RU

Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü

Yazını böyüt
Yazını kiçilt

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin təşkilatçılığı ilə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Hafta.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov bu faciənin tarixindən, Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakından danışıb. Bildirib ki, Çernobıl faciəsinin nəticələri Azərbaycana da ciddi təsir göstərib. Bu faciədən sonra 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib. Faciənin nəticələrinin aradan qaldırılması üçün 8500-dən artıq azərbaycanlı prosesə cəlb olunub.

O, həmçinin deyib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2021-ci ildən bu günə qədər Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 450-dən çox şəxs evlə təmin olunub.

Tədbirdə çıxış edən digər natiqlər də vurğulayıblar ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daim diqqət və qayğı göstərilir.

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-in 4-cü enerji blokunda yanğın baş verib. “XX əsrin faciəsi” adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. Partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində ümumilikdə 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, 10 minlərlə insan isə sonsuz qalıb. Faciənin ilk dövrlərində - 1986-1987-ci illərdə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına 7 mindən çox Azərbaycan vətəndaşı cəlb olunub. Faciədən ötən müddət ərzində 2500-dək insan səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Sağ qalanlar isə xilasetmə işləri zamanı aldıqları şüalanmadan əziyyət çəkirlər.

Избранный
43
1
hafta.az

2Источники