Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bank kartınızdakı hərəkətlilik gözlənilmədən rəsmi qurumların diqqətini çəkə bilər. Bu, sadəcə rəqəmlərin artması deyil, həm də maliyyə keçmişinizin şəffaflığı ilə bağlıdır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, müştəri hesablarında, ümumiyyətlə gəlir mənbələrinin araşdırılması üzrə sorğuların göndərilməsi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə qanunvericilik tələbləri əsasında həyata keçirilir. "Bu proses əsasən banklar, bank olmayan kredit təşkilatları və digər məsul maliyyə institutları tərəfindən icra olunur. Bu mexanizm necə işləyir? Adətən müştərinin hesabında qəfil və əsaslı dəyişikliklər, məsələn, iri məbləğdə artım və ya qeyri-adi əməliyyat axını müşahidə olunduqda, yaxud digər şübhəli meyarlar yarandıqda maliyyə qurumları həmin vəsaitlərin mənşəyi ilə bağlı izahat və sənədlər tələb etmək hüququna malik olurlar".Ekspert bildirib ki, bu tələbin əsas məqsədi maliyyə sistemində şəffaflığın təmin olunmasıdır. "Çünki bəzi hallarda vəsaitlər qeyri-qanuni sahibkarlıq fəaliyyəti, o cümlədən elektron pul köçürmələri və digər nəzarətsiz əməliyyatlar vasitəsilə dövriyyəyə daxil ola bilər. Məhz buna görə də banklar və digər maliyyə qurumları riskli əməliyyatları izləmək və lazım gəldikdə araşdırma aparmaq öhdəliyi daşıyırlar. Bu prosesdə vergi orqanları da şübhəli hallarla bağlı yoxlamalar apara, tələb olunan sənədləri istəyə və əməliyyatların qanuniliyini araşdıra bilərlər. Məqsəd hər hansı vəsaitin qanuni mənbədən gəldiyini təsdiqləmək və maliyyə sistemində mümkün qanunsuz dövriyyənin qarşısını almaqdır. Ümumilikdə bu mexanizm maliyyə şəffaflığının qorunması, risklərin azaldılması və iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün tətbiq olunur".Yəni, bank hesabınıza birdən-birə böyük məbləğdə pul gəlsə və ya şübhəli köçürmələr olsa, bank sizdən bu pulun haradan gəldiyini soruşa və sənəd tələb edə bilər.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.