RU

Şərqi Avropa müdafiə sənayesinin mərkəzinə çevrilir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buxarest, 23 aprel, AZƏRTAC

Avropada müdafiə sənayesinin inkişafında yeni geosiyasi və iqtisadi reallıqlar fonunda Mərkəzi və Şərqi Avropa regionu ön plana çıxır.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq şirkəti tərəfindən hazırlanmış araşdırmada qeyd olunur.

Tədqiqatda bildirilir ki, son illərdə Avropada müdafiə xərclərinin artması və hərbi ehtiyatların bərpasına keçid investisiya yanaşmasını köklü şəkildə dəyişib. Nəticədə investisiyaların əsas mərkəzi Qərbi Avropadan daha çevik istehsal imkanlarına malik Mərkəzi və Şərqi Avropa ölkələrinə doğru yönəlib.

Araşdırmaya görə, Polşa, Rumıniya, Çexiya, Slovakiya və Macarıstan kimi ölkələr sürətli istehsal, aşağı xərclər və təchizat zəncirlərinə inteqrasiya baxımından üstünlüklərə malikdir. Bu amillər regionu Avropanın müdafiə sənayesində yeni “çəki mərkəzi”nə çevirir.

Hesabatda vurğulanır ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə səbəb olub. Bu proses nəticəsində Mərkəzi və Şərqi Avropa artıq periferiya deyil, NATO-nun strateji koridoru və müdafiə sənayesinin əsas dayaq nöqtələrindən biri kimi formalaşır.

Ekspert Tudor Qreku qeyd edir ki, regionda təhlükəsizlik, sənaye və rəqabət qabiliyyəti artıq eyni məkanda cəmləşir. Bu isə Avropanın müdafiə sənayesində uzunmüddətli struktur dəyişikliklərinin baş verdiyini göstərir.

Araşdırmada, həmçinin qeyd olunur ki, region ölkələri ortaq xüsusiyyətlərə malikdir – Avropa İttifaqı və NATO üzvlüyü, xarici investisiyalara açıq iqtisadi model və qlobal istehsal zəncirlərinə inteqrasiya. Bu isə birgə layihələrin həyata keçirilməsini asanlaşdırır və əməkdaşlıq xərclərini azaldır.

Bundan əlavə, infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yollar, dəmir yolları, limanlar və logistika mərkəzləri həm iqtisadi, həm də hərbi məqsədlərə xidmət edən “dual-use” infrastruktura çevrilir və regionda yeni sənaye ekosisteminin formalaşmasına təkan verir.

Qara dəniz regionu da bu prosesdə strateji əhəmiyyət qazanır. Rumıniyanın yerləşdiyi bu zona Avropanın təhlükəsizlik, enerji və logistika sistemlərinin kəsişdiyi əsas mərkəzlərdən biri kimi qiymətləndirilir.

Qeyd olunur ki, Mərkəzi və Şərqi Avropa artıq alternativ deyil, Avropa müdafiə sənayesində sürətli istehsal və genişlənmə imkanları təqdim edən əsas regionlardan birinə çevrilir. Bu isə yaxın illərdə Avropa sənaye siyasətində prioritetlərin dəyişəcəyini göstərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
1
azertag.az

2Источники