RU

Daşkənddə “Naxışların dili ortaq mirasın səsi” adlı tədbir təşkil ediləcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın “Hunarmand” Assosiasiyasının birgə təşkilatçılığı ilə Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı tədbir keçirəcək.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın zəngin dekorativ-tətbiqi sənət ənənələrini əks etdirən konfrans, ustad dərsləri və sərgi təşkil olunacaq.

Tədbir çərçivəsində “Ornamentlərdə kodlaşmış mədəniyyət” adlı konfransda ornamentlərin semantikası, onların mədəni yaddaşda rolu, milli ənənələrin qorunması və nəsildən-nəslə ötürülməsi məsələləri müzakirə ediləcək. Eyni zamanda, proqram çərçivəsində “Ornamentin dili” adlı ustad dərslərində Azərbaycan dekorativ-tətbiqi sənətinə aid şəbəkə sənəti, həndəsi ornamentlər, eləcə də miniatür və ebru sənəti üzrə təqdimatlar keçiriləcək. Bununla yanaşı, ağac üzərində oyma və keramika sənəti istiqamətləri üzrə praktiki məşğələlər təşkil olunacaq, həmçinin özbək kaşı motivlərinin xüsusiyyətləri nümayiş etdiriləcək və iştirakçılara bu sahələrin incəlikləri əyani şəkildə çatdırılacaq.

Tədbirdə Azərbaycan və Özbəkistanın tanınmış sənətkarları iştirak edərək konfrans, ustad dərsləri və sərgi proqramında öz yaradıcılıqlarını təqdim edəcəklər.

Proqramın ikinci günündə sərginin açılışı baş tutacaq. Sərgidə Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət nümunələri, milli ornamentlər və ənənəvi sənət əsərləri nümayiş olunacaq ki, bu da ortaq mədəni irsin zənginliyini əyani şəkildə əks etdirəcək.

Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblı və “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən musiqili və səhnə proqramı təqdim olunacaq.

Qeyd olunub ki, bu kimi layihələr Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, Türk dünyasının ortaq irsinin qorunması və təbliğinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
azertag.az

2Источники