RU

Səfir: İstərdim ki, azərbaycanlı futbolçuların Braziliyada hazırlıq keçməsi üçün mübadilə proqramları təşkil olunsun MÜSAHİBƏ

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İdmana marağınız hansı səviyyədədir?

- Bəli, mən idman növləri ilə maraqlanıram. Biz braziliyalılar idmana çox bağlıyıq. Hətta desəm ki, idmanın dəlisiyik, yanılmaram. Mən əsasən Azərbaycan Kapoeyra Federasiyasını izləyir və onlarla əməkdaşlıq edirəm. Təbii ki, Braziliya ciu-citsu sahəsini də diqqətdə saxlayıram.

- Azərbaycan futbolu haqqında nə bilərsiniz?

- Hazırda burada çoxlu sayda braziliyalı futbolçu çıxış edir və ümid edirəm ki, onların sayı daha da artacaq. Həmçinin arzulayıram ki, gənc azərbaycanlı futbolçuların Braziliyada hazırlıq keçməsi üçün mübadilə proqramları təşkil olunsun. Bizim Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq sazişimiz var və məqsədimiz birgə fəaliyyət göstərməkdir. Bir-birimizə dəstək olmalı və əməkdaşlığı gücləndirməliyik.

- Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən “Qarabağ”ın oyunlarını izləyirsiniz? Nəzərə alaq ki, bu komandada da braziliyalı futbolçular çıxış edirlər...

- Mən hər hansı bir komandaya azarkeşlik edə bilmərəm. “Sabah” klubunu da izləyirəm, digər komandaları da diqqətdə saxlayıram. Amma “Qarabağ” həqiqətən çox yaxşı formadadır. Mən Ağdam klubunun ilk dəfə beynəlxalq arenada çıxış etdiyi dövrlərin də şahidi olmuşam.

- Sizcə, bu il futbol üzrə dünya çempionu hansı ölkənin yığması olacaq?

- Əlbəttə, Braziliya millisi qalib olacaq. Buna heç bir şübhəm yoxdur.

- Ölkəmizdəki həyat tərziniz necədir?

- Burada keçirdiyim illər mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan böyük xoşbəxtlik və çox dəyərli təcrübə olub.

- Yerli oyunçularımız barədə fikirləriniz maraqlı olardı...

- Burada futbolçuların nizam-intizamını xüsusilə yüksək qiymətləndirirəm. Onların qaydalara hörmətini çox bəyənirəm. Bəzən hətta həddindən artıq qaydalara bağlı olurlar, amma futbol yalnız qaydalardan ibarət deyil. Bununla belə, görürəm ki, onlar taktiki sxemlərə ciddi yanaşır, intizamlı oynayır və hakimlərin qərarlarına hörmət edirlər. Bu isə gənclər üçün çox yaxşı nümunədir. Peşəkar futbolçuların həm oyunun qaydalarına, həm də hakimlərə hörmət etməsi çox vacibdir.

- Braziliyada məşhur futbolçular arasında dostlarınız varmı?

- Mən şəxsən futbolçularla yaxın dost deyiləm, amma həyat yoldaşım Bakıda təşkil edilən COP-29 zamanı dünya ulduzu Ronaldinyo ilə görüşüb və onunla selfi çəkdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
icma.az

4Источники