RU

ADAU-da “I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib. 

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Forumdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, hazırda dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və qida təhlükəsizliyi ilə bağlı artan çağırışlar fonunda “yaşıl iqtisadiyyat” modelinə keçid strateji zərurətə çevrilib. Bu istiqamətdə ölkəmizdə həyata keçirilən siyasət, xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi mühüm əhəmiyyət daşıyır.

Rektor çıxışında ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə də toxunaraq, innovativ tədris proqramlarının tətbiqi, süni intellekt sahəsində ixtisaslı kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. O, forumun beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyətini qeyd edərək, xüsusilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə əməkdaşlığın önəmini vurğulayıb, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumların dəstəyini yüksək qiymətləndirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, Gəncə şəhəri artıq təkcə tarixi və mədəni mərkəz deyil, eyni zamanda yaşıl iqtisadiyyat və innovativ inkişaf platforması kimi formalaşır. O, qeyd edib ki, bu cür beynəlxalq forumlar regionun elmi və iqtisadi potensialının güclənməsinə xidmət edir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sahədə rəqəmsal transformasiya və dayanıqlı inkişafın prioritet olduğunu vurğulayaraq bildirib ki, qlobal iqlim dəyişikliyi və resursların məhdudluğu fonunda yaşıl iqtisadiyyata keçid strateji zərurətə çevrilib. Nazir müavini bildirib ki, kənd təsərrüfatında yaşıl texnologiyaların tətbiqi, müasir suvarma sistemlərinin genişləndirilməsi və resurslardan səmərəli istifadə istiqamətində dövlət tərəfindən fermerlərə subsidiyalar və güzəştli kreditlər təqdim olunur. O, həmçinin aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

Elçin Zeynalov əlavə edib ki, yaşıl iqtisadiyyatın inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq və investisiyaların cəlbi genişlənir, belə forumlar isə təcrübə mübadiləsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayır.

FAO Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhamməd Nasar Hayat çıxışında Azərbaycanda aqrar sahədə həyata keçirilən yaşıl yanaşmaların və innovativ təşəbbüslərin beynəlxalq miqyasda nümunəvi təcrübə kimi qiymətləndirildiyini vurğulayıb.

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, yaşıl iqtisadiyyat və dayanıqlı kənd təsərrüfatı istiqamətində birgə təşəbbüslərin genişləndirilməsinin hər iki ölkə üçün mühüm perspektivlər açdığını qeyd edib.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sünniya Durrani-Camal yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi və dayanıqlı kənd təsərrüfatı layihələrinə dəstəyin gələcək inkişaf üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bu kimi forumların gənclərin ekoloji düşüncəsinin formalaşmasına və innovativ təşəbbüslərin artmasına mühüm təkan verdiyini bildirib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, yaşıl iqtisadiyyat istiqamətində atılan addımlar ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev kənd təsərrüfatında innovasiyaların tətbiqinin ərzaq təhlükəsizliyi və regionların inkişafı baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, belə platformaların aqrar sahədə müasir yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Çıxışlardan sonra Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruçanın forum iştirakçılarına videomüraciəti nümayiş olunub.

Tədbir çərçivəsində ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.

Daha sonra “Elm və təhsildə yaşıl konsepsiyalar”, “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələr keçirilib, həmçinin iştirakçılar arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr və ikitərəfli görüşlər keçirilib.

Избранный
22
19
unikal.az

10Источники