RU

"Əgər belə davam etsə, biz də İtaliyanın vəziyyətini düşəcəyik"

İtaliyanın Viçentsa əyalətinin şimalındakı on bələdiyyə köhnəlmiş daşınmaz əmlakı simvolik olaraq 1 avroya satışa çıxarıb. Məqsəd dağlıq rayonlara həyatı qaytarmaq və əhalinin köçünün qarşısını almaqdır.
İstifadəsiz hesab edilən 385 obyektdən 24 bina faktiki olaraq satışa çıxarılıb. Birliyin prezidenti və Monte di Malonun meri Moze Skvartson layihəni "pula deyil, həyata qoyulan investisiya" adlandırıb.

Bu cür təşəbbüslər bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da regionlarda əhalinin şəhərə üz tutması problemini yenidən gündəmə gətirir. Son illər kəndlərdən şəhərlərə miqrasiyanın artması fonunda, oxşar yanaşmaların ölkəmizdə tətbiq imkanları da müzakirə olunur.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı Vüqar Oruc bildirib ki, Avropada bizdən fərqli olaraq şəhərləşmə prosesi çox sürətlə gedir. Buna baxmayaraq V.Oruc ölkəmizdə də şəhərə axının gücləndiyini deyib:

“Söhbət əgər ilk növbədə İtaliyadakı aksiyadan gedirsə, bunu anlayışla qarşılanmaq lazımdır. Çünki urbanizasiya Avropa ölkələrində çox sürətlə gedir və kənd əhalisinin azalması, şəhər əhalisinin məskunlaşma faizinin yüksəlməsi sözün əsl mənasında elə bir proqnoz verməyə imkan yaradır ki, bir müddətdən sonra Avropada yəqin ki, kənd qalmayacaq. Belə bir problem təbii ki, 21-ci əsrin ən aktual problemidir və bu, şəhərlərin böyüməsi, regionların isə getdikcə kiçilməsi məsələsidir. 

Təkcə İtaliyada deyil, çox dövlətlərdə bu cür təşviq proqramları var. Əsas məqsəd, kənddə bitmiş, sıradan çıxmış həyatı bərpa etmək və kəndə diqqət yönəltməkdir ki, investorlar kəndə yönəlsinlər, orada fermer təsərrüfatları, istehsal sexləri açsınlar və s. Bu da kənd həyatının bərpasına və yaşayışın təmin olunmasına yönəlib.

Düzdür, bizdə durum Avropadakı kimi deyil, amma urbanizasiya və şəhərdə daha çox iş yerinin olması, kəndlərdən şəhəri axını gücləndirib. Daşınmaz əmlakın qiymətinin artması, ölkədə sıxlığın yaranması, xüsusilə Bakı şəhərində tıxacların, insan sıxlığının mövcudluğu həmin problemlərin təzahürüdür. Bunun aradan qaldırmaq üçün təşviq proqramları vacibdir, bizdə də ola bilər”. 

İqtisadçı hesab edir ki, əhalinin kəndlərdə olmasının qarşısını almaq üçün kəndlilərə imkanlar yaratmaq lazımdır:

“Düşünürəm ki, təşviq proqramlarından əvvəl kənd əhalisi üçün imkanlar yaratmaq lazımdır. Bildiyimiz kimi, 96-cı maddə bələdiyyə torpaqları ilə bağlı dəyişərək, torpaqların qiymətləndirilməsinin məhz qiymətləndirici şirkətlərə həvalə olunması və aktiv şəkildə kənd əhalisinə torpaqların satılması istiqamətində bələdiyyələrə şəraitin yaradılması baş verdi. 

Bu dəyişiklik çox böyük aktivlik yaradıb. Yəni, kənd əhalisinə torpaqların verilməsi onların kənddə müəyyən yaşayış evlərinin tikintisinə başlaması, öz təsərrüfatlarını qurması üçün şərait yaradılması deməkdir. Bələdiyyələr də bu istiqamətdə addımlara atmağa başladı, amma müəyyən icra qurumları tərəfindən ciddi şəkildə problemlər yaradıldı. İndi bu proses səngiyib. 

Bu qanun ona görə dəyişilmişdi ki, əvvəllər bələdiyyələrinin torpaqları əhaliyə bu və ya digər formada təklif olunurdu, onların hərracda əlçatanlığı təmin edilmirdi və s. Bu cür problemlər aradan qalxsın deyə prosesin sadələşdirilməsi, qanunləşdirilməsi istiqamətdə addımlar atıldı.

İndi yenə də əhali torpaqla təmin olunur. Mənə elə gəlir ki, Azərbaycan kənd əhalisi Avropa kənd əhalisindən daha aktivdir. Təklif proqramları hazırlamaqdansa, onlara müəyyən şərait yaradılmalıdır və torpaq verilməlidir ki, fəaliyyət göstərsinlər. İstər bu əkin torpaqları olsun, istər həyətyanı sahə və öz təsərrüfatlarının yaradılması üçün fərdi yaşayış evlərinin torpaqları olsun. Yəni bu torpaqları satmaq əhaliyə və eyni zamanda satışın qarşısındakı süni maeələri aradan qaldırmaq lazımdır.

İkinci isə sənədləşmə problemlərini həll etmək lazımdır. Bildiyiniz ki, 500 mindən çox qanunsuz tikili sənədləşmə üçün amnistiya gözləyir. Eyni zamanda da hektarlarla sahibsiz torpaq var və süni əngəllərlə həmin torpaqların satılmasının qarşısı alınır. 

Prezidenti Cənab İlham Əliyevin yaratdığı şərait, qanunlara dəyişiklik, qiymətlənmə fəaliyyəti haqqında qanun, bələdiyyə torpaqları haqqında məcəlləyə dəyişiklik, yeni situasiyanın yaranması bunlar hamısı təbii ki, institusional islahatların tərkib hissəsidir. Elə bu islahatları təkcə hakimiyyət orqanları yox, eyni zamanda xalq və məmurlar da dəstəkləməlidir ki, öz nəticəsini versin. Təəssüf ki, torpaq satışı ilə bağlı problemlər var və əgər belə davam etsə, vaxt gələcək ki, elə biz İtaliyanın vəziyyətini düşəcəyik ki, bir avroya torpaq sahələrini təşkil edək və xalqı yenidən şəhərlərdən kəndə qaytaraq”.

Billurə Yunus

Избранный
24
1
olke.az

2Источники