RU

ABŞ İranla bağlı 344 milyon dollarlıq kripto aktivləri dondurdu

ABŞ-ın İranla bağlı yeni sanksiya qərarları qüvvəyə minib. 

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli olduğu bildirilən 344 milyon dollar dəyərində kripto aktivlərin dondurulduğunu açıqlayıb.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton “İqtisadi Qəzəb” əməliyyatı çərçivəsində Tehranın vəsait toplamaq, transfer etmək və ölkəyə qaytarmaq imkanlarını sistemli şəkildə zəiflətməyə davam edəcək.

Onun sözlərinə görə, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranla əlaqəli çoxsaylı kripto pul kisələrinə sanksiya tətbiq edib. Bu qərar nəticəsində 344 milyon dollar dəyərində kripto vəsait dondurulub.

Bessent qeyd edib ki, ABŞ İranın ölkədən çıxarmağa çalışdığı pulların izini izləyəcək və rejimlə bağlı bütün maliyyə kanallarını hədəfə alacaq. 

Screenshot_2.png

ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, yeni sanksiyalar yalnız ənənəvi üsullarla sanksiyalardan yayınma cəhdlərini deyil, həm də rəqəmsal aktivlər kimi müasir texnologiyalardan sui-istifadə hallarını əhatə edir.

Nazirlik rəsmilərinin iddiasına görə, blokçeyn analitikləri ilə aparılan araşdırmalar nəticəsində İranla maddi bağlantıları göstərən əməliyyatlar müəyyən edilib. Bu əməliyyatlar arasında İran kripto birjaları ilə təsdiqlənmiş tranzaksiyalar, həmçinin İran Mərkəzi Bankı ilə əlaqəli cüzdanlarla təmasda olan vasitəçi ünvanlar üzərindən aparılan köçürmələr də var.

ABŞ tərəfi iddia edir ki, İran Mərkəzi Bankı rəqəmsal aktivlərdən istifadə etməklə sərhədlərarası əməliyyatlarda rolunu gizlətməyə çalışır. Vaşinqtona görə, bu addımlar riyalın sabitləşdirilməsi və sanksiyalar fonunda beynəlxalq ticarətin asanlaşdırılması məqsədi daşıyır. 

Screenshot_3.png

Bundan başqa, OFAC İran neftinin əsas alıcılarından biri kimi göstərilən Çində yerləşən “Hengli Petrochemical” şirkətini də sanksiya siyahısına daxil edib. ABŞ tərəfinin məlumatına görə, şirkət milyardlarla dollar dəyərində İran nefti alıb.

Yeni qərarlar çərçivəsində İranın “kölgə donanması” ilə əlaqəli olduğu bildirilən 40-a yaxın gəmiçilik şirkəti və gəmi də sanksiya siyahısına əlavə edilib.

 

Musavat.com

Избранный
112
14
musavat.com

10Источники