ain.az, Redaktor.az saytına istinadən bildirir.
Son günlər mətbuatda və sosial şəbəkələrdə yazılanlara görə, Azərbaycanda evlilik zamanı xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək 10-20 min manat mənəvi təzminat tələb edə bilər.
Bəs bu nə dərəcədə düzgündür? Qanunvericilikdə belə bir məsələ nəzərdə tutulubmu?
Vəkil Etibar Qarayev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər və arvad qarşılıqlı sədaqət və hörmət prinsiplərinə riayət etməlidir:
"Lakin xəyanət dediyimiz anlayış hüquqi anlayış olaraq Ailə Məcəlləsində öz əksini tapmayıb. Buna görə də bəzən boşanma halları olduqda və qarşı tərəflərdən biri digər tərəfi xəyanətlə ittiham etdikdə, həmin nikahdan doğulmuş uşağın həmin iddia olunan valideyndə qalmaması üçün bu hal təkbaşına əsas hesab edilmir. Yəni tərəflərdən birinin digər tərəfi xəyanətdə ittiham etməsi uşağın digər valideyndə qalmasına mane olan yetərli hüquqi əsas deyil.
Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün aliment tutulması tələbinə dair işlərə baxılarkən məhkəmələr Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarını rəhbər tuturlar. Həmin qərara əsasən, uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisələr həll olunarkən uşağın üstün mənafeyi əsas götürülür. Bu zaman uşağın fikri, yaşı, valideynlərinə bağlılığı, münasibəti, həmçinin valideynlərin mənəvi və digər şəxsi keyfiyyətləri nəzərə alınan əsas amillərdəndir. Əsas məsələ uşağın gələcək psixoloji inkişafına və tərbiyəsinə mənfi təsir edə biləcək halların qiymətləndirilməsidir. Bu hallarda məhkəmə uşağın digər valideyndə qalması barədə qərar qəbul edə bilər".
Müsahibimiz vurğuladı ki, həyat yoldaşının xəyanətinə məruz qalmış şəxsin mənəvi təzminat kimi 10–20 min manat arası məbləğ tələb etməsi ilkin baxışda hüquqi baxımdan dəqiq müəyyən olunmuş bir fikir deyil:
"Azərbaycan qanunvericiliyinə əsasən mənəvi zərər üzrə iddialarda əvvəlcədən müəyyən edilmiş sabit məbləğ mövcud deyil. Mənəvi zərər məhkəmə tərəfindən müəyyən edilir və zərərin həcmi, iddianın əsaslandırılması, şəxsin çəkdiyi mənəvi iztirablar hərtərəfli araşdırılır və buna uyğun qərar verilir.
Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarına əsasən, valideyn və uşaqların şəxsiyyət hüquqları pozulduqda həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb oluna bilər. Lakin bu məbləğin əvvəlcədən 10 min və ya 20 min manat kimi müəyyən edilməsi düzgün deyil və bu, məhkəmənin qiymətləndirməsindən asılıdır. Sözügedən Plenum qərarına əsasən, valideynlik hüquqlarından sui-istifadə edən, uşağın mənafeyinə zidd hərəkətlərə yol verən, onun mənəvi və psixoloji inkişafına zərər vuran valideynlərin hərəkətləri hüquqi məsuliyyət yaradır. Belə hallarda uşağın şəxsiyyət hüquqları pozulmuş hesab edilir və ona mənəvi zərər vurulduğu qəbul oluna bilər. Bununla belə, mənəvi zərərin məbləği konkret olaraq işin hallarına uyğun şəkildə məhkəmə tərəfindən müəyyən edilir və əvvəlcədən proqnozlaşdırılması mümkün deyil".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.