Avropa İttifaqı ölkələrinin səfirləri Macarıstan və Slovakiya tərəfindən qoyulan vetoların qaldırılmasından sonra Kiyevə 90 milyard avro kredit ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdırıblar.
Oxuməni.az TASS-a istinadla xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqı Şurasına sədrliyi həyata keçirən Kiprin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, kreditin və yeni sanksiyalar paketinin təsdiqlənməsi barədə qərar səfirlər səviyyəsində qəbul edilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya neftinin "Drujba" neft kəməri vasitəsilə Ukrayna ərazisindən Macarıstan və Slovakiyaya tranziti bərpa olunub.
Xatırladaq ki, fevral ayında Belçikadakı sammitin nəticələrinə əsasən, Aİ-nin 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro maliyyələşdirmə ayırması barədə razılığa gəldiyi məlum olub.
Avropa Komissiyasının təklifinə əsasən, 2026-cı il dekabrın 31-dək Ukraynaya 45 milyard avro ayrılması planlaşdırılırdı, 90 milyard avroluq paketin qalan hissəsi isə 2027-ci il üçün nəzərdə tutulmuşdu.
Lakin Macarıstan və Slovakiya Aİ sammitinin qərarını dəstəkləmədi. Macarıstanın Baş naziri Viktor Orban, Ukrayna "Drujba" neft kəmərinin işini bərpa edənə qədər vetonu saxlayacağı ilə hədələmişdi.
Bu gün məlum olub ki, Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən əsas qadağanı – Rusiyadan neftin nəql edilməsinə qadağanı çıxarıb.
Hələ dekabrın ortalarında bildirilmişdi ki, Aİ-nin yeni 20-ci sanksiyalar paketi Rusiyanın enerji resursları ixracından gələn gəlirlərini azaltmaq və mövcud məhdudiyyətlərin pozulmasını çətinləşdirmək məqsədi daşıyır. Noyabrın sonunda KİV-lər 20-ci anti-Rusiya sanksiyalar paketinin əsasən mövcud məhdudiyyətlərdəki boşluqların aradan qaldırılmasına yönələcəyini yazıb.
Almaz Həsənli