RU

Türkiyə bayrağının yandırılması region üçün təhlükəli siqnaldır

Cənubi Qafqazda onsuzda həssas olan siyasi və ictimai münasibətlər fonunda baş verən son hadisələr regionda gərginliyin hansı istiqamətdə inkişaf etdiyini bir daha açıq şəkildə göstərdi. Azərbaycanın tarixi İrəvan şəhərində “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması təkcə ayrı-ayrı radikal qrupların davranışı kimi deyil, bütövlükdə cəmiyyətdə formalaşmış təhlükəli meyillərin göstəricisidir. Bu cür addımlar regionda sülh və əməkdaşlıq perspektivlərinə zərbə vurmaqla yanaşı, millətçilik və dözümsüzlük ideyalarının hələ də müəyyən dairələrdə dominant olduğunu nümayiş etdirir.

Belə hadisələr təsadüfi xarakter daşımır. Tarixən Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş təxribatlar, mədəni irsə qarşı vandalizm halları və tarixi faktların saxtalaşdırılması ilə müşayiət olunan bu yanaşma müəyyən ideoloji xəttin davamı kimi çıxış edir. Dövlət rəmzlərinə qarşı hörmətsizlik isə beynəlxalq münasibətlərdə qəbul olunmuş davranış normalarına zidd olmaqla yanaşı, açıq şəkildə qarşıdurmanı qızışdırmağa hesablanmış addım kimi dəyərləndirilməlidir.

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, Ermənistan hazırda həssas bir dönəmdən keçməkdədir: "Uzun illər beyinləri zəhərlənmiş, uydurma ideyalarla silahlandırılmış, qonşulara qarşı kin-küdurət əhval-ruhiyyəsində tərbiyə olunmuş ermənilər ya sivil dünya nizamına uyğunlaşmalı, ya da bütün bəşəriyyət üçün təhlükə mənbəyi kimi qalmaqda davam etməlidirlər. Çox təəssüf ki, hələ də dərk etmirlər ki, utopik ideyalarla onları qonşulara qarşı istifadə edirlər. Erməni daşnakları anlamalıdırlar ki, onların hərəkətləri sivil dünyaya inteqrasiya etmək istəyən soydaşlarına da zərər vurur. Ermənistan bir dövlət kimi təcrid olunur. Bütün regional layihələrdən kənarda qalır. Beləliklə, daha çox onları istifadə edən qüvvələrdən asılı vəziyyətə düşür".

Partiya sədri baş vermiş son hadisəni təsadüf saymır: "Türkiyənin bayrağının yandırılması təsadüfi ola bilməz. Bu düşünülmüş və əvvəlcədən planlaşdırılmış aksiyadır. Çox güman ki, bu hərəkətin arxasında regionda sülhün yaradılmasında maraqlı olmayan xarici qüvvələr dayanır. Ermənilər həmişə olduğu kimi yenə də onların əlində oyuncağa çevriliblər. Bu hərəkətlər Ermənistanı yenidən təcridə gətirib çıxara və qonşularla münasibətləri gərginləşdirə bilər.

Ən təhlükəli hal isə budur ki, maraqlı qüvvələr erməniləri uydurma ideyalarla aldadırlar. Onları əsl həqiqəti dərk etməyə qoymurlar. Bütün bunlar da ermənilərin qonşular üçün hələ təhlükə olaraq qaldığını göstərir.

Türkiyənin dövlət bayrağına qarşı törədilmiş bu vəhşilik Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsinin imzalanmasına da zərbə vurur. Bayraq ermənilər üçün adi bir parça ola bilər, ancaq bizim üçün o müqəddəsdir.

Ermənistanın sülhə sadiqliyini təkcə sözdə ifadə etməsi görünür ki, kifayət deyil. Bu ölkənin indiki rəhbərliyi əməlində də bunu nümayiş etdirməlidir. Bayrağın yandırılması sübut edir ki, ermənilər sülhə hazır deyillər, sadəcə olaraq maskalanmağa çalışırlar. Amma bu da uzun müddət çəkməyib, çox tezliklə əsl üzləri ortaya çıxıb.

Bütün bunları nəzərə alaraq Ermənistan iqtidarı ölkə daxilində qonşulara nifrət ruhunda yaşayan erməniləri tərbiyə etməli və xaricdən onlara yönələn provakativ dəstəyi kəsməlidir".

Cavanşir Abbaslı
Musavat.com

 

Избранный
29
7
musavat.com

7Источники