Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avropa rəsmiləri xəbərdarlıq ediblər ki, aviasiya yanacağı çatışmazlığı səbəbindən böyük sayda insanın planlaşdırdığı məzuniyyətlər risk altına düşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Express” nəşri yazıb.
Məlumata görə, Avropa İttifaqının enerji üzrə komissarı Dan Yorqensen vəziyyəti "çox ciddi böhran” kimi qiymətləndirib. Onun sözlərinə əsasən, yanacaq qıtlığı hava nəqliyyatında genişmiqyaslı pozuntulara səbəb ola bilər.
Böhranın səbəbi kimi İranla müharibə və Hörmüz boğazının faktiki olaraq bağlanması göstərilir. Bu səbəbdən Yaxın Şərqdən neft ixracı kəskin azalıb və Avropada aviasiya yanacağı ehtiyatları ciddi şəkildə tükənib.
"Çox güman ki, bir çox insanın məzuniyyəti ya reyslərin ləğvi, ya da bilet qiymətlərinin həddindən artıq artması səbəbilə pozulacaq”, deyə Dan Yorqensen bildirib. O əlavə edib ki, yanacaq fiziki olaraq çatışmırsa, bütün səylər belə problemi tam həll edə bilməz.
İtaliya Mülki Aviasiya İdarəsinin rəhbəri Pyerluici Di Palma isə turistlərə ölkə daxilində istirahəti nəzərdən keçirməyi tövsiyə edib. Onun sözlərinə görə, böhran sərnişinlər üçün ciddi nəticələr doğura bilər və daxili turizm daha təhlükəsiz alternativ ola bilər. O həmçinin səyahət planlayanlara gecikmə və ləğv halları üçün xüsusi sığorta almağı məsləhət görüb.
Avropa İttifaqı böhranın təsirlərini azaltmaq üçün bir sıra tədbirlər hazırlayıb. Bunlara bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, istilik nasosları və günəş panelləri kimi texnologiyaların təşviqi daxildir.
Məlumata görə, Avropa istifadə etdiyi aviasiya yanacağının təxminən 75 faizini Yaxın Şərqdən idxal edir. Bu səbəbdən tədarükdəki fasilələr xüsusilə ciddi nəticələr doğurur. Lufthansa aviaşirkəti artıq oktyabr ayına qədər təxminən 20 min qısa məsafəli reysi ləğv edib.
Beynəlxalq Enerji Agentliyi isə Avropadakı yanacaq ehtiyatlarının cəmi altı həftəyə yetə biləcəyini bildirib. Agentliyin icraçı direktoru Fatih Birol bu vəziyyəti "indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranı” adlandırıb.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.