RU

Ermənilərin 24 aprel ŞANTAJI – Tramp BU GÜN o “sözü” deyəcəkmi?

“The Washington Times” qəzeti Tramp administrasiyasını qondarma erməni soyqırımını rəsmi olaraq tanımağa çağıran məqalə dərc edib. Nəşr 24 aprel uydurma soyqırımının anım günü ərəfəsində qeyd edib ki, hazırkı şəraitdə bu qərar tarixi simvolizmin hüdudlarından kənara çıxır. Özünü “soyqırım”dan sağ çıxanların nəvəsi kimi təqdim edən məqalə müəllifi yazır ki, “soyqırım”ın 2019-cu ildə Konqres və 2021-ci ildə prezident tərəfindən rəsmi olaraq tanınmasına baxmayaraq, hazırkı administrasiya son bir ildə “soyqırım” sözündən yayınaraq onu “böyük fəlakət” və “tarixi faciə” kimi qeyri-müəyyən terminlərlə əvəz edib.

Trump

Məqalə müəllifi növbəti cümlələrində Prezident Trampı gah İran məsələsi ilə, gah da uydurma erməni soyqırımını tanımamaqla ABŞ-yə problem yaratmaqla şantaj etməyə cəhd göstərib: “Bu ritorik imtina artıq erməni diasporunun lokal səviyyədə məyusluğu deyil. Bu, 100-dən çox uşağın ölümünə səbəb olan İran məktəbinə hücum da daxil olmaqla, hücumların mütənasibliyi ilə bağlı qızğın müzakirələr fonunda populyar olmayan müharibə aparan bir ölkə üçün ciddi problemə çevrilib”.  “The Washington Times” qəzeti, həmçinin Vaşinqtonun susqunluğunu Trampın xarici siyasət nailiyyətlərindən biri kimi təqdim etdiyi Cənubi Qafqaz regionunda sülhlə nizamlanmanın taleyi ilə əlaqələndirir.

Qeyd edək ki, Paşinyan hökuməti “erməni soyqırımı”nın tanınması məsələsinin xarici siyasətdə artıq prioritet olmadığını bəyan edib. ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin X sosial şəbəkəsində qondarma "erməni soyqırımı" abidəsini ziyarəti ilə bağlı paylaşımını silməsi isə Tramp administrasiyasının münasibətinin göstəricisidir. 

JD

Belə olan surətdə Tramp bu gün o sözü (“genosid”) deyəcəkmi?

Professor Qabil Hüseynli Trampın qondarma soyqırımı tanıyacağını gözləmir. Ancaq müsahibimiz ABŞ liderinin 24 apreli "faciə" adlandırmasını istisna etmir: "Baydendən fərqli olaraq, Trampın siyasətində erməni amili demək olar ki, yoxdur. Onun siyasətində yəhudi faktı öndə gəlir və bunun izlərini Yaxın Şərq hadisələrində açıq şəkildə görmək olar. Bayden və demokratlar ermənipərəst idi. Onun dövründə Azərbaycana və Türkiyəyə qərəzli münasibət var idi. Tramp isə prezident Əliyevi və Ərdoğanı özünün dostları adlandırır. O baxımdan, qondarma genosid haqda xüsusi nəsə deməyini gözləmirəm. Ən pis halda başsağlığı verə bilər. Hərçənd ermənilər intizardadır və onun dilindən bir söz eşitmək istəyirlər. Amma Trampın onların bu istəyini gözündə qoyacağını zənn edirəm".

Q.Hüseynli hesab edir ki, ABŞ-dəki erməni lobbisi daha çox dəridən-qabıqdan çıxır: "Amma Trampın indi başı İrana qarışıb. Onun saxta erməni soyqırımını yada salması bəlkə də gündəliyində yoxdur. Hər halda, günün sonunu gözləmək lazımdır. Dediyim kimi, bu barədə "faciə" sözünü işlədə bilər".

Bundan

Professorun sözlərinə görə, tarixdən məlumdur ki, "erməni soyqırımı" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib: "Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. ABŞ-dəki erməni liderlərindən biri Ross Vartanyan o vaxt demişdi ki, soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb etmək olardı. Yəni məkrli bir plan olub və sonda suya düşüb".

Emil Salamoğlu
Musavat.com

Избранный
32
musavat.com

1Источники