RU

Azərbaycanda dövlət qulluğunun təkamülü və postmüharibə dövrünün idarəetmə prioritetləri TƏHLİL

Bakı, 23 aprel, AZƏRTAC

Ölkəmizdə dövlət qulluğu sistemi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra istər qanunvericilik, istərsə də dövlət idarəçiliyinin bütün sahələrində üzərlərinə götürdükləri məsuliyyət, seçim prinsiplərinin şəffaflığı və təkmilləşmə mexanizmləri baxımından böyük bir yol keçib. Dövlət qulluğu haqqında 2000-ci illərdə qəbul edilən qanun, etik davranış kodekslərinin yaradılması, eləcə də dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qaydalar və təlimat sistemləri onları institusional səviyyəyə çatdıran mühüm addımlar kimi xarakterizə edilə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc söyləyib.

Dövlət qulluğunda karyera inkişafı: Etimadlı sosial “lift” və yeni idarəetmə mərhələsi

O bildirib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçularının sayı 27 mindən çoxdur. Göstərici bir tərəfdən idarəetmə aparatının kompakt saxlanıldığını göstərir, digər tərəfdən müxtəlif dövlət hakimiyyət orqanları arasında sağlam əməkdaşlığın, qarşılıqlı məsuliyyətin və səlahiyyətlər balansının qorunmasını təmin edirlər. Lakin ən başlıcası, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən on illər ərzində xalqımızın qarşısında dayanan vəzifələrin həyata keçirilməsində dövlət qulluqçuları şərəfli bir yol keçərək, müxtəlif islahatlara və dəyişiklilərə məruz qalaraq, hazırkı qalibiyyət dövrünün - yeni mərhələnin qurucuları kimi çalışmaqda davam edirlər. Dövlət qulluqçularının əhəmiyyətli hissəsi orta təsnifat vəzifələrində cəmləşiblər. Karyera inkişafı və idarəetmədə effektivliyin təmin olunması baxımından onların hər biri gələcək vəzifə yüksəlişində güvənə və etimadlı sosial “liftə” malikdirlər.

Beynəlxalq təcrübə və müasir standartlar: Dövlət qulluğunda effektivlik amilləri

“Dövlət qulluqçularının sosial təminatı məsələsi də xüsusi diqqət tələb edir. Son illərdə əməkhaqlarında artım genişmiqyaslı islahatların tərkib hissəsidir və ilk növbədə, idarəçilik sisteminin effektivliyini artırmaq və xalqa xidmətin keyfiyyətini yüksəltmək məramına xidmət edir.

Digər mühüm məsələ dövlət qulluqçularının hüquq və vəzifələri arasındakı balansdır. Qanunvericilik dövlət qulluqçularına bir sıra imtiyazlar təqdim edir – sabit iş yeri, sosial təminat, karyera imkanları. Dövlət qulluqçusu yalnız inzibati funksiyanı yerinə yetirən şəxs deyil, o, dövlətin vətəndaş qarşısında simasıdır. Etik davranış qaydalarına riayət, korrupsiyaya qarşı mübarizə və vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərdən biridir. Burada əsas tələb qanunların mövcudluğu deyil, onların icra mexanizmlərinin effektivliyidir. İnkişaf etmiş ölkələrdə dövlət qulluğu sistemi uzun illər ərzində meritokratiya prinsipi əsasında qurulub. Məsələn, Böyük Britaniyada dövlət qulluqçularının seçimi tam müstəqil komissiyalar vasitəsilə həyata keçirilir və əsas meyar peşəkarlıqdır. Sistemdə kənar siyasi təsirlər minimuma endirilib. Almaniyada dövlət qulluqçuları xüsusi hüquqi statusa malikdirlər və onların sosial təminatı yuxarı səviyyədədir. Nəticədə, dövlətə yüksək sədaqət və peşəkarlıq tələb olunur. Sinqapur modeli də, xüsusilə diqqətəlayiqdir. Ölkədə dövlət qulluqçularına yüksək əməkhaqqı verilməklə yanaşı, çox ciddi performans qiymətləndirmə sistemi tətbiq olunur. Nəticədə, dövlət sektoru ən istedadlı kadrlar üçün cəlbedici sahəyə çevrilib. Cənubi Koreyada isə dövlət qulluğuna qəbul son dərəcə çətin imtahanlar vasitəsilə həyata keçirilir və proses cəmiyyət tərəfindən yüksək etimadla qarşılanır. Bu təcrübələr göstərir ki, effektiv dövlət qulluğu sistemi yaratmaq üçün üç əsas amil vacibdir: birincisi, şəffaf və ədalətli seçim mexanizmi, ikincisi, rəqabətqabiliyyətli əməkhaqqı, üçüncüsü, ciddi və obyektiv performans qiymətləndirilməsi”, - deyə Z.Oruc vurğulayıb.

Zəfərdən quruculuğa: Azad olunmuş ərazilərdə dövlət qulluğu fenomeni

Deputat qeyd edib ki, Azərbaycanda dövlət qulluğu sisteminin hər zaman təkmilləşməsi, Prezident İlham Əliyevin irəli sürdüyü və kadr ehtiyatının formalaşması üçün atılan addımlar, xüsusilə təqdirəlayiqdir. Ölkəmizdə keçirilən “Yüksəliş” müsabiqələri dövlət idarəçiliyində meritokratiya prinsiplərinin təşviqi baxımından mühüm addımdır. Müsabiqə yeni və istedadlı kadrların aşkar olunmasına, onların inkişafına və dövlət idarəçiliyinə cəlb olunmasına xidmət edir. Əlbəttə, təşəbbüslərin real təsiri onların nəticələrinin praktik idarəetmə sisteminə inteqrasiya olunmasından birbaşa asılıdır.

Dövlət qulluğu sistemi yalnız inzibati idarəetmə mexanizmi deyil, dövlətin dayanıqlığını təmin edən canlı və məsuliyyətli bir orqanizmdir. Xüsusilə hüquq-mühafizə orqanlarında, dövlət təhlükəsizliyi sahəsində, eləcə də işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesində çalışan dövlət qulluqçularımızın fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən Böyük Qayıdış prosesi çərçivəsində dövlət qulluqçuları hər gün çətin və məsuliyyətli şəraitdə fəaliyyət göstərirlər. Onlar yalnız inzibati vəzifələrini yerinə yetirmir, eyni zamanda, təzədən qurulan həyatın, yeni idarəetmə modelinin və müqəddəs ictimai münasibətlərin əsasını qoyurlar.

Strateji prioritetlər: Şəffaflıq, rəqəmsal xidmət və nəticəyönümlü islahatlar

“Hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan dövlət qulluqçuları ölkəmizdə sabitliyin, qanunun aliliyinin və ictimai asayişin təmin olunmasında əvəzsiz rol oynayırlar. Bu sahələrdə xidmət yalnız peşəkarlıq deyil, həm də yüksək sədaqət, intizam və fədakarlıq tələb edir. Dövlət qulluqçularının fəaliyyəti konkret nəticələr əsasında qiymətləndirilməli və qiymətləndirmə onların karyerasına, əməkhaqqına birbaşa təsir etməlidir.

Digər bir istiqamət rəqəmsallaşmadır. Elektron hökumət xidmətlərinin genişləndirilməsi həm şəffaflığı artırır, həm də insan faktorundan asılılığı azaldır.

Nəhayət, dövlət qulluqçuları arasında peşəkar kadr korpusunun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız fərdi kadrların deyil, bütövlükdə idarəetmə mədəniyyətinin inkişafını təmin edir. Yekunda xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə dövlət qulluğu sistemi artıq formalaşma mərhələsini keçib. Qarşıda dayanan əsas vəzifə sistemi daha effektiv, şəffaf və nəticəyönümlü etməkdir. Güclü dövlət qanunlarla, peşəkar və məsuliyyətli insanlarla qurulur”, - deyə Zahid Oruc əlavə edib.

Избранный
88
50
azertag.az

10Источники