RU

“Sabah”ın ispaniyalı keçmiş futbolçusu: Məncə, komanda bu mövsüm “qızıl dubl” edə bilər -MÜSAHİBƏ

Bakı, 24 aprel, AZƏRTAC

“Sabah”ın ispaniyalı keçmiş müdafiəçisi Con İrasabal AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Keçmiş komandanız "Sabah" tarixində ilk dəfə ölkə çempionluğunu qazanmağa çox yaxındır. Bu barədə nə düşünürsünüz?

- Onlar həqiqətən çox yaxşı mövsüm keçirirlər. Komanda həm heyət, həm də oyun keyfiyyəti baxımından ciddi inkişaf edib. Bir çox yaxşı transfer edilib və baş məşqçi meydanda əla nizam-intizam yaradıb. Məncə, “Sabah” bu uğura tam layiqdir. Onların bu səviyyədə sabit qalması təsadüfi deyil.

- Komanda eyni zamanda Azərbaycan Kubokunun finalına yüksəlib və həlledici oyunda "Zirə" ilə qarşılaşacaq. Necə düşünürsünüz, mövsümü “qızıl dubl”la başa vurmaq mümkün olacaq?

- Bəli, məncə şansları çox yüksəkdir. “Sabah”ı bu an üçün favorit hesab edirəm. Oyunlarına baxanda görürsən ki, həm hücumda, həm də müdafiədə balanslıdırlar. Komanda matçın gedişini dəyişə biləcək çox variantlara sahibdir. Belə məqamda özünəinam çox önəmlidir və onlar bunu yaxşı göstərirlər.

- "Sabah"ın bütün oyunlarını izləyirsiniz?

- Bəli, imkan olanda mütləq baxıram. Xüsusilə komandanın özünə inanaraq rahat oynaması çox xoş təəssürat yaradır.

- Azərbaycanda keçirdiyiniz vaxtı necə xatırlayırsınız?

- Çox müsbət xatirələrlə xatırlayıram. Mənim üçün İspaniyadan kənarda ilk təcrübə idi və bu baxımdan xüsusi yer tutur. Klubda mənə və ailəmə çox yaxşı münasibət göstərildi, bu da adaptasiyanı xeyli asanlaşdırdı. O dövr mənim üçün həm futbolçu, həm də insan kimi inkişaf baxımından faydalı oldu.

- Niyə klubda daha uzun müddət qalmadınız?

- O vaxt həyatımda dəyişiklik ehtiyacı hiss edirdim. Bu, təkcə futbol karyeramla bağlı qərar deyildi, ümumi olaraq həyat planlarımda yeni mərhələ istəyirdim. Bəzən belə qərarlar vermək lazımdır və mən də bu addımı atdım.

- Amma Azərbaycanda qalıb çempion ola bilərdiniz...

- Əlbəttə, çempion olmaq hər zaman futbolçunun və məşqçinin yaşamaq istədiyi ən gözəl hisslərdən biridir. Hər ölkədə qazandığı uğur futbolçu üçün unudulmaz təcrübədir.

Müxbir – Cavid Əliyev

Избранный
32
1
azertag.az

2Источники