RU

Bakı ilə Riqа arasında strateji yaxınlaşma prosesi…

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Azərbaycanla Latviya arasında münasibətlər kifayət qədər sabit inkişaf etməkdədir.

İki dövlət arasında münasibətlər strateji tərəfdaşlıq prinsiplərinə söykənir.

Bunu daha da gücləndirən 2017-ci ildə tərəflər arasında imzalanmış strateji tərəfdaşlıq haqqında çox vacib bir sənəddir.

Bu sənədin mahiyyətindən, fəlsəfəsindən irəli gələrək müxtəlif istiqamətlər üzrə biz növbəti illərdə münasibətlərin inkişaf etdirildiyini görürük.

Önəmli olan odur ki, bu münasibətlər kifayət qədər, daha çox bu gün siyasi dialoq müstəvisində daha qabarıq şəkildə özünü göstərməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu da ondan xəbər verir ki, Azərbaycanla Latviya arasında siyasi müstəvidə hər hansı bir fikir ayrılığı yoxdur.

Əksinə, müxtəlif beynəlxalq platformalar üzrə dövlətlər bir-birini dəstəkləyir və Latviya ümumiyyətlə, hər zaman Azərbaycanın ərazi bütövlüyünə çox vacib bir mövqe sərgiləyib.

Bu siyasi dialoqun kifayət qədər yüksək səviyyədə bərqərar olması, eyni zamanda digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.

“Bu gün Latviya Azərbaycan üçün nordik ölkələrinə, Pribaltika və Skandinaviya ölkələri birliyinə çıxışı təmin edə biləcək bir ölkədir, eynilə də Cənubi Qafqaz bölgəsi Latviya üçün məhz Azərbaycan üzərindən çıxış əldə etməklə burada həm də müəyyən mənada bölgənin mövcud imkanlarından maksimum yararlanmaq üçün əlverişli şərait yaratmış olur.

Bu, təbii ki, siyasi dialoq zamanı açıq şəkildə özünü büruzə verən aspektlərdir. Amma qeyd etdiyim kimi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində də biz çox sıx əlaqələrin qurulmasına dair çox vacib bir siyasi iradənin olduğunu görürük”, – deyə deputat bildirib.

Azər Allahverənov deyib ki, bu gün Latviya ilə 40-dan çox sənəd imzalanıb.

O sənədlər demək olar ki, bir çox sahələri ehtiva edir.

“Bu gün Latviya ilə Azərbaycan arasında iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində, sonra müəyyən texnologiyaların tətbiqi müstəvisində çox böyük uğurlar var.

Bu uğurların da qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf etdirilməsi üçün çox vacib bir şərait mövcuddur.

Eyni zamanda biz görürük ki, hərbi sahədə də hərbi sənaye kompleksinin hazırladığı və dünyaya müəyyən mənada satışını təmin edən Latviya həm də Azərbaycanda maraq doğurur.

Azərbaycan üçün də Latviyanın hərbi sənaye məhsulları maraqlıdır. Eynilə də Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar Latviya üçün maraqlıdır və bu səpgidə də müəyyən əlaqələrin olduğunu görürük”, – deyə deputat bildirib.

Azər Allahverənov vurğulayıb ki, son Latviya Prezidentinin Azərbaycana dövlət səfəri zamanı çox vacib sənədlər imzalanıb. İki dövlət başçısının birgə bəyanatı ilə yanaşı, sərhəd xidməti, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə mühüm sənədlər imzalanıb.

Bu sənədlər konkret olaraq onu göstərir ki, yaxın perspektivdə məhz bu sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə ciddi zərurət var və bu perspektiv olduqca əhəmiyyətlidir.

“Hətta bir qədər də dərindən baxdıqda görürük ki, Avropa İttifaqının və o cümlədən NATO-nun üzvü olan Latviya, bir çox Avropa ölkələri kimi, öz enerji təhlükəsizliyini müəyyən mənada Azərbaycan hesabına təmin etməkdə maraqlıdır.

Bu gün Avropa İttifaqının 10-dan çox üzvü bilavasitə Azərbaycandan əldə olunan təbii qaz və neft vasitəsilə enerji tələbatını ödəyir, bu da Avropa İttifaqının digər üzvləri üçün cəlbedici amildir.

Çünki Azərbaycan etibarlı tərəfdaşdır.

Bu müstəvidə Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Enerji təhlükəsizliyi ilə bağlı olan həmin sənəd həm də daha geniş kompleksdə ölkələrin, o cümlədən Latviyanın enerji tələbatının ödənilməsi üçün zəruri hüquqi-normativ baza yaradır”, – deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, bu gün Latviyada rəqəmsal iqtisadiyyat, süni intellekt və yüksək informasiya texnologiyaları sahəsində mühüm nailiyyətlər əldə olunub.

Azərbaycanda da bu istiqamətdə xüsusi yanaşma mövcuddur. Qarşılıqlı əlaqələr daha da dərinləşdikcə həmin sahələrdə də mühüm uğurlar əldə etmək mümkündür.

Deputatın fikrincə, Azərbaycan–Latviya münasibətlərinin gələcəkdə inkişaf etdirilməsi üçün çox böyük potensial var.

Hər iki ölkə qarşı tərəfin malik olduğu resurslardan və imkanlardan yüksək səviyyədə faydalanmaq imkanı qazana bilir.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı nəticəsində həm yaxın, həm də uzaq perspektivdə daha uzunmüddətli strateji inkişaf trayektoriyası formalaşmaqdadır.

“Biz bu proseslərin şahidi kimi görürük ki, Azərbaycanla Latviya arasında strateji tərəfdaşlıq münasibətləri kifayət qədər yüksək səviyyədə təmin olunmaqdadır.

Qarşılıqlı hörmət və etibar bu münasibətləri gücləndirməklə yanaşı, gələcəkdə də müxtəlif sahələr üzrə birgə əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Bu da Latviya Prezidentinin Azərbaycana 22 apreldə etdiyi səfərlə bağlı iki ölkə başçısının qəbul etdiyi Birgə Bəyanatda açıq şəkildə göstərilib.

Bundan sonra atılacaq addımların da məhz həmin strateji tərəfdaşlıq ruhuna uyğun olacağı artıq heç kəsdə şübhə doğurmur”, – deyə Azər Allahverənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
bizimyol.info

1Источники