət etdiyi marşrutlarla məhdudlaşır. Regionda isə hərbi risklər və gərginlik tam aradan qalxmayıb. Bu isə göstərir ki, İran faktiki olaraq geri çəkilmir, oyun qaydalarını özü müəyyən etməyə çalışır”.

Siyasi şərhçi bildirib ki, İran Hörmüzü şərtlə açması ilə qarşı tərəfə geosiyasi mesaj verir: “İran Hörmüz boğazının “açarı”nın onun əlində olduğunu açıq şəkildə ortaya qoyur. Yəni, “istəsək bağlayarıq, istəsək açarıq” mesajını verirlər. Bu, həm ABŞ-a, həm də Qərb ölkələrinə yönəlmiş açıq siqnaldır. Çünki dünya üzrə neft daşımalarının təxminən dörddə biri məhz bu boğazdan keçir. Hörmüz İranın geostrateji silahına çevrilib. İranın Hörmüzü açmasından dərhal sonra neft qiymətlərində enmə müşahidə olundu.

Enerji bazarlarında panika müvəqqəti səngidi, tanker şirkətləri ehtiyatlı da olsa, marşrutlara qayıtmağa başladı. Bu sabitlik kövrəkdir, çünki hər şey atəşkəsin taleyindən asılıdır. Məlumdur ki, bölgədə gərginlik təkcə İranla məhdudlaşmır. Livan ətrafında əldə edilən atəşkəs, əslində daha geniş qarşıdurmanın İran, ABŞ və İsrail arasında gedən geosiyasi savaşın bir epizodudur. Bu mənada Hörmüz boğazının açılması daha çox siyasi addımdır. Hörmüz bu gün açıqdır, sabah isə yenidən bağlana bilər”.

E.Məmmədəliyev,
Musavat.com

 

Избранный
10
50
musavat.com

10Источники