RU

Azərbaycan və Latviya strateji tərəfdaşlıq istiqamətində yeni imkanlar müəyyənləşdirib ŞƏRH

Bakı, 23 aprel, AZƏRTAC

Bakıda keçirilən yüksəksəviyyəli görüş və Azərbaycan-Latviya biznes-forumu bir daha göstərdi ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı üçün əlverişli perspektivlər mövcuddur. Dövlətimizin başçısı və Latviya Prezidenti Edqars Rinkeviçsin səsləndirdiyi fikirlər isə əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, son illər Azərbaycanın iqtisadi siyasətində əsas prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Qeyri-neft sektorunun sürətli inkişafı və ümumi daxili məhsulda payının artması ölkənin xarici tərəfdaşlar üçün daha cəlbedici investisiya məkanına çevrildiyini göstərir. Bu isə texnologiya, logistika və xidmət sahələrində zəngin təcrübəyə malik Latviya üçün yeni imkanlar yaradır.

“Enerji sahəsində əməkdaşlıq isə xüsusi diqqət mərkəzindədir. Azərbaycan artıq Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Latviya həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də yaşıl enerji layihələrində iştirak baxımından perspektivli tərəfdaşdır. Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bakı ilə Riqa arasında logistika körpüsünün qurulması Avrasiya məkanında yeni ticarət marşrutlarının formalaşmasına töhfə verə bilər. Bütün bunların fonunda qarşılıqlı investisiyaların təşviqi prioritet olaraq qalır. Azərbaycanın yaratdığı sabit maliyyə mühiti və Latviyanın Avropa bazarlarına inteqrasiyası bu prosesi daha da sürətləndirə bilər. Eyni zamanda, birgə investisiya layihələrinin həyata keçirilməsi münasibətlərin davamlı inkişafını təmin edəcək əsas amillərdən biridir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, prezidentlərin görüşünün nəticələri göstərib ki, strateji tərəfdaşlıq istiqamətində yeni imkanlar müəyyənləşdirilib və tərəflər bu imkanların reallaşdırılması üçün konkret addımlar atmaq niyyətindədir. Bu isə həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də Azərbaycanın Avropa ilə əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Избранный
22
1
azertag.az

2Источники