Əraqçi İslamabada gedir – Böyük razılaşma, yoxsa növbəti fiasko? ŞOK DETALLAR
İranın xarici işlər naziri Abbas Əraqçinın İslamabada planlaşdırılan səfəri regionda diqqət mərkəzinə çevrilib. Məlumata görə, o, cümə günü axşam saatlarında kiçik müşavir heyəti ilə Pakistan paytaxtına yola düşəcək. Səfərin ən diqqətçəkən məqamı isə ABŞ ilə mümkün sülh danışıqlarının gündəmdə olmasıdır. Pakistan hökumətindəki mənbələr bildirir ki, görüşün təşkili istiqamətində artıq konkret addımlar atılıb və ABŞ-nin logistika və təhlükəsizlik üzrə mütəxəssislərindən ibarət qrup İslamabadda yerləşdirilərək hazırlıq prosesinə başlayıb. Bu isə göstərir ki, proses təkcə diplomatik niyyət səviyyəsində deyil, real danışıqlara keçid mərhələsinə yaxınlaşa bilər.
Bu görüş İran–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? Danışıqlar baş tutarsa, İran üzərinə hansı öhdəliklər götürə bilər? ABŞ tərəfi bu görüşdən nə əldə etməyə çalışır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, bu məsələdə tərəddüd edən hələ ki, İran tərəfidir:
“Çünki ABŞ ikinci görüşə razılıq vermişdi, hətta ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İslamabada gəlməsi də gündəmdə idi. Bunun üçün bir şərt irəli sürülmüşdü ki, əvvəlki görüşdə olduğu kimi, İran tərəfindən parlament sədri Qalibaf iştirak etsin. Lakin son anda Qalibaf görüşdən imtina etdi, digər nümayəndələr də geri çəkildi və nəticədə görüş baş tutmadı. Bu isə bölgədə gərginliyin daha da artmasına səbəb oldu. İran tərəfi bunu belə əsaslandırdı ki, ABŞ Hörmüz boğazının çıxışında tətbiq olunan mühasirəni dayandırmayıb. ABŞ isə hələlik bu təzyiq vasitəsindən istifadə etməyi düşünür. Donald Trampın yanaşmasına görə, bu yolla İrana təzyiq göstərmək mümkündür. Eyni zamanda ABŞ tərəfinin tam zəmanəti yoxdur ki, mühasirəni dayandıracağı təqdirdə İran da qarşılıqlı olaraq boğazda sərbəst hərəkəti təmin edəcək, tanker gediş-gəlişinə əlavə rüsumlar tətbiq etməyəcək və yoxlamaları sərtləşdirməyəcək. Bu qeyri-müəyyənlik səbəbindən mühasirə davam etdirilir. Trampın mövqeyi ondan ibarətdir ki, Hörmüz boğazı mühasirədə qaldığı halda belə danışıqlar davam edə bilər və bu məsələ danışıqların əsas predmetinə çevrilə bilər. Abbas Əraqçinin İslamabada səfəri də bu kontekstdə qiymətləndirilir”.
Elxan Şahinoğlunun sözlərinə əsasən, Əraqçi müstəqil qərar verən fiqur deyil və onun arxasında SEPAH generalları dayanır. Əgər Abbas Əraqçi hər hansı razılaşmaya gəlsə belə, sonradan SEPAH rəhbərliyi bu razılaşmanı qəbul etməyə bilər və proses yenidən sıfırdan başlaya bilər:
“Daha əvvəl də oxşar hallar yaşanıb: bir tərəfdən İran rəsmiləri müəyyən yumşaq mesajlar verib, hətta prezident Pezeşkian körfəz ölkələrindən üzr istəyib, lakin qısa müddət sonra həmin ölkələrə qarşı dron və raket hücumları həyata keçirilib. Bu da göstərir ki, İran daxilində vahid mövqe formalaşmayıb. Hazırda da İranın bəzi rəsmiləri və hərbi dairələri körfəz ölkələrini açıq şəkildə hədələyirlər ki, əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, həmin ölkələr yenidən hədəfə çevrilə bilər”.
Politoloqun sözlərinə görə, Pakistan bu danışıqların baş tutmasında maraqlıdır. Çin də vəziyyətin sabitləşməsini istəyən əsas aktorlardan biridir:
“Pekin İran rejiminin tam güclənməsində maraqlı olmasa da, Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasını vacib hesab edir. Çünki Çin enerji təhlükəsizliyi baxımından çətinliklərlə üzləşə bilər. Daha əvvəl Venesueladan müəyyən üstünlüklərlə neft əldə edən Çin əgər İranı da itirərsə, ucuz enerji mənbələrindən məhrum ola bilər və yalnız Rusiya və bəzi Afrika ölkələri ilə kifayətlənmək məcburiyyətində qala bilər. Məhz buna görə də Çin üçün Vaşinqton və Tehran arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunması strateji əhəmiyyət daşıyır. Lakin əgər İslamabad görüşü baş tutmasa və tərəflər ortaq məxrəcə gələ bilməsə, bölgədə gərginliyin davam edəcəyi və hətta daha da dərinləşəcəyi ehtimalı yüksək olaraq qalır”.