Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İnsulin dirənci son vaxtlar çox dəbdə olan bir anlayışdır. Bu yaxınlarda bir xanım pasient mənə yaxınlaşıb və mən ondan soruşanda ki, sizi nə narahat edir, o dedi ki, məni insulin dirənci narahat edir. Artıq ətrafında, çevrəsində eşitdiyini, bildiyini hər kəs özündə axtarır. Bu da haradasa sevindirici faktdır ki, insanlar nəyisə düşünüb tədbirli olmağa başlayır. Piylənmə varsa, kişilərdə bel çevrəsinin 94 santimetrdən, qadınlarda isə 80 santimetrdən çox olması müşahidə olunursa, o zaman laborator analizlər olmadan biz təsdiq edə bilərik ki, bunun insulin dirənci vardır".
Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı ATU Tədris Terapevtik Klinikasının Şəkərli Diabet şöbəsinin müdiri, həkim-endokrinoloq Sevil Mustafayeva dedi.
Onun sözlərinə görə, müraciət edən xəstələrin əksəriyyətinin sualı budur:
"“Doktor, məndə hormonal pozulma varmı? Mən hormonların disbalansına görə arıqlaya bilmirəm, nədən mən çəki ata bilmirəm?” deyərək və yaxud hansısa hormonal problemi olan və onun üçün mütəmadi müalicə alan xəstələrimizin sualı olur. “Bəlkə mənim müalicəm yetərli deyildi? Bəlkə nəyisə gözdən qaçırıram?” deyirlər. Biz endokrinoloqlar üçün mühüm endokrin hormonlarımızın, vəzilərimizin hipofiz vəzi, qalxanabənzər vəzi, paratiroid, böyrəküstü vəzilər, yumurtalıqlar, testislər rutin olaraq kontrolda saxladığımız göstəricilərdir. “Bunlar yetərlidirmi?” sualına irəlidə cavab verməyə çalışacağam. Təbii ki, hormonlar bizim iştahımızı, qida seçimini, qida porsiyalarının həcmini hamısını idarə edir. Və sosial şəbəkələrdə çox vaxt paylaşımlar zamanı artıq çəki ilə əlaqədar şərhlərdə yazılan sözlər, yəni Əhməd Hocanın sözünə qüvvət olaraq “yeməyi yeməyin, ağzınızı bağlayın və arıqlayın, idmanla məşğul olun, arıqlayın” çox rahat söylənilsə də, əslində bu belə deyil.
Piylənmənin çox təsir faktorları var. İlk öncə enerji sərfiyyatıdır ki, istifadə etdiyimiz qidanın sərfiyyatı ilə bərabər deyildir. Düşünsək ki, 60-70 il əvvəl insanlar bizdən daha aktiv olublarmı? Onlar daim idman zallarında vaxt keçiriblərmi? Xeyr. Amma illər öncə bu qədər qida çeşidləri olmayıb. Bu qədər çeşid genişliyi və xüsusən də karbohidrat tərkibli qidaların müxtəlifliyi olmayıb, nə qədər ki, indi bizim əlimizdə var. Ətraf mühitin təsiri çox önəmli bir təsirdir. Mənim kişi pasientlərimin gileyləndiyi məsələ budur ki, işdən sonrakı zamanı biz restoranlarda, yeməkxanalarda keçirmək məcburiyyətindəyik, iş görüşmələri gecə saatlarında olur, çox kalorili qida qəbulu zamanı mühüm hansısa problemlərin, məsələlərin həlli məhz o yeməklər zamanı baş verir. Və təbii ki, spirtli içkilər bu masalarda qaçılmazdır".
NURİYYƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.