RU

Azərbaycanın Çinlə ticarət dövriyyəsi sürətlə artır

Asiyanın bu nəhəng ölkəsi həm də innovativ yenilikləri ilə diqqət çəkir

Son bir neçə ildə Azərbaycanın ixrac potensialında Asiya ölkələrinin geniş yer tutması diqqət çəkir. İlk növbədə ona görə ki, ölkəmizdə qeyri- neft sektorunun inkişafı zərurət yaratdı ki, Asiya bazarlarında öz yerini möhkəmləndirsin. Yəni, əgər bu gün Avropa Azərbaycanın neft və qaz məhsullarının ixracı üçün ən yaxşı bazardırsa, Asiya isə qeyri-neft sektorunun məhsullarına tələbatın olduğu bazardır. Xüsusilə indi Asiyanın həm ərazi, həm əhali sayına görə ən böyük, eyni zamanda, iqtisadi və hərbi qüdrətinə görə dünyada ikinci yerə sahib olan Çin Xalq Respublikası özünün fövqəlgücünü və liderliyini təsdiq edib.

Bəs Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı nəyə görə önəmlidir? Bu sualı cavablandırmaq üçün ilk növbədə bugünkü Çinin iqtisadi gücünə və hərbi -siyasi nüfuzuna nəzər salmaq lazımdır. Qeyd edək ki, son 20 ildə  Çin iqtisadiyyatı  yüksələn xətlə inkişaf edib. Ölkə hazırda dünya iqtisadiyyatının artımında önəmli rol oynayır. Sənaye istehsalının həcmi üzrə lider mövqedə olan Çin dünya istehsalının beşdən birini təmin edir. Xüsusilə ölkənin sosial-iqtisadi inkişafında orta sinifin rolu durmadan artır. Belə ki,  hazırda ölkədə 900 milyon nəfərlik orta sinif mövcuddur və bu rəqəmin 2030-cu ilə qədər 1,2 milyarda çatacağı gözlənilir. Bu dinamika daxili tələbat bazarının sürətlə genişlənəcəyini təsdiq edir.

Asiyanın bu nəhəng ölkəsi həm də innovativ yenilikləri ilə öyünür. Çin günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısına çevrilmiş, qlobal elektrikli avtomobil satışlarının 65 faizi məhz Çində istehsal edilib. Elmi araşdırmalara çəkilən xərclərə və  uğurlu nəticələrə görə Çin ABŞ-dan sonra ikinci yerdədir. Həmçinin bu gün süni intellekt, biotexnologiya sahələrində də öndədir.

Məhz bu uğurlara rəğmən ölkəmiz Çin kimi böyük bir dövlətlə iqtisadi əlaqələrini daha da genişləndirməyə nail olub. Belə ki, 3 iyul 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə» qəbul olunub. Bu sənədləhər iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək bir-birini prioritet və etibarlı tərəfdaş kimi qəbul ediblər.  Bundan başqa, ölkəmizin başçısının 2025-ci il aprelin 22–24-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə həyata keçirdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərində yeni mərhələnin əsasını qoydu. Səfər strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edib və  Pekində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat» imzalanıb. Sənəd Azərbaycan və Çin arasında münasibətlərin bütün sahələri əhatə edən, yüksək səviyyəli siyasi etimada əsaslanan, daha institusional, sistemli və dərin xarakter daşıyan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsidir. Çin Xəzər dənizinə çıxışı təmin edən dəmir yolu layihələrini, həmçinin Qırğızıstan və Özbəkistan üzərindən keçən yeni dəmir yolu xətlərini maliyyələşdirir və bu istiqamətdə böyük həcmdə sərmayə yatırır. Bu, Xəzər hövzəsi və Azərbaycana yük axınının artmasına şərait yaradır. Mərkəzi Asiya ölkələri ilə birlikdə Çindən gələn əlavə yükdaşımalar Orta Dəhlizi daha işlək hala gətirir. Belə ki, 2025-ci ilin yanvar–noyabr aylarında bu marşrutla 466 qatar reysi həyata keçirilib. Hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutunda (Orta Dghliz) hərəkət intensivləşib, daşınma müddəti isə təxminən 23 gündən 11 günə qədər azalıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımalar 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner daşımaları 865 min TEU-ya qədər arta bilər. Bu,  ölkəmizin logistik əhəmiyyətini gücləndirməklə yanaşı, qlobal ticarət üçün də dayanıqlı alternativ deməkdir.

Nəqliyyat-logistika sahəsindən başqa, Çin həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələr son illərdə ardıcıl şəkildə genişlənib və yüksək səviyyəyə yüksəlib. Əgər Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2015-ci ildə 561 milyon dollar olubsa, bu göstərici 2025-ci ildə 4, 21 milyard ABŞ dolları təşkil edib. Həmin nəticə ümumi ticarət dövriyyəsinin 9,45 faizinə bərabərdir. Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 779,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 milyon ABŞ dolları və ya 4,6 faiz artım deməkdir.

Görünən odur ki, Azərbaycanın fövqəlgüc ölkələrlə ticarət dövriyyəsini artırması ona həm də regionun lider dövlətinə çevrilməsini təmin edir.

Elçin Zaman, «İki sahil»

Избранный
30
ikisahil.az

1Источники