RU

ABŞ hədəfləri vurmaq üçün əməliyyat planları hazırlayır - bu iddia nə qədər realdır?

CNN-in iddiasına görə, ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək üçün planlar hazırlayır.

Mənbələrə görə, ABŞ hücumlarının hədəfləri İranın mina yerləşdirən gəmiləri və sürətli hücum qayıqları ola bilər. ABŞ ordusu Hörmüz boğazında, Oman körfəzində və Fars körfəzinin cənubundakı hədəflərə zərbələr endirməyi nəzərdən keçirir.

CNN qeyd edib ki, hərbi əməliyyatların ilk ayının böyük bir hissəsində ABŞ əsasən boğazdan uzaq hədəfləri hədəfə alsa da, yeni strategiya bombalanmaların strateji əhəmiyyətli su yollarına yönəldilməsini tələb edir.

Mənbələr əlavə edib ki, ABŞ ordusunun İranı danışıqlar masasına oturmağa inandırmaq üçün ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna zərbələr endirməsi də mümkündür.

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında ABŞ-İran danışıqlarının hələ ki dalana dirəndiyini söylədi: "Bunun əsas səbəbi tərəflərin kompromisə getmək istəməməsi və danışıqlar üçün şərt qoymasıdır. Xüsusilə Hörmüz boğazı ilə bağlı məsələ tərəflər arasında düyün nöqtəsinə çevrilib.
İndi tərəflər öz şərtləri altında danışıqların baş tutmasına çalışır. Bunun üçün müxtəlif yollardan, o cümlədən təzyiqdən istifadə olunur. "CNN"in iddiası da bu baxımdan qiymətləndirilməlidir.

Nəşrin iddiası nəzəri baxımdan inandırıcı ola bilər. ABŞ öz məqsədlərinə çatmaq üçün hərbi gücə əl ata, qarşı tərəfi qorxutmaq istəyə bilər. Amma praktik baxımdan bu, o qədər də inandırıcı deyil. Ona görə ki, ABŞ-nin bu addımı İranın adekvat reaksiyasına səbəb ola bilər. Vaşinqton, yəqin ki, bunu başa düşür və belə bir ssenaridən çəkinəcək. Çünki bir aydan çox davam edən eskalasiya da Vaşinqton üçün o qədər də uğurlu olmadı. ABŞ-nin hesablamaları dəqiq alınmadı. Nəticədə Ağ Ev rəhbəri Donald Trampın reytinqi də ciddi azaldı. İkinci bir tərəfdənsə ABŞ danışıqlarda səmimi görünür. İrana hücum mümkün müzakirə ehtimalını daha da azalda bilər.

Bütün bunları nəzərə alsaq düşünürəm ki, CNN-in iddiası sadəcə informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir".

Cavanşir Abbaslı
Musavat.com

Избранный
82
musavat.com

1Источники