RU

Alternativ nəqliyyat sistemində problem yaranıb

Ötən gün metro xətlərində yaranan müvəqqəti fasilə sıxlıq yaradıb. Mövcud vəziyyət ictimai nəqliyyat sisteminin fövqəladə hallara hazırlığı məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlama verib.

A.Nəbiyevin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, alternativ ictimai nəqliyyat sistemi fövqəladə hallara operativ və sistemli reaksiya vermək baxımından hələ də tam yetkin səviyyədə deyil və bu sahədə ciddi yenilənməyə ehtiyac var.

Metroda yaranan qısamüddətli fasilənin belə şəhər üzrə geniş sıxlığa səbəb olması onu göstərir ki, avtobus şəbəkəsi, marşrut planlaması və real vaxtda idarəetmə mexanizmləri bu cür pik yüklənmələrə hazır deyil.

Ekspert vurğulayıb ki, əslində, inkişaf etmiş nəqliyyat sistemlərində metroda problem yaranan kimi alternativ marşrutlar dərhal gücləndirilir, əlavə avtobuslar xəttə buraxılır, interval minimuma endirilir və sərnişinlərə mobil tətbiqlər, elektron tablolar və media vasitəsilə operativ məlumat verilir.

Bizdə isə bu proseslər ya gecikir, ya da koordinasiyalı şəkildə həyata keçirilmir. Bunun əsas səbəbləri arasında vahid nəqliyyat idarəetmə mərkəzinin effektiv işləməməsi, ehtiyat nəqliyyat parkının məhdudluğu, sürücülərin və dispetçer xidmətinin fövqəladə ssenarilər üzrə yetərli təlim keçməməsi və rəqəmsal idarəetmə alətlərinin tam tətbiq olunmaması dayanır.

Adil Nəbiyev qeyd edib ki, bu baxımdan çıxış yolu kimi avtobus şəbəkəsinin dinamik idarə olunması, xüsusi “ehtiyat marşrut” planlarının hazırlanması, pik saatlar üçün çevik nəqliyyat ehtiyatının yaradılması, həmçinin real vaxt məlumatlandırma sistemlərinin genişləndirilməsi vacibdir.

Paralel olaraq, metro, avtobus və digər nəqliyyat növləri arasında inteqrasiya daha yüksək səviyyəyə qaldırılmalı, fövqəladə hallarda avtomatik işə düşən koordinasiya mexanizmləri qurulmalıdır.

Əks halda, hər hansı texniki nasazlıq və ya qəza zamanı şəhər nəqliyyatı yenidən eyni xaotik vəziyyətlə üzləşəcək.

Piranə Xasiyeva

Избранный
94
qht.az

1Источники