"Samsung" şirkəti satışa elə telefonlar çıxarıb ki, onlar yeni modellərdən daha baha qiymətə təklif olunur.
Redaktor.az xəbər verir ki, bu barədə "9to5Google" məlumat yayıb.
Məlumata görə, şirkət ABŞ-də bərpa olunmuş “Galaxy Z Fold 7” və “Galaxy Z Flip 7” modellərini satışa təqdim edib. Bu cihazlar 2025-ci ildə bazara çıxarılıb. Bərpa olunmuş telefonlar əslində istifadə edilmiş qurğulardır – şirkət onları təmir edib yenidən satışa çıxarır.
Məlumatda qeyd olunur ki, köhnə cihazlar bəzi hallarda yenilərdən daha baha olur.
Belə ki, bərpa olunmuş “Galaxy Z Fold 7” modeli 2890 manata satılır. Halbuki bu telefon satışa ilk çıxanda 3400 manat idi. Hazırda isə yeni vəziyyətdə olan model daha ucuz – 2720 manata tapılır.
Eyni vəziyyət “Galaxy Z Flip 7” üçün də keçərlidir. 2025-ci ildə bu modelin qiyməti təxminən 1870 manat olub. İndi yeni cihazı təxminən 1530 manata almaq mümkündür, amma bərpa olunmuş versiya təxminən 1600 manata təklif olunur.
Müəlliflər qeyd ediblər ki, “Samsung”un yeni telefonları köhnələrdən daha ucuz satması kifayət qədər maraqlı və qeyri-adi haldır.
Aytəkin TOFİQQIZI