RU

“Yaşadıqlarımı yaşamayıblar, nə çəkdiyimi bilmirlər” – Millimizin kapitanı ilə müsahibə

BAKI, 18 aprel. TELEQRAF

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə Teleqraf-a müsahibə verib. O, müsahibəsində futbolçu olmaq uğrunda apardığı mübarizədən, bu istiqamətdə üzləşdiyi çətinliklərdən danışıb.

- Sevinc xanım, futbola necə başladınız?

- Mən Lənkəran rayonunun Viravul kəndindənəm. Uşaqlıqdan futbol oynayırdım. Qardaşımla, məhəllə uşaqları, sinif yoldaşları və əmim oğlanları ilə, qoyun-quzu güdəndə oynayırdım. Rayonumuzda Bəxtiyar Mirsadıqov adlı məşqçi vardı, mənə şərait yaratdı ki, oğlanlardan ibarət komandasına qatılım. Hətta turnirlərdə oğlanlarla birgə iştirakım üçün də imkan yaradırdı. O vaxt qonşularım vardı, “Xəzər-Lənkəran”da işləyirdilər. Bir gün dedilər ki,Sevinc, eşitmişik Bakıda qız komandası var, ora baxışa gedə bilərsən. O vaxt qadın komandası tapmaq çox çətin idi. Hətta deyiləndə ki, Bakıda qız komandası var, təəccüblənmişdim. Çünki 2007–2008-ci illərdə indiki kimi sosial media yox idi. 15 yaşım olardı. Gəldim, seçildim və qaldım. Bakıya ilk gəlişim belə oldu. Həmin vaxtdan indiyə qədər yığma komandanın üzvüyəm.

- Həmin vaxt “Xəzər-Lənkəran”da kimlərlə bir yerdə oynadınız?

- Kamran Abdullazadə, Elnur Cəfərov, Elvin vardı, “Kaladze” deyirdilər. Çoxunun adını xatırlamıram.

- Elə bir çətin şəraitdə necə qərar verdiniz ki, futbolçu olmaq istəyirsiniz?

- Məncə bu, ailədən gələn şeydir. Çünki qardaşım, atam futbolçu olub. Qardaşım Amid Cəfərov “Xəzər-Lənkəran”ın ikinci komandasında qapıçı idi. Müəyyən səbəblərdən karyerasını tez bitirdi. Qardaşımdan soruşanda ki, niyə belə oldu? Dedi ki, kənd yerində yaşayırdıq, məşqlər də şəhərdə idi. Elə olurdu ki, bir neçə məşqi buraxırdı. Amma bu, sırf maddi duruma görə idi. Bir neçə məşq sonra gedəndə məşqçisi ona çox oyunçunun içində sərt reaksiya vermiş və məşqdən xaric etmişdi. Amma qardaşım deyə bilmədi ki, maddi durumuma görə gəlməmişəm. Yəni kənddən şəhərə gələnə qədər müəyyən yolpulu ödəməli idi. O vaxtlar ailə durumumuz heç yaxşı deyildi. Məşqçinin sərt danışığından sonra qardaşım ora dönmədi. O vaxtlar “Xəzər-Lənkəran” təzə yaranmışdı, özü də futbolda ilk addımlarını atırdı. Belə alındı. Ona görə mənə dəstək oldu ki, mən qabağa gedə bilirəmsə, mən gedim.

- Atanız futbolla necə məşğul olub?

- Atam Lənkəranda avtobus sürücüsü olub. Hazırda işdən çıxıb. O, sadəcə rayonda kəndlərarası futbol olanda oynayırdı. Peşəkar məşğul olmayıb.

- Bəs oyunlarınıza gəlir?

- Bəli, gəlir. Andorra ilə oyunda da görəcəm. Buradakı bütün oyunlarıma gəlir. Hazırda Lənkərandadır, qardaş-bacılarım Bakıda yaşayır. Bir günlük belə imkan olsa gedib atamı görürəm, həm də anamın məzarını ziyarət edirəm.

- Uşaqlar arasında tək siz idmançı olmusunuz?

- Biz üç bacı, bir qardaşıq. Evimizdə hamı idmana maraq göstərib. Balaca bacımı da futbola gedərkən özümlə aparırdım. Əziyyətli tərəflərini gördükdən sonra onu futbola qoymadım. Bəlkə də vaxtında oynasaydı, o da yaxşı futbolçu olardı. Sadəcə istəmədim, mənim kimi əziyyət çəksin.

- Sizinlə eyni vaxt başlayıb futbolu dayandıranlar oldumu?

- Mən futbola başlayan vaxt rayonda heç bir qız futbol oynamırdı. O dövrlərdə tək olmuşam. Bir müddət sonra qızlar liqası yarandı. 17 yaşlılardan ibarət dünya çempionatı keçiriləcəkdi deyə, liqalarda kütləvilik artdı, qadın futboluna maraq artdı. O zaman Uşaq, Gənclər və İdman məktəbinin nəzdində Lənkəranda qız komandası yarandı. Mən də öz rayonumun komandasında yer aldım. Orada başlayan qızlardan heç biri indi futbolda deyil.

- “Xəzər-Lənkəran”ın oyunlarına gedirdiniz?

- Gedirdim, amma tək qız olduğuma görə sıxılırdım. Çünki o zamanlar indiki kimi qız çox deyildi. Küncdə başıma kapşonka keçirirdim ki, məni görməsinlər. O boşluq da olmurdu ki, gedib orada oturum. Çox həyəcanlı, böyük oyun keçirdi.

- Peşəkar həyata atılanda hansı hisləri keçirdiniz?

- O vaxt çox başa düşmürdüm. Amma nələrinsə dəyişdiyini özlüyümdə hiss edirdim. Sadəcə o vaxt düşünməzdim ki, bugünkü yerə gəlib çataram. Öncə ailə üçün darıxırdım. 15 ildən çox vaxt keçib. Uşaqlıqdan çətinlikləri qəbul etmiş insanam.

- İlk maaşınız nə qədər idi?

- Səhv etmirəmsə, 50 manat idi. O da maaş deyildi, hansısa oyuna görə verilmişdi. Milli komandada oynamağa yaşım çatmırdı, 16 yaşımda idim. Millidə rəsmi oyunum Uels və Çexiya yığmasına qarşı idi. Pulu hara xərclədiyimi bilməsəm də, əminəm ki, anama vermişdim. Çünki qazandığım maliyyəni həmişə ailəmə xərcləmişəm. İndiyə qədər də o tendensiya davam edir. 23–24 yaşına qədər futbolu pulsuz oynamışam. Son illərdə klub karyeram olduğundan pul qazanmağa başlamışam. Milli komandada “ştuçni” deyilən bir şey var, o da cüzi miqdarda idi, indi sağ olsunlar, qaldırıblar. Oyunları udanda bizə premiyalar verilir, o da kişi futbolu ilə heç müqayisəyə gəlməz. Yenə də federasiya tərəfindən bizə dəstək var.

- Uşaqlıqdan ailənin fədakar övladı olmağa məhkum olmusunuz...

- Ailə durumumuz yaxşı deyildi. Palçıqdan tikilən bir otaqlı evdə böyümüşəm. Maliyyə cəhətdən çətinliyimiz olsa da, evdə həmişə eşitdiyim söz bu idi ki, pulu düşünmə. İndi başa düşürəm ki, onlar niyə belə deyirdi. İndi də tutaq ki, alacağım 100–200 manat var, deyirəm: “Ata, bu həftə demişdilər, amma vermədilər”. Deyir: “Eyb etməz, pulu düşünmə”. Amma mənim beynimdə həmişə hədəf bu olub ki, bir yerə gəlim, ailəmə kömək edim. Nələrsə etmişəm və etməyə də davam edirəm. Əsas məqsədim pul qazanmaq idi ki, anamın müalicə xərclərini qarşılaya bilim. Çalışmışam, nə qədər əlimə pul gəlibsə, 90 faizini evə göndərmişəm. Uzun illər anam xəstə olub. Mən də özümü tanıyandan onu xəstəxanalarda, dava-dərmanda görmüşəm. İstəyirdim ki, pul qazanım, o da “imkan yoxdur” deyib xəstəxanaya getməsin, dərman ala bilməmək dərdi olmasın. O vaxt gənc idim, klubda oynamırdım. Millidən nə qazanırdımsa, evə verirdim.

- Bəs lənkəranlı bir qız üçün bunlara futbolda nail olmaq o vaxta görə nə qədər real idi?

- Azərbaycanda qadın futbolu çox çətin idi, indi artıq dəyişib. Mən oynadığım dövrlərdə yolda, avtobusda istənilən sözləri eşidirdim. Psixoloji cəhətdən bunların öhdəsindən gəlmişəm. Xətrimə dəyirdi, amma demirdim ki, onun acığına nəsə edim. Başımı aşağı salıb cavab vermirdim. Düşünürəm ki, əsl cavabı bu gün vermişəm. Şahmatla da məşğul olmuşam. Təbii ki, bir qızdan soruşulanda şahmatla məşğul olması normal qarşılanır, amma futbol oynaması elə qarşılanmırdı. Özümə də, ailəmə də təzyiqlər olurdu:“Qız nədir, futbol nədir”. Səbəb də o idi ki, yıxılır, başı-gözü əzilir, yaxud bir qız niyə oğlanlarla futbol oynayır. Artıq o dövr geridə qalıb. Bu şeylərin baş verməsi məni Sevinc Cəfərzadə edib. Həmişə deyirəm: uğura gedən yol asan olmur, nələrisə qurban vermək lazımdır. Mən isə çox şeyi qurban vermişəm.

- Əsas qurban nə oldu?

- Düşünürəm, evdən uzaqlaşmağımdır. Bilmirəm, qurban hesab oluna bilər, ya yox. Bu gün Allah mənə bəlli şeylər nəsib edib. Amma heç nə ananı əvəz etmir, o mənim ən zəif nöqtəmdir. Əgər desəydilər ki, Sevinc gələcəkdə bunları əldə edəcəksən, amma ananla son 10 ildə çox az görüşəcəksən, mən onunla qalmağı seçərdim, futbolu fəda edərdim. Çünki insan itirdikdən sonra başa düşür. Yenə də halımdan şükürlüyəm, heç nəyə peşman deyiləm. Demək ki, bu şeylər baş verməli idi. Anamın da istəyi o idi ki, bu yerlərə gəlim. Başqa kiçik şeyləri də qurban etmişəm. Məsələn, Türkiyədə mayda çempionat bitir. 9 ildən sonra ilk dəfə dənizə getmək üçün vaxtım olacaq. Çünki Rusiyada oynayarkın təkcə dekabrda bir neçə gün vaxt olurdu. Klubda 3–4 günlük istirahət verirlər, amma o vaxt milli toplanış olur. Mən ya milli komandada oluram, ya da klubda oyun olur. Ancaq idmansız qala bilmirəm. Başqaları bir dəfə məşq edirsə, mən iki - üç dəfə edirəm.

- Bəs sizin üçün əyləncə nə deməkdir?

- Əyləncə nədir, inanın ki, bilmirəm. Elə bil, robotlaşmışam. Hərdən dostlarımla danışanda deyirəm ki, məndə idmanla bağlı psixoloji problemlər yaranıb. Məsələn, bir məşqi buraxıramsa, otağıma gəlib stres yaşayıram ki, geridə qalaram, performansımda axsama olar. Məsələn, millinin ötən toplanışından bir ay əvvəl əzələmdən zədə aldım, amma məşqlərimi saxlamadım. Sonra əzələm yırtıla bilərdi. Məşqçilərimə dedim ki, yaxşı deyiləm. Bir həftəyə yaxın məşqə çıxmadım. Qızlar deyirdi, Sevinc dincəl, amma deyirdim yorğun olsam da, məşq edim. Bu da disiplinlə bağlıdır. Klub oyunlarında arxayınlaşsan, millidə də istədiyin performansı göstərə bilməzsən. Azərbaycanda qadın futbolunu mən bacardığım qədər yaxşı yerlərə çıxarmaq istəyirəm. Çünki bilirəm ki, bir neçə ilə karyeramı bitirəcəyəm. Burada olduğum müddətdə faydalı olmaq istəyirəm.

- Qadın futbolunda fantastik məbləğ yoxdur...

- Elə oyunçu var, PSJ-də çıxış edir, 2500 avro maaş alır. Avropada qiymətlər də bahadır. Elə bir təklif olsa, maaşa baxmaram, adı üstün tutaram. Orta səviyyəli klublara gedəndə isə maliyyə önəmlidir. Çünki mən ailəyə baxıram, müəyyən yaşım var. Təbii ki, yaxşı yerdə oynamaqla yanaşı, qazanmaq da istəyirəm. Çünki qadın futbolunda böyük maaş olmur. Böyük insanların böyük hədəfləri olur. Karyeramı bitirəcəyim günə qədər bu yol üçün mübarizə aparacağam. Amma mən qismətə də inanıram. Əgər Allah onu mənim qismətimə yazıbsa, olacaq, yazmayıbsa olmayacaq. Hər halda həmişə formada olmaq istəyirəm ki, ciddi təklif gələrsə hazır olum. O qədər oyunçu olur ki, bir kluba gedir, alınmır. Əsas məsələ gələn təklifə necə yanaşmaqdır. Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniya Bundesliqasında çıxış edir, bu, qadın futbolumuz adına böyük uğurdur. İnanıram ki, özünü yaxşı tərəfdən göstərəcək və digər qızlara da yol açacaq.

- Ən bəyəndiyiniz futbolçu və klub hansıdır?

- Uşaqlıqdan Ronaldinyo idi. Sonralar Kristiano Ronaldu və Zlatan İbrahimoviçi bəyəndim. Sırf pərəstiş etdiyim komanda yoxdur. Gözəl futbol gedərsə, həmin komandanın, xüsusilə, sadaladığım futbolçular hansı komandada oynayırsa, onların qalib gəlməsini istəyərəm. “Xəzər-Lənkəran” yenidən bərpa olunsa, təbii ki, onlara azarkeşlik edəcəyəm.

- Legioner həyatı yaşamağa necə qərar verdiniz?

- 2016–2017-ci il idi. Dizimdə zədə var idi. Millinin baş məşqçisi həmin vaxt Vüqar Əsgərli idi. Məni çağırıb dedi ki, Rusiyadan “Rostov”un “Donçanka” komandası bizə müraciət edib, hücumçu lazımdır. Mən də məşqçimə dedim ki, ayağımda zədə var, bu məsuliyyətlidir. Çünki yaxşı çıxış etsəydim, yol açacaqdım, əks halda pis olacaqdı. O da dedi ki, yox, sən gedəcəksən, biz sənə inanırıq. Mövsümün yarısı bitmişdi. Gedib yaxşı mövsüm keçirdim. 5 ay sonra “Krasnodar”ın “Kubanoçka” komandası məni istədi, orada da bürünc medal qazandıq. Ardından 5 il “Krasnodar”da oynadım.

- Dil baxımından çətinlik çəkmirdiniz?

- Rus dilini bilmirdim, orada özüm öyrəndim. Rus dilini də, ingilis dilini də özüm öyrənmişəm. Hisslərə görədir, ya nədir, əvvəldən elə bilirdim ki, güclüyəm. Oturub ağlamamışam ki, darıxıram. Çətinliklərimi də deməmişəm. Hədəfim olub, onlara çatmaq üçün mübarizə aparmışam. Rusiyada ilk dövrlər çox çətinliyim var idi. Amma mənə çox hörmət edirdilər. Bu, oyun tərzimə görə yox, insanlığıma görə idi.

- Necə oldu ki, Rusiyada universitetə qəbul oldunuz?

-“Krasnodar” böyük klubdur. Beş il bu klubun bir parçası olduğum üçün özümü qürurlu hiss edirəm, çünki həqiqətən peşəkardır. Orada mənim vəkilim vardı, sənəd işlərində mənə kömək edirdi, legionerlərlə o işləyirdi. Bir gün dedim ki, bu yaşa çatmışam, Azərbaycanda neçə dəfə sınamışam, amma imtahanlardan keçə bilməmişəm. O da birbaşa telefon götürüb birinə zəng etdi: “Bizim oyunçumuz var, Azərbaycan millisinin kapitanıdır, dəstək göstərə bilərsinizmi?” Onlar da müsbət yanaşdılar. Dərhal mənə nömrə verdilər, dedi ki, Sevinc yanımdakən zəng et. Mən utansam da, əllərim əsə-əsə zəng etdim. O da dedi ki, sənədlərinizi göndərin. Beləcə universitetə qəbul olunmağımda “Krasnodar” klubunun çox böyük əməyi oldu, bu danılmazdır.

Sənədləri verdim, imtahandan da keçdim, hazırda bədən tərbiyəsi ixtisası üzrə ikinci kursda oxuyuram. Amma üzüldüyüm çox şey var. Rus dilini bilsəm də, universitet səviyyəsində deyil. Boşuna yox, nəyisə haqq edərək qazanmaq istəyirəm. Deyirdim ki, müəllim, dərsi başa salsanız da tam anlamayacam, tapşırıq verin, evdə həll edim və qiyməti haqq edim. Xarici vətəndaş olduğum üçün mənə sərt yanaşmırdılar, yüngül tapşırıqlar verirdilər, böyük dəstək göstərirdilər. Hazırda ikinci kursdayam, imtahan dövrüdür, lakin iştirak edə bilmirəm. Toplanışda olduğumu bildirmişəm və güzəşt ediblər, amma deyiblər ki, Sevinc gəlib bütün imtahanlarda iştirak edəcək. Türkiyədə mövsüm bitdikdən sonra gedib imtahanlarımı bağlayacağam.

- Niyə Azərbaycanda oxumadınız?

- Çox istərdim ki, öz ölkəmdə ali təhsil alım. Baxmayaraq ki, Rusiyada keçmiş klubum tərəfindən dəstək göstərilsə də, hazırda klubun üzvü deyiləm. Amma hələ də qarşılıqlı hörmətimiz var. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Akademiyasına illərlə sənəd vermişəm. Məktəbi yaxşı oxumamışdım, əsas əngəl bu idi. Bu səbəbdən imtahanları yaxşı verə bilmirdim. Hər il anamla gedirdim, girirdim, bal toplaya bilmirdim və kəsilirdim. 2011-ci il məzunuyam. Hər il sənədlərimi götürüb anamla gedirdim, amma yenə kəsilirdim. Bilirdim ki, kəsiləcəm, amma yenə də sənəd verirdim. Heç bir dəstək almadım. Millinin kapitanı olmağımdan da istifadə etmək istəmədim. Amma bir şey doğrudur ki, öz sahəmdə gələcəkdə ölkəmə çox kömək edə bilərəm.

Ölkəmdə oxuya bilməməyim məni çox üzdü. Futbol karyeramı bitirdikdən sonra kadr olaraq ölkəmə xeyir vermək üçün təhsil imkanım yoxdur. Sağ olsun AFFA rəhbərliyi, bizə lazım olan hər dəstəyi göstərir. Amma təhsil məsələsində imkanım olmayıb. Müsahibəni oxuyanlar elə bilər günah məndədir, amma mənim yaşadıqlarımı yaşamayıblar, nə çəkdiyimi bilmirlər. Mənim üçün bu bir itkidir. Mən 31 yaşım var. İdman akademiyasında oxuyan hər kəs idmançıdırmı? Amma mən idmançıyam, millinin formasını daşıyıram- bu mənim borcumdur, amma universitetə qəbul ola bilmədim. Bu itkidir. Bəlkə kimlərsə üçün önəmli deyil, amma mənim üçün itkidir. Niyə başqa ölkə vətəndaşına müraciət edib universitetlə bağlı dəstək istəməliyəm? Azərbaycanda oxusaydım, bu stresi yaşamazdım. Onu da qeyd edim ki, bundan əvvəl Dağıstanda universitetə qəbul olsam da, ilk kursdan dayandırmışam.

- Niyə?

- Anamın Dağıstanda qardaşı vardı, onunla danışdı. Xaricdə universitetə qəbul olmaq asan olduğu üçün qəbul olundum. Birinci kursda hər ay pul ödəməli idim. Mən də evdən pul almamaq üçün həm futbol oynayır, həm də skladda işləyirdim. Qızlar liqamız vardı, orada forma verir, beləcə az da olsa maaş alırdım ki, universitet xərclərini ödəyim. Sonra gördüm ki, tez-tez pul istəyirlər, çatdıra bilmirəm. Getdim evdəkilərlə danışdım ki, artıq UEFA B lisenziyalı məşqçiyəm, gələcəkdə məşqçi işləyə bilərəm. Uzaqdır, dil də bilirəm, universitetə getmək istəmirəm. Daha demirdim ki, pul çatdıra bilmirəm.

- Bu mübarizəni niyə verirsiniz?

- Çünki bu, anamın arzusu idi. Üzüldüyüm də odur. Dəfələrlə anamla gedirdim, alınmırdı. O, həmişə istəyirdi ki, mənim təhsilim olsun. Hətta Dağıstanda universitetə gedə bilmədiyimi deyəndə üzülmüşdü, amma B kateqoriyasə aldığımı deyəndə bir az təsəlli tapmışdı. Amma həmişə istəyirdi ki, oxuyum. Çox təəssüf ki, universitetə girdiyim vaxt anam həyatda yox idi. Amma bu mübarizəni onun üçün verirəm ki, gələcəkdə ali təhsilli olum. Təhsilim olmasa da, mən savadsız deyiləm. Özümü belə bilirəm, elə olmasaydı rus və ingilis dillərində danışa bilməzdim. Amma təhsil çox önəmlidir. Çox istərdim ki, insanlar hansı sənətlə məşğul olursa-olsun, təhsillərinə önəm versinlər.

- Türkiyə karyeranız necə başladı?

- Əslində Türkiyədə iki yerdən mənə təklif vardı. Bir neçə dəfə olaraq dəvət gəlirdi. Amma “Krasnodar”da oynadığım, ora ilə müqaviləm olduğu üçün başqa təkliflərə baxmırdım. Müqaviləmin son aylarında qərar verməli idim. “Krasnodar”ın hər yaş üzrə akademiyası var. Bir növ tendensiya formalaşıb ki, 30 yaşına qədər forma şansı verilir. Mənə təklif göndərildi ki, klub strukturunda işləyim. Mənə dedilər ki, Sevinc, müqaviləni artırmayacağıq. Məndən əvvəl də 30 yaşından sonra oyunçuları saxlamırdılar, çünki orada çox gənc futbolçular yetişir və onlara da şans verilir. Bunu çox dəyərləndirdim. Amma dedim ki, milli komandanın üzvü olduğum üçün futbol karyerama davam etməliyəm. Həm də 30 yaş karyeranı bitirmək üçün tezdir. Həmin vaxt Yunanıstan və Türkiyədən təklifim vardı. Düzdür, “Yüksekova” çox tanınmırdı, ilk dəfə Superliqada çıxış edəcəkdi. Amma yaxşı oyunçular gətirmişdilər, iddiaları böyük idi.

- Orada yaşam tərziniz necədir?

- Çox çətindir. Amma mənə çətinlik yaratmır. Uşaqlıqdan belə yaşam tərzi ilə böyümüşəm deyə sosial həyat mənə fərq etmir. Mənim üçün başqa şeylər sıxıcıdır. Fitnes mənim üçün çox önəmlidir, amma fitnesə gedə bilmirəm. Bu da psixoloji amildir. Futbol elə səviyyəyə çatıb ki, fitnesiz futbolu təsəvvür etmək mümkün deyil. Qaldığımız yerlə fitnes yeri çox uzaq məsafədədir. Bir faiz şansım olsa belə, onu dəyərləndirib məşqə gedirəm. Qaldığımız yer dağa yaxındır, maşın səni aparmaq üçün əlavə yol gedir. Piyada mümkün deyil.

-Türkiyədə hakim qərarları necədir?

- Hakim qərarlarından mən də narazı qaldığım olub. Rusiyada hakimlik səviyyəsi daha fərqli idi. Türkiyədə yaxşı şərait yaradılıb. Həmişə hakimlərə hörmətlə yanaşıram. Amma bəzilərini anlamıram, sanki özlərini hakim yox, diktator kimi aparırlar. Bilmirəm nə qərar verirlər, sanki kiminsə taleyinə hökm verirlər. Halbuki biz hamımız insanıq. Komanda yoldaşımın başına top dəyir, elə qərar verirlər ki… Deyirəm, qərarı bir kənara qoyun, insanlıq da var. Bu tək Türkiyədə deyil. Milli komanda oyunlarında da belə hallar olur. Hakimlər futbolçuların emosiyasını başa düşməlidir. Oyunda nəbzimiz 180–220 olur, etirazlar da ola bilər. Amma sərtlik də normal çərçivədə olmalıdır.

- Klubunuzu dəyişəcəksiniz?

- Bəli. Türkiyədə mövsümün bitməsinə ay yarım vaxt var. İstəyirəm Avropada oynayım. Maraqlar, dəvətlər olur. Amma maliyyə, klubun şəraiti, məşqçilər mənim üçün önəmlidir.

- Karyeranızı bitirdikdən sonra məşqçi kimi işləmək istərdiniz?

- Onu zaman göstərəcək. Hələ futboldayam. İndidən nəsə demək çətindir. Amma çox istəyirəm ki, harada ölkəmə faydalı olsam, orada işləyim. Məşqçilik də ola bilər, başqa sahə də. Hələ qərar verməmişəm.

- Karyeranızda yaşadığınız ən kuryoz hadisə nədir?

- Çox olub, bilmirəm hansını deyim. Hər komandada komandanın öz zarafatcıl, yumorlu insanları olur. Bir dəfə Maltada idik, 17 yaşım vardı. Məşqçimiz alman idi. Hoteldə istənilən yemək var idi, amma bizə yeməyə qoymurdular. Çəkisi olan futbolçulara görə komandanı dietə salmışdılar. Liftə minməli idik, mən də qızların arxasınca gəlirdim, 18-ci idim. Dedilər ki, “tələs, gəl”. Dedim lift bu qədər adamı götürsə, qırılar. 10 nəfərlik liftə 18 nəfər mindik. Lift qalxmaq istəyəndə qırıldı. Düşə bilmədik, nəfəs ala bilmirdik. Sonra kömək etdilər, çıxdıq. Yaşlı kişi və xanım da sayırdılar ki, neçə nəfər düşəcək. Bizim məşqçilər də 10 metr aralıda gözləyirdilər.

Biz cəmi bir mərtəbə qalxmaq üçün hamımız liftdə olmuşduq. Belə hadisələr çox olub. Komandamızda Kristiana Bakaradze və Jalə Məsimova var, onlardan biri olmayanda elə bil komandada nəsə çatmır, gülüş olmur. Komandanı çox motivasiya edirlər.

- İndiyə qədər ad günündə aldığınız ən yaddaqalan hədiyyə nə olub?

- Yeddi yaşımda ad günü keçirmişəm. Xüsusi hədiyyə gözləmirəm, çünki istədiyimi özüm də ala bilirəm, amma ətrafdan gələn hədiyyələrin öz özəlliyi olur. Ad günüm 1 iyundur, ötən il milli komandanın toplanışına düşürdü. Səudiyyə Ərəbistanında oynayarkən amerikalı komanda yoldaşım vardı. Ötən il dedi ki, Türkiyəyə gəlməyi planlaşdırıram. Mən o vaxt Rusiyada oynayırdım, dörd gün istirahət vermişdilər. Ad günümə düşürdü, dedi qeyd edərik. İki ay əvvəldən planlaşdırdıq, Bodrumda hotel bron etdik. Millidə Litvaya qarşı oyun var idi.

O oyunda evdə 0:5 uduzduq. Bu bizim üçün çox ağır nəticə idi. Bir gün sonra ad günüm idi. 7 yaşdan sonra ilk dəfə böyük ad günü keçirəcəkdim. Amma sosial şəbəkələrdə insanlar bunu yanlış təqdim etdilər, məni tənqid etdilər ki, “uduzub, amma istirahətə gedir”. Halbuki bu iki ay əvvəldən planlaşdırılmışdı. Mən o istirahəti haqq etmirdim?

Mən onu gizli də keçirə bilərdim, amma hisslərimi paylaşdım. Bunu mənim üzərimdən istifadə edib mənfi təqdim etməyə çalışdılar. Amma heç kim mənim nə hiss etdiyimi bilmir. O oyunun acısı hələ də içimdədir. Hər oyundan əvvəl məşqçilər deyir ki, o oyunu unutmayın. Məni tanıyanlar bilir ki, işimə peşəkar yanaşıram. Uduzanda günlərlə yata bilmədiyim olur. Bunu yalnız mən və Allah bilir. Elə iki gün əvvəl Andorra ilə oyundan sonra da gecə yata bilməmişəm. Andorranı bəziləri zəif komanda kimi görür, amma belə deyil. Qadın futbolu inkişaf edir, zəif komanda yoxdur. Biz də inkişaf etməliyik ki, gələcək nəsillərə ötürək. Məni üzən odur ki, qalib gələndə çox paylaşılmırıq, amma uduzanda hər yerdə paylaşılırıq. Bu, bizi çox incidir. Biz ölkəmizi yaxşı təmsil etmək üçün mübarizə aparırıq.

- Qadın futbolu niyə istənilən səviyyəyə çata bilmir?

- Hazırda gördüyüm qədərilə dəstək yalnız AFFA tərəfindən olur. Müəyyən irəliləyişlər var, bu da nəticələrə görədir. Biz həm də qadınların mübarizəsini aparırıq. Futbolçu kimi əlimdən gələni edirəm. Amma istərdim ki, başqa qurumlardan da dəstək olsun. Sadə bir nümunə deyim: bizdə nə qədər idman geyimi satan mağazalar var. Hansı oyunçunu çağırıb deyiblər ki, bu xanım futbolçu bu brendin reklamını etsin? Bu həm oyunçuya, həm də mağazaya qazancdır. Biz bu imkanlardan kənarda qalırıq. Xaricdə isə fərqlidir. Səudiyyə Ərəbistanda oynamışam, oyunçu var idi, ayağı top tutmurdu, amma Messi ilə reklamlarda idi. Bu gün öz ölkəmizdə olsa, sabah başqa yerdə. Bu, qadın idmançılarına böyük dəstək olar. Reklam çox önəmlidir. Bir qadın futbolçunun reklamını haradasa görmək olmur. Bütün yük federasiyanın üzərinə düşür. Komandamızda o qədər istedadlı və gözəl qızlar var ki… Mənim İspaniyadan bir menecerim var idi, dedi Sevinc, İnstaqram hesabına izləyici yığ. Mənim 3 min izləyicim var idi, deyir ki, səni klublara təklif edəndə profilinə baxırlar. Mən isə saxtalığı sevmirəm, hansı klub bəyənəcəksə, o yanaşsın deyirəm.

- Bu gün sizi izləyən qızlara nə məsləhət görərdiniz?

- İlk öncə arzu edərdim ki, heç mənim keçdiyim yollardan keçməsinlər. Onların arzuları daha asan yollarla gerçəkləşsin. Düşünürəm, bu gün şərait yaradılıb və mentalitet qadın futbolu üçün Azərbaycanda dəyişib. Heç vaxt təhsilsiz olmamalıdırlar, düşdükləri çətinliklərə sinə gərməlidirlər. Bu bəzən xarakterə bağlı olur. Uşaq yaşlardan xarakterin formalaşması yaxşıdır, amma bəzən bu, keçdiyin çətinliklərlə formalaşır. Əgər məqsədləri varsa, onun uğrunda mübarizə aparsınlar. Burada onlar yoxsulluq, aclıq, zədə ilə də qarşılaşa bilərlər. Bilməlidirlər ki, bu yolda nələrsə qurban verməlidirlər. Valideynlərin də dəstəyi çox önəmlidir.

Müsahibəni görən insanlardan xahişim odur ki, neqativ danışmasınlar. Baxırsan, bəlkə bu həyatda bir şeyə yiyələnməyib, amma imkan da vermir ki, ətrafındakılar da yiyələnsin. Beş nəfərdən üçü-dördü tez həvəsdən düşür. Çünki insan pozitiv yox, neqativi daha çox beynində saxlayır. Biz idmançılarda bu hallar tez-tez olur. Əgər bu yolların onlarlıq olmadığını hiss edirlərsə, boşuna vaxt itirməsinlər, bəlkə başqa sahələrdə daha uğurludurlar. Bir də təhsillərinə önəm versinlər, bu çox önəmlidir. Bizim komandada Manə Mollayeva var. Həm təhsili, həm ailəsi, həm bir övladı var. Necə gözəl karyera formalaşdırıb: universitet bitirib, dörd dili bilir, hazırda magistraturaya hazırlaşır. Elə insanlar bizim qürur mənbəyimizdir. Bu kimi başqa komanda yoldaşlarım da var, onlar da həmçinin.

Избранный
20
1
teleqraf.com

2Источники