RU

Tramp ABŞ-nin rekord müdafiə büdcəsini təqdim edib

2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq plan hərbi xərclərdə son onilliklərin ən böyük artımlarından biri sayılır...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump 2027-ci maliyyə ili üçün ölkənin müdafiə büdcəsini 1,5 trilyon dollar həcmində təklif edib. Reuters agentliyinin yaydığı məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 40 faizdən çox artım deməkdir və ABŞ-nin müasir tarixində ən iri yüksəlişlərdən biri hesab olunur.

Məlumata əsasən, büdcənin 750 milyard dollardan çox hissəsinin yeni silahların hazırlanmasına və alınmasına yönəldilməsi planlaşdırılır. Prioritet istiqamətlər sırasında qabaqcıl silah sistemləri, yüksək texnologiyalı döyüş vasitələri və strateji üstünlük təmin edəcək yeni layihələr yer alır.

Sənəddə hərbi-dəniz qüvvələrinin genişləndirilməsi xüsusi yer tutur. Belə ki, onlarla yeni döyüş gəmisi və sualtı qayığın inşası nəzərdə tutulur. Bununla yanaşı, Lockheed Martin F-35 Lightning II qırıcıları üzrə investisiyaların davam etdirilməsi, həmçinin növbəti nəsil döyüş təyyarələrinin hazırlanması üçün vəsait ayrılması planlaşdırılır.

Büdcədə “Qızıl Günbəz” adlandırılan raketdən müdafiə sisteminin maliyyələşdirilməsi də əksini tapıb. Həmin layihənin ABŞ ərazisinin mümkün raket təhdidlərindən qorunmasına yönəldiyi bildirilir.

Eyni zamanda, pilotsuz uçuş aparatları, süni intellekt texnologiyaları, döyüş sursatı ehtiyatları və hərbi infrastruktur üzrə xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Plan çərçivəsində hərbi qulluqçuların maaş təminatının yüksəldilməsi, gəmiqayırma zavodları və kritik resursların hasilatı kimi sənaye sahələrinin gücləndirilməsi də prioritetlər sırasındadır.

Müşahidəçilərin fikrincə, bu büdcə layihəsi Vaşinqtonun qlobal rəqabət, böyük güclər arasında qarşıdurma və uzunmüddətli təhlükəsizlik strategiyasına uyğun şəkildə hərbi imkanlarını sürətlə artırmaq niyyətini göstərir.

Poliqon.info

Избранный
88
50
poliqon.info

10Источники