ain.az, Gununsesi saytına istinadən bildirir.
Hesablama Palatası Ağdam, Füzuli və Xocavənd üzrə Bərpa Xidmətində ciddi nöqsanlar aşkarlayıb
Gununsesi.info-nun xəbərinə görə, Hesablama Palatasının 2025-ci il üzrə iş planına və Kollegiyanın 24 sentyabr 2025-ci il tarixli qərarı ilə təsdiqlənmiş proqramına uyğun olaraq, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdə dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi və idarə edilməsi üzrə audit aparılıb.
Audit nəticələrinə əsasən, 2024-cü ildə ayrılmış məqsədli büdcə vəsaitləri və dövlət əmlakının satışından əldə olunan, lakin istifadə edilməmiş vəsaitlər nəzərə alınmadan 2025-ci il üçün bağlanmış müqavilələr üzrə maliyyələşmənin azaldılması təmin edilməyib. Bu isə maliyyə planlaşdırmasında uyğunsuzluqlara yol açıb.
Yoxlama zamanı xidmətin səlahiyyətlərinə aid olmayan sahələrə vəsait yönəldilməsi, əməkhaqqı üzrə artıq ödənişlər və mühasibat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi kimi nöqsanlar aşkar edilib. Bu hallar maliyyə əməliyyatlarının vaxtında uçota alınmamasına və vergi qanunvericiliyinə əməl olunmamasına şərait yaradıb.
Bundan əlavə, tikinti layihələrinin icrasında da ciddi pozuntular qeydə alınıb. Dövlət ekspertizasından keçmiş layihələrdə iş həcmlərinin faktiki icradan fərqli şəkildə göstərilməsi, smeta sənədlərində artıq və ya əskik göstəricilərin yer alması və mühəndis-geoloji hesabatların düzgün əks olunmaması kimi hallar aşkarlanıb. Bu da satınalma xərclərinin əsassız artmasına səbəb olub.
Audit həmçinin göstərib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılmış vəsaitlərin idarə olunmasında səmərəsizliklər mövcuddur. İstifadə olunmayan vəsaitlərin bank hesablarında saxlanılması və aşağı faizli depozitlərə yerləşdirilməsi nəticəsində potensial gəlirlilikdən tam istifadə edilməyib.
Hesablama Palatası maliyyə intizamının gücləndirilməsi, artıq ödənişlərin bərpası, satınalma prosedurlarına ciddi riayət olunması, tikinti və planlaşdırma işlərində normativ tələblərə əməl edilməsi və dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması ilə bağlı bir sıra tövsiyələr verib.
Maqsud
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.