RU

BMT: Bərpaolunan mənbələrdən istifadə bəşəriyyətin rifahının təmin olunmasında həlledici rola malikdir

Bakı, 27 aprel, AZƏRTAC

Qlobal miqyasda neft-qaz hasilatının böyük hissəsinə malik olan Yaxın Şərqdə davam edən qeyri-sabitlik bir çox ölkəni bərpaolunan enerji mənbələrindən istifadə etməklə ucuz və etibarlı enerji təchizatına çıxışın təmin olunmasına diqqət yetirməyə məcbur edir. Hörmüz boğazından təchizatın kəsilməsi ölkələri dəyişkən qiymətlərə, geosiyasi şoklara və tədarükdə fasilələrə məruz qoyub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin enerji böhranı ilə bağlı geniş hesabatında yer alıb.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib: “Yaxın Şərqdə şahidi olduğumuz qarışıqlıq qazıntı yanacaqları ilə bağlı qlobal enerji sistemində böhranın dərinləşdiyini göstərir. Bu, təchizatın bir neçə bölgədə cəmləşdiyi və hər bir münaqişənin qlobal iqtisadiyyata, xüsusən də ən həssas insanlara şok dalğaları göndərmək riski daşıdığı bir şəraitdir”.

Hesabatda qeyd olunur ki, Günəş, külək və su enerjisi kimi bərpaolunan enerji mənbələri sabit və getdikcə daha ucuz enerji təklif edir. Onlar, həmçinin təkcə iqlim səbəblərinə görə deyil, həm də təhlükəsizlik və iqtisadi dayanıq baxımından müasir enerji sistemlərinin əsasını təşkil edən qazıntı yanacaqlarını sürətlə geridə qoyur.

Baş katib əlavə edib: “Bərpaolunan mənbələr artıq qlobal quraşdırılmış enerji tutumunda qazıntı yanacaqları ilə demək olar ki, bərabərdir. Günəş işığı üçün qiymət artımı yoxdur, külək enerjisinə də embarqo qoyula bilməz”. O, bərpaolunan enerji mənbələrinin artıq enerji təhlükəsizliyinin və suverenliyinin təməlinə çevrildiyini bildirib, əlavə edib ki, təmiz enerji həm də tullantıları, çirklənməni azaldır, iş yerləri yaradır və uzunmüddətli xərcləri minimuma endirir. Bu, bir neçə aparıcı ölkədə artıq nəzərəçarpan qlobal dəyişikliyə səbəb olur.

Hesabatda ölkələrin bu sahədə nailiyyətləri də yer alıb. Qeyd olunub ki, Norveç əsas neft və qaz ixracatçısı olaraq qalır, lakin ölkə daxilində elektrik enerjisi sistemi artıq böyük ölçüdə bərpaolunan mənbələrə keçirilib və bu, sabit, daxili nəzarətdə olan enerji təchizatını təmin edir.

Diqqətə çatdırılıb ki, Almaniya dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir və ətraf mühit agentliyinin məlumatına görə, Avropa ölkəsinin uzunmüddətli qazıntı yanacaqlarından uzaqlaşmasının bir hissəsi olaraq bərpaolunan enerji mənbələrində davamlı artım baş verir. Bərpaolunan enerji mənbələri idxal olunan yanacaqlardan asılılığı azaltmağa və istehlakçıları qlobal qiymət şoklarından qorumağa, eləcə də iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edir.

Hindistanın inkişaf edən iqtisadiyyatı var və dünyada ən çox əhalisi olan ölkədir. Günəş və külək enerjisi sürətlə genişlənsə də, bu ölkə ehtiyac duyduğu elektrik enerjisini istehsal etmək üçün hələ də kömürdən istifadə edir. Bərpaolunan enerji mənbələri bahalı yanacaq idxalını azaltmağa və dinamik iqtisadiyyatda enerji təchizatını sabitləşdirməyə kömək edir.

Bu sahədə lider mövqeyinə malik olan Çinin Milli Enerji Administrasiyasının məlumatına görə, bu ölkədə ümumi quraşdırılmış elektrik enerjisi istehsalı gücü 2026-cı ilin mart ayının sonuna qədər 3,96 milyard kilovata çatıb ki, bu da illik müqayisədə 15,5 faiz çoxdur. Günəş enerjisi sürətlə genişlənməyə davam edib və onun gücü 31,3 faiz artaraq 1,24 milyard kVt-a çatıb. Külək enerjisi də güclü artım göstərərək 22,4 faiz artıb və 660 milyon kVt-a çatıb. Cari ilin birinci rübündə ölkədə elektrik enerjisi istehsalı avadanlıqlarının orta istifadə saatı ötən ilin eyni dövrü ilə müqayisədə 66 saat az olmaqla 703 saat təşkil edib.

BMT qeyd edir ki, bərpaolunan mənbələrdən daha geniş istifadə və bu sahəyə qoyulan investisiyaların həcminin artırılması bəşəriyyətin rifahının təmin olunmasında həlledici rola malikdir.

Избранный
57
1
azertag.az

2Источники