RU

İstanbulda sözün nəfəsi, musiqinin ruhu Türk dünyası bir səhnədə

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstanbul, 25 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “Türk dünyasının şeir və musiqi məclisi” mövzusunda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə Yazıçılar Birliyi və Türk Dünyası Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə baş tutub.

Musiqi məclisində İstanbulda fəaliyyət göstərən türkdilli xalqların nümayəndələrindən ibarət “Rüzgar” qrupu səhnəyə çıxıb.

Proqramda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Əhməd Cavad, Əliağa Vahid, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Arif Nihat Asya və Mehmet İzzet Hattat kimi görkəmli söz ustalarının əsərləri və şeirləri səsləndirilib.

İfa edilən əsərlər arasında Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Türk dünyasının ortaq əsərləri, o cümlədən Türkiyə və Kərkük bölgəsinə aid musiqi nümunələri yer alıb.

Proqramda Qarabağ Zəfərinə xüsusi yer verilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Türkiyə Yazıçılar Birliyinin sədri Mahmud Bıyıklı bu kimi tədbirlərin gələcəkdə silsilə şəklində digər şəhərlərində də keçirilməsinin vacibliyini vurğulayıb.

Siyasi partiyaların nümayəndələri, elm və incəsənət xadimləri, eləcə də iş adamları və tələbələrin geniş iştirakı ilə keçirilən tədbir tamaşaçılarla yanaşı İstanbulu ziyarət edən turistlər tərəfindən də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Rüzgar” qrupunun qurucusu, İstanbul Universitetinin doktorantı, “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər, bədii rəhbəri isə Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayevdir.

Artıq iki ildir İstanbulda fəaliyyət göstərən qrupun əsas məqsədi Türk dünyasının birlik və bərabərliyini əks etdirən kompozisiyalar vasitəsilə ortaq mədəniyyətimizi təbliğ etməkdir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
17
azertag.az

10Источники