RU

Ədəbi-estetik düşüncənin zirvəsi: Mingəçevirdə Mir Cəlal Paşayev yaradıcılığına baxış

Mingəçevir, 24 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr edilmiş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlimata görə, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda universitetin professor-müəllim heyəti iştirak edib. Konfrans Ümummilli Lider Heydər Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mir Cəlala Paşayevin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Anar Eminov bildirib ki, belə elmi-praktik konfransların təşkili universitetdə humanitar elmlərə marağın artırılması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən təhlili və tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. O, həmçinin vurğulayıb ki, Mingəçevir Dövlət Universitetində milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetin elmi-ictimai mühitinin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət edir.

MDU-nun əməkdaşlarından baş müəllim Ayna Babazadə "Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı", dosent Günel Yunusova "Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası", baş müəllim Pərvin Hüseynova "Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər", baş müəllim Səadət Ağakişiyeva "Mir Cəlal əsərlərində müəllimə münasibət" və müəllim Gülay Bağırova "Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi" mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlar ətrafında aparılan müzakirələr zamanı iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, görkəmli yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.

Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb. Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində belə elmi tədbirlərin təşkili klassik ədəbi irsin öyrənilməsi, elmi-tədqiqat mühitinin inkişafı və tələbələrin akademik potensialının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Müxbir – Vüsalə Cənnətova

Избранный
8
11
azertag.az

10Источники