RU

İrəvandakı bayraq terroruna Bakıdan SƏRT REAKSİYA və XƏBƏRDARLIQ

“Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar. “Hitler inkivizisiyası” adını alan bu tezislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlərlə bütün əlaqələrinin qırılmasına xidmət edirdi”.

Deputat Elçin Mirzəbəyli bunu İrəvanda saxta “soyqırım”a həsr olunmuş aksiya zamanı Türkiyə bayrağının yandırılması ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

MİRZEBEY.jpeg

Milli Məclis qeyd edib ki, bənzər tezislərdən və nifrət təbliğatından “Daşnaksütyun”, “Qnçaq” və erməni kilsəsi uzun illərdir bölgənin köklü xalqlarına qarşı istifadə etməkdədir:

“Yandırmaq, dağıtmaq bütün xəstə, ultramillətçi ideyalara və onların daşıyıcılarına xas olan xüsusiyyətdir. Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən “məşəl yürüş”lərindən sonra, təxminən 300 müəllifin 25 min cilddən çox kitabının yandırılmasına nail oldular. Alman xalqının böyük əksəriyyəti yalnız faşizm ideologiyasını təbliğ edən kitabların ümidinə qaldı və “beyinlərin yuyulması əməliyyatı” cəmi 6 il sonra özünü büruzə verməyə başladı. “Məşəl yürüşləri” işğal, ölüm yürüşləri ilə əvəz olundu, tonqallarda, sobalarda kitabları deyil, insanları yandırdılar”.

Elçin Mirzəbəyli bildirib ki, nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır:

“Kənardan formalaşdırılan erməni ultramillətçiliyinin son 200 il ərzində bölgəni qana bürüyən tarixi də bunu sübuta yetirir. Bu arada, Adolf Hitlerlə bağlı bir məqama diqqət çəkmək istəyirəm. Bilirsiniz, Hitleri bütün dünyanı ələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyük qatilində harada formalaşıb? Muzeydə... Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler sonradan məhv etdirdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşmüşdü. Bir yalan, bir əfsanə milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb oldu. Erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağılların da bu mistik hekayədən fərqi olmadığını düşünürəm”.

Millət vəkili qeyd edib ki, Ermənistanda Türkiyə bayrağına od vuranlar da bu xəstə təfəkkürün, bölgədən kənardakı beyin mərkəzlərində yaradılan qondarma “erməni məsələsi”nin şizofrenik təsirlərindən ayrıla bilməyənlərdir:

“Geridə qalan zaman kəsiyi sübuta yetirdi ki, belələri həm də öz xalqlarının düşmənləridir. Düşünürəm ki, Ermənistanın indiki siyasi rəhbərliyi, xüsusilə də Paşinyan və Simonyan bu reallığı anlaya və qiymətləndirə bilirlər. Zənnimcə, bu gün hər kəsin anlaya biləcəyi bir həqiqət var: Ermənistanın bir dövlət kimi mövcudluğunun və sabit inkişafının yolu saxta iddialardan əl çəkməkdən, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaqdan keçir”.

Elşad Paşasoy,
Musavat.com

Избранный
51
musavat.com

1Источники