RU

Mənzil qiymətləri yenidən bahalaşdı

Son günlər kirayə mənzil bazarında qiymət artımı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri deyir ki, qiymətlər sürətlə yüksəlir, digərləri isə yağışlı mövsümdən sonra bazarda müəyyən enmənin başladığını iddia edir. Rəqəmlər isə göstərir ki, kirayə bazarında artım tendensiyası hələ də qalmaqdadır — son məlumatlara görə, qiymətlər ötən illə müqayisədə təxminən 8%-dən başlayaraq bəzi hallarda 13–15%-ə qədər yüksəlib . Xüsusilə paytaxtın mərkəzi və metroya yaxın ərazilərində bu fərq daha qabarıq hiss olunur.

Eyni zamanda, bazarda qısa müddətli dalğalanmalar da müşahidə edilir: mövsümi faktorlar, tələb-təklif balansı və əhalinin hərəkətliliyi qiymətlərə təsir edir. Bəs hazırda real vəziyyət necədir — qiymətlər həqiqətən artır, yoxsa bazar stabilləşməyə doğru gedir? Ən çox artım hansı ərazilərdə hiss olunur və yaxın aylarda kirayə bazarında nə gözlənilir?


post-img

Musavat.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib ki, son dövrlərdə Azərbaycanın daşınmaz əmlak bazarında, eləcə də kirayə seqmentində müşahidə olunan qiymət artımı həm makroiqtisadi, həm də spesifik daxili amillərin sintezi nəticəsində formalaşan bir trenddir və bu artımın real faktlara söykəndiyini rəsmi statistik rəqəmlər də təsdiq edir. Ekspert vurğulayıb ki, mənzil bazarındakı bahalaşma ən kəskin şəkildə paytaxtın nəqliyyat qovşaqları, iri iş mərkəzləri və ali təhsil müəssisələrinin cəmləşdiyi zonalarda qeydə alınır:

“Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında metrostansiyalara yaxın ərazilərdə qiymətlərin ötən illə müqayisədə ciddi fərqləndiyi aydın görünür. Bazarın bu seqmentində təklifin məhdudluğu və tələbin dinamik artımı qiymət indeksini yuxarı çəkən əsas faktordur və bu tendensiya təkcə mərkəzi hissələri deyil, artıq paytaxtın kənar yaşayış massivlərini də öz təsir dairəsinə almağa başlayıb”.

Mənzil bazarının ümumi mənzərəsinə toxunan AQP rəsmisi qeyd edib ki, hazırda bazarda hər hansı qiymət enməsindən deyil, əksinə, dayanıqlı artım tempindən danışmaq daha doğrudur:

“Yağışdan sonra qiymətlərdə ucuzlaşma olacağı ilə bağlı yayılan fikirlər heç bir iqtisadi modelə və bazar reallığına əsaslanmır. Çünki inşaat materialları bazarındakı qiymət artımı, habelə şəhərsalma standartlarının sərtləşdirilməsi mənzilin maya dəyərini artıran faktorlardır. Yaxın aylar üçün bazarda kəskin qiymət azalması gözlənilmir. Əksinə, yeni infrastruktur layihələrinin icrası və köhnə yaşayış binalarının yenilənməsi prosesi fonunda qiymətlərin mövcud yüksək həddini qoruyacağı və ya inflyasiya dərəcəsinə uyğun olaraq cüzi artım nümayiş etdirəcəyi proqnozlaşdırılır”.

Qiymət artımının daxili səbəblərini analiz edən mütəxəssis bildirib ki, daşınmaz əmlakın hələ də ən etibarlı və yüksək rentabelli investisiya aləti kimi qalması bazardakı təzyiqi artırır:

“Bir çox investorların sərbəst vəsaitlərini qorumaq məqsədilə çox sayda mənzil alaraq onları kirayə bazarına yönəltməsi, nəticə etibarilə həm satış, həm də kirayə qiymətlərinin süni və təbii artımına rəvac verir. Bununla yanaşı, 2026-cı ilin cənab prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsi bu sektora dövlət səviyyəsində strateji yanaşmanın göstəricisidir. Şərqi Zəngəzur və Qarabağdakı genişmiqyaslı bərpa işləri ilə yanaşı, Bakı və digər regionlarda şəhərsalma mövzusunun aktuallaşması bazarın perspektiv dəyərini artırır”.


Ekspertin sözlərinə görə, bazarda müşahidə olunan qiymət dinamikasını qiymətləndirərkən etibarlı və institusional mənbələrə istinad etmək xüsusi əhəmiyyət daşıyır: “Bəzən qeyri-rəsmi mənbələr tərəfindən hazırlanan və metodoloji əsaslandırması aydın olmayan hesabatlar ictimai rəyə təsir etməyə çalışır, lakin bu cür məlumatlar bazarın real vəziyyətini tam əks etdirmir. AQP tərəfindən hazırlanmış qiymət indeksləri isə mütəmadi (dövri) əsasda hesablanmaqla bazardakı real dəyişiklikləri, tendensiyaları və struktur xüsusiyyətləri obyektiv şəkildə ortaya qoyur. Bu indekslər həm qərarvericilər, həm də investorlar üçün etibarlı analitik baza rolunu oynayır”.

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini xüsusi qeyd edən müsahibimiz vurğulayıb ki, bu cür qlobal tədbirlər və qəbul edilən yeni şəhərsalma standartları Azərbaycanın daşınmaz əmlak sektoruna olan xarici və daxili marağı daha da stimullaşdıracaq:

“Bu da öz növbəsində uzunmüddətli dövrdə qiymətlərin keyfiyyət artımı ilə paralel olaraq yüksəlməsinə səbəb olan mühüm amildir”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
39
musavat.com

1Источники