RU

Fitso, Babiş, Radev: Aİ-də Orbanın əsas narahatlıq yaradan rolunu kim miras alacaq?

Aİ Ukrayna üçün milyardlarla avroluq kredit mübahisəsində irəliləyiş astanasındadır. Lakin Budapeştdə hakimiyyət dəyişikliyi bütün problemləri həll etmir...

Müəllif: Folker Pabst
Neue Zürcher Zeitung nəşri, Almaniya

Aİ-nin Ukrayna üçün 90 milyard avroluq krediti ətrafında yaşanan dartışma Viktor Orban dövründə Macarıstanın əngəlləyici siyasətinin bariz nümunəsi, həmçinin Budapeştlə Kiyev arasında ciddi zədələnmiş münasibətlərin simvoludur. Orban əvvəlcə maliyyə yardımına, Macarıstanın bu prosesdə iştirak etməməsi şərti ilə razılıq vermişdi, lakin sonradan vəsaitin ayrılmasını yenidən blokladı.

Əsas arqument kimi “Drujba” boru kəməri ətrafındakı mübahisədən istifadə olunurdu. Macarıstan xüsusi istisna sayəsində bu xəttlə Rusiya nefti idxal edir. Orban Ukraynanı Rusiyanın zərbəsi nəticəsində zədələnmiş kəmərin təmirini qəsdən uzatmaqda ittiham etdi. Kiyev isə istehzalı cavab verdi ki, Ukraynanın düşməninin Rusiyadan neft almasına şərait yaratmaqdan daha vacib prioritetləri var.

Qərar artıq bu həftə qəbul ediləcək

Lakin Orbanın rəqibi Peter Macarın seçkilərdə inamlı qələbəsindən sonra çox şey dəyişib. Müxalif siyasətçi hələ seçkilərdən əvvəl bildirmişdi ki, qalib gələcəyi təqdirdə Macarıstan vetosunu ləğv edəcək. Hətta Orban özü də qəfil kompromisə hazır olduğunu göstərdi. Gedən baş nazir bildirib ki, əgər həmin vaxta qədər boru kəməri ilə yenidən neft axını bərpa olunarsa, Macarıstan çərşənbə günü Aİ səfirlərinin görüşündə kreditə razılıq verəcək.

Volodimir Zelenski indiyədək kəmərin fəaliyyətinin aprelin sonuna qədər bərpa olunacağını bildirirdi. Buna baxmayaraq, Aİ-də nikbinlik hökm sürür və problemə elə bu həftə, Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulu ilə eyni vaxtda son qoyulacağı gözlənilir. Bu, cümə axşamı Nikosiyada keçiriləcək qeyri-rəsmi sammit ərəfəsində Aİ-nin xarici siyasətdə fəaliyyət qabiliyyətinə mühüm siqnal olardı.

Dost deyil, amma düşmən də deyil

Təbii ki, bununla Budapeştlə münasibətlərdə bütün problemlər aradan qalxmayacaq — nə Brüssel, nə də Kiyev üçün. Peter Macar hakimiyyətində belə Macarıstan rahat tərəfdaş olmayacaq. Gələcək baş nazir də Orban kimi Macarıstanın Kiyevə silah göndərməsini rədd edir və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxır.

Onun Rusiya nefti məsələsində mövqeyi də prinsipial olaraq Orbandan fərqlənmir. Bazar ertəsi o bildirib ki, “Drujba” boru kəməri ətrafındakı mübahisə oyun deyil. O, Ukraynadan Rusiyadan tədarükə mümkün qədər tez yenidən icazə verməsini gözləyir. Kreml isə bunu dərhal məmnuniyyətlə qarşılayıb və Rusiyanın buna hazır olduğunu vurğulayıb. Hər şey yalnız Ukraynadan asılıdır.

Lakin görünür, Macarın hakimiyyəti dövründə Orban tipli şantaj siyasətinin davam etməsi təhlükəsi aradan qalxır. Gələcək hökumət başçısı Brüssellə münasibətləri bərpa etmək və Orbanın Moskva ilə xüsusi əlaqələrinə son qoymaq niyyətindədir. Bundan Ukrayna da faydalanır. Kiyevdə səslənən mövqe belədir: “Macarıstan bəlkə də dostumuz deyil, amma artıq düşmənimiz də deyil”.

Orbanın yerini kim tutacaq?

Sual yaranır ki, gələcəkdə Aİ ölkələrindən başqa bir baş nazir Brüsselin bədənində daimi tikan rolunu üzərinə götürəcəkmi? Slovakiyanın baş naziri Robert Fitso və onun çex həmkarı Andrey Babiş Macarıstan baş nazirinin müttəfiqləri olublar. Bolqarıstanın gələcək baş naziri sayılan Rumen Radev isə müharibənin əvvəlindən Ukraynaya fəal dəstəyə qarşı çıxıb.

Fitso, ehtimal ki, Moskva ilə yaxınlığı qoruyacaq. O, may ayında nasist Almaniyası üzərində qələbəyə həsr olunmuş Rusiya tədbirlərində iştirak etməyi planlaşdırır. Lakin ora yalnız dolayısı marşrutla gedə bilər. Baltik ölkələri onun öz hava məkanlarından istifadəsinə icazə verməyib.

Macarıstan seçkilərindən əvvəl Fitso eyham vurmuşdu ki, Orban uduzarsa, lazım gəlsə Ukraynaya qarşı təkbaşına çıxış edəcək. Alman Xarici Siyasət Cəmiyyətinin Mərkəzi və Şərqi Avropa üzrə eksperti Milan Niç bunu boş sözlər hesab edir. “Fitso Komissiya ilə real qarşıdurmaya gedə bilməz. Ona Aİ pulları lazımdır”.

Praqmatik Babiş

Orban və Fitso kimi, çex siyasətçi Babiş də ölkəsinin Ukrayna üçün milyardlarla avroluq kreditdə iştirak etməməsinə nail olub. Bununla yanaşı, o, sələfinin “sursat təşəbbüsü”nə münasibətdə praqmatik davranıb. Həmin təşəbbüs çərçivəsində Kiyev silah alır. Əvvəlki bəyanatların əksinə olaraq, o, bu təşəbbüsü dayandırmayıb.

“Babiş prorusiya koalisiya tərəfdaşının maraqlarını nəzərə almağa məcburdur”, – deyə Niç bildirib. “Amma mahiyyət etibarilə o, ideoloji deyil, opportunistdir. Çex pullarının Ukraynaya xərclənməsini istəmir. Qalan hər şey ona fərqsizdir”.

Radevin gələcək siyasəti barədə hələ yalnız ehtimallar irəli sürmək olar. Bolqar şərhçilər keçmiş Hərbi Hava Qüvvələri generalı haqqında danışarkən onu beynəlxalq həmkarlarından daha ehtiyatla “prorusiya” adlandırırlar. Daha çox söhbət Qərblə Rusiya arasında bərabər məsafə saxlayan siyasətdən gedir ki, bu da Bolqarıstanın təhlükəsizlik strukturlarında ənənəvi yanaşmadır.

NATO və Aİ üzvü olan ölkə üçün bu yenə də müəyyən münaqişə potensialı yaradır, lakin onu avroatlantik strukturlarda “Troya atı” kimi təqdim edən yanaşmanı bir qədər zəiflədir. Üstəlik, daxili siyasi məhdudiyyətlər də var. Müdafiə sənayesinin iqtisadiyyat üçün əhəmiyyətini nəzərə alaraq, Radevin Ukraynaya hərbi məhsul ixracını dayandıra biləcəyi şübhə doğurur.

Sağ populist düşərgədə lider yoxdur

Milan Niç hesab edir ki, Aİ Viktor Orbansız başqa cür olacaq.

“Mən daxili və xarici siyasətdə Brüsselə onun qədər sistemli şəkildə qarşı çıxacaq qədər güclü birini görmürəm. Buna görə də avroskeptik düşərgə üçün təbii lider fiquru yoxdur”, deyə Niç qeyd edib. 

Sloveniyada bu həftə seçkilərin qalibi, sol-liberal Robert Qolobun hökumət qurmaq danışıqları uğursuzluqla nəticələnib. Sağ populist və Orbanın yaxın müttəfiqi Yanez Yanşanın hakimiyyətə qayıdışı istisna edilmir. Lakin NATO-nun qızğın tərəfdarı və Ukraynanı dəstəkləyən Yanşa Fitso kimi fiqurlardan xeyli uzaqdır.

Rumıniyada isə koalisiya tərəfdaşlarından birinin ayrılmasından sonra dörd avropapərəst partiyadan ibarət hökumət dağılmaq riski ilə üzləşib. Yeni seçkilərdən sonra ultramillətçi AUR partiyası olmadan ölkəni idarə etmək daha da çətinləşə bilər. Sorğularda bu partiya son vaxtlar 40 faiz dəstək toplayıb.

İslahatlara təzyiq zəifləyir

Aİ-də sağ populist düşərgə güclü olaraq qalır. Lakin Orbansız o, daha parçalanmış görünür. Ekspert Niç hesab edir ki, bu şəraitdə Brüssel yaxın vaxtlarda əvvəlki kimi bloklayıcı manevrlərdən daha az ehtiyat etməli olacaq. Lakin bununla yanaşı, islahatlara təzyiq də yox olur. Çoxluq səsverməsi və veto hüququ ilə bağlı müzakirələr həmişə dolayı şəkildə Macarıstan ətrafında gedirdi. Seçkilərdən sonra artıq bundan danışan yoxdur. “Amma Aİ fəaliyyət qabiliyyətini qorumaq üçün Orbansız da dəyişməlidir”.

Poliqon.info

Избранный
48
50
poliqon.info

10Источники