RU

Xalq artisti deputatlara səsləndi: Mədəniyyət Mərkəzində bağça biznesi quran direktor parlamentdə müzakirə edilsin! – NONSENS

Qaradağda yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində hüquqi statusu qeydə alınmayan Eliza School tərəfindən bəzi otaqlar aylarla  bağça kimi istifadə edilib. Azyaşlı uşaqların mədəniyyət mərkəzində yerdə yatırılması və saxlanılması ilə bağlı sosial şəbəkələrdəki paylaşımlar qınağa səbəb olub.
 
Qaradağ sakinlərinin sözlərinə görə, mərkəzin direktor vəzifəsini icra edən Gülnar Abbassovanın binadan qanunsuz kommersiya məqsədləri üçün istifadəsi ilə bağlı mədəniyyət nazirliyinə verilən şikayət ərizələrinə baxılmır.Yol verdiyi nöqsanlara rəğmən o, hələdə mərkəzdə direktor vəzifəsini icra edir.
 
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xalq artisti, tanınmış opera müğənnisi Əvəz Abdullayev Moderator.az saytına geniş şəkildə açıqlama verib.
 
Xalq artistinin sözlərinə görə Qızıldaş Mədəniyyət Mərkəzində fəaliyyət göstərmiş bağça ilə bağlı təkcə Mədəniyyət Nazirliyi yox, aidiyyatı üzrə bütün dövlət qurumları araşdırma aparmalıdır:
 
“Bir mədəniyyət xadimi kimi orada baş verən hadisələrdən dəhşətə gəldim. Bir xalqı məhv etmək istəyirsənsə birinci onun dilini, ikinci isə mədəniyyətini məhv etməlisən. Cənab prezidentimizin diqqəti və qayğısı sayəsində ana dilimizin qorunması ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir. Mədəniyyətimiz isə sanki bəzi insanlar tərəfindən məhvə doğru gedir. Görünür ki, şirkət dövlət binasında bağça fəaliyyətini tək həyata keçirməyib. Bunun arxasında mərkəzin direktorunun və Mədəniyyət Nazirliyindən kimlərinsə qolu olub. Həmin şirkət aylarla o mərkəzin qarşısından elanlar asıb. Sözsüz ki, nazirlikdən kimlərsə bağça açanlara icazə verib. Əks halda Mədəniyyət Nazirliyi baş vermiş qanunsuz hadisədə qolu olan şəxsləri araşdırar və vəzifədən kənarlaşdırardı. Mədəniyyət Nazirliyi bağçanı qanunsuz şəkildə açıb və qanunsuz şəkildə də bağlayıb. Əslində Mədəniyyət Mərkəzinin qanunsuz uşaq bağçasına çevrilməsi böyük bir cinayət işidir. Bu gün bütün dövlət qurumları, polis, prokurorluq, hətta nazirlikdən daha yuxarı səviyyədə olan qurumlar məsələ ilə bağlı ciddi araşdırma aparmalıdırlar. Allaha şükürlər olsun ki, orada saxlanılan uşaqlara heç nə olmayıb. Bağçada uşaqlara dərs deyən müəllimlərin kimliyi məlum deyil. Heç bir psixoloji yoxlanışdan keçməyiblər. Sual olunur ki, həmin müəllimləri ora kim buraxıb? Məlum oldu ki, bağçanı açan şirkətin hüquqi qeydiyyatı belə yox imiş. Bəs bağçanın aşbazı kimdir? Orada uşaqlara verilən yeməklər haradan gəlib? Kimlər tərəfindən hazırlanılıb? Şəhərdə adi bir dönərxana açılanda nə qədər qurumdan yoxlama gəlir və sənədləşdirlir. Nə olsun ki, bu hadisələr Bakının kənarında olan Qaradağ rayonu ərazisində baş verib. Qaradağ xarici ölkə deyil ki, ora heç bir yoxlama getməsin. Qeyd etdiyim faktların hamısını yoxlamaq lazımdır. Görünür ki, Mədəniyyət Mərkəzini bağçaya çevirən insanlar özbaşnalıq edib. Heç kimdən və heç nədən qorxmurlar".
 
Xalq artisi Qızıldaş Mədəniyyət Mərkəzinin direktoru və mədəniyyət nazirliyi tərəfindən qazilərin şikayətlərinə baxılmaması ilə bağlı millət vəkillərinə çağırış edib:
 
“Bu gün xalqın gözü qarşısında mədəniyyətimizin inkişafı üçün dövlət büdcəsindən maliyyələşən binalar Mədəniyyət Nazirliyi tərəfindən icarəyə verilir. Qanunsuz bağça açanlar vəzifədə saxlanılırsa, nazirlik çıxıb açıqlama versin ki, biz öz mədəniyyətimizi icarəyə veririk. Bununla da söhbət bitsin. Heç kim də şikayətçi olmasın. Lakin mövcud qanunvericiliyimizin tələblərinə görə bu gün Mədəniyyət Mərkəzinin bağça kimi icarəyə verilməsi qanun pozuntusudur. Qanunlara əməl etməyənlər qanun qarşısında cavab verməlidir. Bu baxımdan mən bütün millət vəkillərimizə səslənirəm ki, Mədəniyyət Mərkəzində qanunsuz bağça biznesi quraraq qanunu pozan direktorun işi parlamentdə müzakirə edilsin. Qazilərimizin haqlı şikayətlərinə cavab verilsin. Millət vəkilləri xalqın gözü önündə mədəniyyətimizin məhv olunmasına icazə verməməlidirlər. Milli Opera və Balet teatrında baş verən hadisələrə biganə yanaşmamalıdırlar. Mədəniyyət Mərkəzindəki bağça ilə bağlı şikayət verən qazimiz və eləcə də tearımızın qazisi Atəş Qarayev özləri üçün heç nə istəmirlər. Yeganə istədikləri şey qanunları pozan və milli mədəniyyətimizi məhvə aparan kadrların rəhbərlikdən kənarlaşdırılmasıdır.O oğullar ki, vətənin dar günündə öz canlarını ortaya qoyublar, bu gün onların haqq səsini eşitmək hamının borcudur. Mən özüm də, ikinici Qarabağ müharibəsi başlayan kimi vətənə qayıtdım. Müharibədə iştirak etmək istədim, amma yaşıma görə məni müharibəyə aparmadılar.Mədəniyyətlə bağlı şikayəti olan adamlar ilk növbədə bu sahədə icraedici orqan olan mədəniyyət nazirliyinə yaxınlaşmalıdırlar. Bu gün ora elə bir hala gəlib ki, yaxınlaşıb şikayət edən hər kəsə problem yaradılır.Atəş Qarayev nazirliyə şikayət verib ki, teatrda yaranmış problemlər həll olunsun. Əksinə olaraq nazirlikdən çıxan kimi Opera və Balet teatrının direktoru onu çağıraraq öz otağında hədələyib.Şikayətçilərin orada verdiyi şikayət həmin dəqiqə direktorlara çatdırılır ki, özlərini daha yaxşı müdafiə etsinlər. Bir sözlə qazilərin şikayətlərinə baxılmaq əvəzinə qanunu pozanların yeri möhkəmlədilir.Bu barədə hər yerdə yazılıb, amma heç kim reaksiya vermir.”
 
Избранный
16
moderator.az

1Источники