RU

Bakının milyardlıq iddiaları gündəmdə - Ermənistanla bağlı kritik qərar mərhələsi başlaya bilər

Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüquq müstəvisində davam edən mühüm arbitraj prosesində növbəti mərhələ başa çatıb.

Enerji Xartiyası Müqaviləsi çərçivəsində Daimi Arbitraj Məhkəməsində baxılan “Azərbaycan Ermənistana qarşı” işi üzrə ilkin etirazlara dair dinləmələr 7–8 aprel 2026-cı il tarixlərində Haaqada, Sülh Sarayında keçirilib və 8 aprel tarixində yekunlaşıb.

Musavat.com xəbər verir ki, DAM-ın saytında ötən gün yayılan məlumatda bildirilib ki, tərəflərin yazılı mövqeləri dinləmənin başlanğıcı ilə eyni vaxtda ictimaiyyətə açıqlanıb. Dinləmənin açıq hissələrinə dair stenoqramların və video qeydlərin yaxın vaxtlarda dərc olunacağı gözlənilir. Eyni zamanda, tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, yekun qərarın da açıq şəkildə yayımlanacağı bildirilir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Karen Andreasyan rəhbərlik edib.

94b28c4e-bd15-46be-93f7-7e71e1a7b81b.jpeg

Xatırladaq ki, arbitraj prosesi 27 fevral 2023-cü ildə Azərbaycanın Ermənistana qarşı iddia qaldırması ilə başlanıb. Hazırda iş üzrə mübahisənin ilkin mərhələsi-tribunalın səlahiyyəti və digər prosessual məsələlərlə bağlı etirazlar nəzərdən keçirilir.

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın Ermənistana qarşı enerji resursları ilə bağlı beynəlxalq arbitraj prosesi, hüquqi və siyasi baxımdan son illərin ən mühüm dövlətlərarası mübahisələrindən biri kimi qiymətləndirilə bilər: “Bu həm konkret kompensasiya tələbi, həm də Azərbaycanın suveren hüquqlarının beynəlxalq hüquq müstəvisində təsdiqi baxımından prinsipial əhəmiyyət daşıyır.

Azərbaycanın iddia tələbi Enerji Xartiyası Müqaviləsinin 27-ci maddəsinə və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası tərəfindən qəbul edilmiş 1976-cı il Arbitraj Qaydalarına uyğun olaraq irəli sürülüb və məhkəmə prosesi Daimi Arbitraj Məhkəməsi çərçivəsində, Sülh Sarayında keçirilir.

Bu ilin aprel ayının 8-də işlə bağlı arbitraj tribunalı tərəfindən ilkin etirazlara dair dinləmələrin başa çatdırılması işin növbəti mühüm mərhələyə keçdiyini göstərir. İlkin etiraz mərhələsi, adətən, tribunalın yurisdiksiyası və iddianın qəbul olunması kimi fundamental məsələlərin qiymətləndirilməsi baxımından həlledici olur. Bu mərhələnin yekunlaşması o deməkdir ki, iş artıq mahiyyəti üzrə baxılma mərhələsinə yaxınlaşır.

Azərbaycanın iddiasının hüquqi əsası Ermənistanın təxminən 30 il davam etmiş işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən enerji resurslarını qanunsuz istismar etməsi ilə bağlıdır”.

43486bfc-fbce-4c56-90d5-40e7311dea43.jpeg

Hüquqşünas əsas hüquqi arqumentlərin bir neçə istiqamətdə formalaşdığını bildirib: “Əvvəla dövlətlərin təbii ehtiyatlar üzərində daimi suverenliyi prinsipi pozulub. Bu prinsip beynəlxalq hüququn fundamental normalarından biridir və dövlətin öz təbii sərvətlərindən sərbəst istifadə hüququnu qoruyur.

Ermənistanın hərbi işğal yolu ilə bu resurslara nəzarət etməsi həmin prinsipin açıq şəkildə pozulması kimi qiymətləndirilir. Bundan başqa, Enerji Xartiyası Müqaviləsi çərçivəsində investisiya mühitinin qorunması, resurslara çıxış və onların istismarı ilə bağlı öhdəliklər pozulub. Ermənistan yalnız Azərbaycanın bu resurslardan istifadəsinin qarşısını almayıb, eyni zamanda həmin resursları öz iqtisadi maraqları üçün istifadə edib. Bu isə müqavilə üzrə “ədalətli və bərabər rəftar”, “qanunsuz mənimsəmənin qadağan olunması” kimi əsas prinsiplərin pozuntusu kimi təqdim olunur. Digər bir məqam isə ətraf mühit hüququ aspekti də bu işdə mühüm yer tutur. Azərbaycanın Qarabağ bölgəsindəki hidroenergetika, külək və günəş enerjisi potensialından istifadənin qarşısının alınması yalnız iqtisadi itkilərlə deyil, həm də davamlı inkişaf və ekoloji siyasət imkanlarının məhdudlaşdırılması ilə nəticələnib. İddianın predmeti əsasən Qarabağ bölgəsində yerləşən hidroenergetika ehtiyatlarının qanunsuz istismarı nəticəsində dəyən ziyanın kompensasiyasıdır. Lakin işin əhatə dairəsi daha genişdir- su, külək və günəş enerjisi potensialının istifadəsindən məhrum edilmə nəticəsində yaranmış itkiləri də əhatə edir”.

P.Mehdiyev hesab edir ki, bu arbitraj işi beynəlxalq hüquqi praktika baxımından da əhəmiyyətlidir:
“İlk dəfədir ki, işğal faktı ilə enerji resurslarının istismarı məsələsi Enerji Xartiyası Müqaviləsi çərçivəsində bu səviyyədə sistemli şəkildə mübahisələndirilir. Bu, gələcəkdə oxşar mübahisələr üçün presedent rolunu oynaya bilər. Qeyd etmək lazımdır ki, Arbitraj tribunalının bu işlə bağlı növbəti mərhələdə verəcəyi qərarlar həm region üçün, həm də beynəlxalq enerji hüququnun inkişafı üçün ciddi hüquqi nəticələr doğura bilər. Bu iddianın perspektivləri ümumilikdə Azərbaycanın xeyrinə real və əsaslı görünür, lakin nəticə bir neçə hüquqi mərhələdən asılı olacaq. Birincisi, yurisdiksiya məsələsi həlledicidir. Əgər Enerji Xartiyası Müqaviləsi çərçivəsində tribunal öz səlahiyyətini təsdiqləsə, bu artıq Azərbaycanın mövqeyinə ciddi üstünlük verəcək. İlkin etiraz mərhələsinin başa çatması göstərir ki, iş mahiyyəti üzrə baxılma mərhələsinə keçmək potensialındadır. İkincisi, faktoloji baza kifayət qədər güclüdür.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində uzunmüddətli işğal faktı və həmin dövrdə resurslardan istifadə beynəlxalq hüquqda “qanunsuz istismar” kimi qiymətləndirilə bilər. Bu isə kompensasiya tələbinin hüquqi əsaslarını gücləndirir. Üçüncüsü, əsas çətinlik ziyanın hesablanması və səbəb-nəticə əlaqəsinin sübutudur. Arbitraj tribunalları adətən kompensasiyanı ehtiyatla və konkret sübutlar əsasında müəyyən edir. Buna görə də məbləğin tam həcmdə təmin olunması deyil, qismən təmin olunması daha real ssenari kimi görünür”.

Nigar Həsənli
Musavat.com

Избранный
46
musavat.com

1Источники