Bu gün Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası həyata keçirilib. Tədbir hazırkı ekoloji problemlər fonunda yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin qorunmasına dəstək məqsədi daşıyıb.
Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il martın 13-də imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılıb.
Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi ölkədə ekoloji tarazlığın bərpasına töhfə verməkdir. Artıq dördüncü ildir davam edən aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı direktoru Azər Əkbərov və digər qurumların rəhbər şəxsləri ilə yanaşı üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Tədbir çərçivəsində Müşfiqabad qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun ümumilikdə 37500 müxtəlif növ ağacın əkilməsi və müasir suvarma sisteminin qurulması planlaşdırılır. Aksiya zamanı iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”