RU

Rumıniyada kişi və qadınlar arasında məşğulluq fərqi dərinləşir

Buxarest, 23 aprel, AZƏRTAC

Rumıniya Avropa İttifaqında (Aİ) kişi və qadınlar arasında məşğulluq fərqinin ən yüksək olduğu ölkələrdən biri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatında dərc edilən materialda bu fərqin həm statistik, həm də struktur baxımdan ciddi problemlər yaratdığı vurğulanır.

Məlumata görə, ölkədə kişi və qadınlar arasında məşğulluq fərqi təxminən 18 faiz həddinə çatır ki, bu da Rumıniyanı Aİ-də ən yüksək göstəricilərə malik ölkələr sırasına daxil edir.

Qeyd olunur ki, bu fərq yalnız məşğulluq səviyyəsində deyil, əmək bazarının digər sahələrində də özünü göstərir. Qadınların əmək bazarında iştirak səviyyəsi daha aşağıdır, onlar daha çox yarımştat və qeyri-sabit işlərdə təmsil olunurlar. Bu isə ümumi iqtisadi aktivliyə və gəlir səviyyəsinə birbaşa təsir edir.

Rumıniyada mövcud vəziyyətin əsas səbəblərindən biri kimi sosial və mədəni amillər göstərilir. Qadınların ailə və uşaqlara qayğı yükünün daha çox üzərinə düşməsi onların iş həyatına daha gec qayıtmasına və ya ümumiyyətlə, əmək bazarından kənarda qalmasına səbəb olur.

Eyni zamanda, regionlar arasında fərqlər də nəzərə çarpır. Kənd yerlərində qadınların məşğulluq səviyyəsi daha aşağıdır, bu isə infrastruktur və iş imkanlarının məhdudluğu ilə izah olunur.

Bununla yanaşı, Rumıniyada əmək bazarında paradoksal vəziyyət müşahidə edilir. Bir tərəfdən rəsmi göstəricilər aşağı məşğulluq səviyyəsini göstərir, digər tərəfdən isə bir çox sahələrdə işçi çatışmazlığı mövcuddur. Bu isə əmək bazarında struktur uyğunsuzluqların davam etdiyini göstərir.

Ümumilikdə kişi və qadınlar arasında məşğulluq fərqinin yüksək olması Rumıniya iqtisadiyyatının qarşısında duran əsas çağırışlardan biri kimi qiymətləndirilir və bu sahədə balansın təmin olunması üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruri hesab edilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Избранный
61
50
azertag.az

10Источники