RU

Avrokomissiya enerji xərclərini və qısamüddətli qiymət dəyişkənliyini azaltmağı hədəfləyən plan hazırlayıb

Bakı, 22 aprel, AZƏRTAC

Avropa İttifaqı (AB) Yaxın Şərqdəki münaqişə fonunda yaşanan enerji böhranına qarşı elektrik enerjisi üzrə vergilərin azaldılması və üzv dövlətlər tərəfindən təbii qaz anbarlarının doldurulmasının əlaqələndirilməsi daxil olmaqla bir çox tədbirin olduğu yeni plan hazırlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyası idxal olunan ənənəvi enerji mənbələrindən asılılığı, enerji xərclərini və qısamüddətli qiymət dəyişkənliyini azaltmağı hədəfləyən “AccelerateEU” planını ictimaiyyətə təqdim edib.

Plana əsasən, Aİ səviyyəsində enerji sektoru daha güclü koordinasiya ediləcək. Qaz anbarlarının doldurulması, strateji neft ehtiyatlarından istifadə, milli fövqəladə tədbirlər, reaktiv yanacaq və dizel tədarükünün təmin edilməsi kimi sahələrdə əməkdaşlıq artırılacaq. Neft emalı zavodlarının istehsal gücü də daxil olmaqla, üzv dövlətlərin fövqəladə tədbirləri sıx əlaqələndiriləcək. Aİ-də nəqliyyat yanacaqlarının istehsalını, idxalını, ixracını və ehtiyat səviyyələrini izləmək üçün yeni mexanizm yaradılacaq. Bu mexanizm potensial yanacaq çatışmazlığının tez bir zamanda aşkarlanmasına və fövqəladə hallarda balanslı yanacaq paylanmasını təmin etməyə imkan verəcək.

Avrokomissiya, həmçinin reaktiv yanacağın artan qiymətlərinin və potensial təchizat çatışmazlığının aviasiya sektoruna təsirini azaltmaq üçün tədbirlər görəcək. Plana vətəndaşlar, sənaye üçün hədəflənmiş, vaxtında və müvəqqəti dəstək tədbirləri də daxildir. Eyni zamanda, üzv dövlətlər üçün ən çox təsirlənən sektorları dəstəkləmək məqsədilə çeviklik təmin edəcək müvəqqəti dövlət yardımı çərçivəsi hazırlanacaq. Digər tərəfdən, Aİ-də təmiz enerjiyə keçidi sürətləndirmək əsas məqsəddir. Bu kontekstdə yayda Elektrikləşdirmə Fəaliyyət Planı elan ediləcək və enerji şəbəkəsini gücləndirmək üçün addımlar atılacaq.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişənin başlaması ilə son 5 ildə ikinci dəfə yaşanan enerji böhranı səbəbindən Avropada həm neft, həm də təbii qazın qiymətləri sürətlə artıb. Aİ fevralın 28-dən bəri enerji, əsasən də ənənəvi enerji mənbələrinin idxalına təxminən 24 milyard avrodan çox vəsait xərcləyib. Bu, həmçinin Aİ ölkələrində reaktiv yanacaq təchizatında çatışmazlıqlara və qıtlıq riskinə səbəb olub. Aİ-nin neft emalı zavodları hazırda reaktiv yanacaq tələbatının təxminən 70 faizini ödəyə bilir. Qalan hissəsi əsasən Yaxın Şərq və Körfəz ölkələrindən idxal olunur. Təchizatdakı fasilələr, eyni zamanda, “köhnə qitədə” reaktiv yanacağın qiymətlərinin ikiqat artmasına və çoxsaylı aviareyslərin ləğvinə səbəb olub.

Избранный
81
36
azertag.az

10Источники