Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan səhiyyəsində icbari tibbi sığorta modelinin mərhələli şəkildə tətbiqi artıq sistemin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Prezident İlham Əliyevin imzaladığı Fərman bu sahədə idarəetmə mexanizminin yenilənməsi və funksional bölgünün daha da dəqiqləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Yeni model çərçivəsində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə TƏBİB-in səlahiyyətlərinin ayrılması səhiyyə sistemində “alıcı–təminatçı” prinsipinin daha aydın və effektiv formada tətbiqinə şərait yaradır. Ümumilikdə bu islahatlar Azərbaycanda səhiyyənin yalnız xidmət sahəsi deyil, eyni zamanda güclü sosial dövlət modelinin əsas dayaqlarından biri kimi inkişaf etdirilməsinə xidmət edir.
Azərbaycanda aparılan səhiyyə islahatlarını Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri ilə şərh etmək istədim. Bu səbəbdən Milli Məclisin saytına daxil olub, şəxsi telefon nömrələri məndə olmayan deputatların köməkçiləri ilə əlaqə saxladım.
Deputat İlham Məmmədovun köməkçisi bildirdi ki, deputat son zamanlar müxtəlif tədbirlərlə məşğul olduğu üçün mətbuatdan kənardadır və bu müddətin hələ 3 həftə davam edəcəyi qeyd olundu: “Mənə deyib ki, ancaq AZTV-dən müraciət daxil olsa, xəbər edərsən. Mən yenə Sizin müraciətinizi deputata çatdıraram”.
Bəzi deputatlar təkcə AZTV-yə açıqlama verməklə öhdəliklərini yerinə yetirdiklərini düşünürlər.
Daha sonra Kəmaləddin Qafarovun köməkçisi ilə əlaqə saxlayıb şərh istədim. Həddindən artıq mədəni və səmimi danışan köməkçi bildirdi ki, o, Milli Məclisin əməkdaşıdır və seçicilərlə bağlı, xüsusilə Binəqədi və Rəsulzadə qəsəbələri ilə bağlı sualları məmnuniyyətlə cavablandıra bilər.
“Bəs deputatla necə əlaqə saxlayım?” sualına isə “onu bilmirəm” deyə cavab verdi.
Deputat Soltan Məmmədovun köməkçisi isə bildirdi ki, səhiyyə islahatları ilə bağlı deputatın şərhi “Azərtag”, “Oxu.az” və bir neçə TV kanalına göndərilib.
Deputat Günay Əfəndiyevanın köməkçisinə və deputat Rafailov Anatoliy Xaimoviçin köməkçisinə yazdığım mesaja cavab ala bilmədim. Səhiyyə komitəsindən yalnız deputat Müşfiq Məmmədli göndərdiyim suallara “oldu” deyərək cavab verdi.
Prezidentin fərmanı ilə, səhiyyə islahatları ilə bağlı məqalə hazırlamaq istəyirik. Ölkədə can verməkdə olan səhiyyənin yaşayacağına ümidləri artırmaq üçün Səhiyyə Komitəsinin üzvləri ilə danışmaq istəyirik. Yoxdurlar.
Bəzisi mətbuatda ayrı-seçkilik edir. Bu şəxslər üçün mətbuat dövlət mediasından ibarətdir. Bəziləri ancaq öz himayəsində olan mediaya məlumat verir. Bəzisi isə, əstəğfurullah, özünü Allah hesab edib əlçatmazı oynayır.
Yadımdadır keçən dəfə vitse-spiker demişdi ki, Milli Məclisin adını dəyişib Millət Məclisi qoyaq. Axı orada millət vəkilləri var — “millət vəkilləri”…
Düzdür, Milli Məclisdə daim suallarımızı cavablandıran deputatlarımız da var — Azər Allahverənov, Azər Badamov, Nəsib Məhəməliyev, Vüqar İskəndərov, Razi Nurullayev, Elçin Mirzəbəyli, Rizvan Nəbiyev və sair. Bu deputatların fəaliyyəti də göz önündədir.
Yəni belə çıxır ki, Milli Məclisdə adı olub özü olmayanların fəaliyyəti də sual altına düşür. O zaman biri mənə desin: niyə orada mandat tutublar? Hansı səbəbə?
İradə Cəlil, bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.