RU

44 illik pedaqoji yol… - MÜSAHİBƏ

Müəllimlik – bir ömürdən min gələcəyə uzanan körpü

Müəllim sözlə tam ifadə oluna bilməyən, lakin hiss edildikdə insanda dərin ehtiram və minnətdarlıq oyadan peşədir. Bu, sadəcə bir peşə deyil, bir ömrün başqa ömürlərə toxunma, onları formalaşdırma və istiqamətləndirmə sənətidir. Müəllim bəzən bir baxışla inam yaradır, bəzən bir cümlə ilə insanın düşüncə dünyasını dəyişir, bəzən də səssizliyi ilə belə ən vacib dərsi verir. Müəllimlik təkcə bilik ötürmək deyil, eyni zamanda şəxsiyyət yetişdirmək, dəyərlər formalaşdırmaq və gələcəyə yol açmaqdır. O, insanın içindəki potensialı görən, onu oyadan və inkişaf etdirən bir gücdür. Və bəlkə də müəllimliyi ən uca edən məhz budur: onun əməyinin nəticəsi dərhal görünmür, amma illər sonra bir cəmiyyətin taleyində, bir insanın seçimində, bir uğurun arxasında özünü göstərir.

Belə müəllimlərdən biri də “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Bakı şəhər Humanitar fənlər təmayüllü liseyin riyaziyyat müəllimi Gülgəz  Ağayevadır. O, uzun illərdir pedaqoji fəaliyyətində yalnız riyazi biliklərin öyrədilməsi ilə kifayətlənməyərək, eyni zamanda, şagirdlərdə məntiqi düşüncə, analitik yanaşma və elmi təfəkkürün formalaşdırılmasına xüsusi önəm verir. Onun dərsləri sadəcə akademik proses deyil, düşünmə mədəniyyətinin aşılandığı, zəhmət və məsuliyyət anlayışının formalaşdığı bir məktəb kimi xarakterizə olunur.

Bir müəllimin ömrünə sığan min gələcək

Gülgəz müəllimin pedaqoji fəaliyyəti peşəkarlıq, yüksək tələbkarlıq,eyni zamanda, humanist yanaşma üzərində qurulmuşdur. O, hər bir şagirdin potensialını fərdi şəkildə dəyərləndirərək onların inkişafına sistemli şəkildə istiqamət verir və nəticə etibarilə bir çox uğurlu gəncin yetişməsinə töhfə verir. Onun müəllimlik fəaliyyəti təkcə tədris prosesində deyil, həm də ümumi təhsil mühitinin formalaşmasında mühüm rol oynayır.
Onun pedaqoji fəaliyyətini, qazandığı uğurları, peşəsinə olan dərin bağlılığını, zəngin təcrübəsini, eləcə də gənc müəllimlər üçün verdiyi dəyərli tövsiyələri təqdim etmək məqsədilə Əməkdar müəllim Gülgəz Mürşüd qızı Ağayeva ilə müsahibəmizə keçid edirik.

- Zəngin pedaqoji fəaliyyətiniz, keçdiyiniz çətin və məsuliyyətli yol, qazandığınız uğurlar və bu günə qədər gördüyünüz işlər haqqında nə deyə bilərsiniz?

- Ömrümün 44 ilini bu sənətə həsr etmişəm… Özümü yalnız riyaziyyat fənnini tədris edən müəllim kimi deyil, elmə, təhsilə və gələcəyimiz olan gəncliyə xidmət etməyi böyük qürur sayan bir pedaqoq kimi təqdim edərdim. Dərs dediyim şagirdlərin həm təhsildə, həm də həyatda qazandıqları uğurları gördükcə anlayıram ki, dövlətimiz və cəmiyyətimiz üçün faydalı “insan kapitalı”nın formalaşmasında mənim də müəyyən payım var.

1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji  Universitetini bitirdikdən sonra Füzuli rayon M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyada müəllimlik fəaliyyətinə başladım. Lakin Qarabağ hadisələri ilə əlaqədar məktəbimiz evakuasiya olundu və təhsil müəssisəmiz müvəqqəti olaraq Əhmədbəyli kəndində fəaliyyətini davam etdirdi. Həmin dövrdə müəllim və şagird kollektivimizin bir hissəsi müxtəlif bölgələrə səpələnmiş, bir qismi isə məcburi köçkün həyatı yaşayırdı. Çətin və qeyri-müəyyən şəraitə baxmayaraq, mən kollektivimdən və peşəmdən bir gün belə ayrılmadım.

Həyat yoldaşımın hərbi həkim kimi cəbhə bölgəsində çalışması bu dövrün məsuliyyətini daha da artırırdı. O, yaralı əsgərlərin həyatını xilas etmək üçün fədakarlıq göstərdiyi halda, mən də müəllim kimi fəaliyyətimi davam etdirərək şagirdlərə həm mənəvi dayaq olur, həm də təhsil prosesinin fasiləsizliyini qorumağa çalışırdım. Bu, mənim üçün həm vətənə, həm də peşəmə sədaqətin ifadəsi idi.

Sonralar övladlarımın ali təhsil mərhələsinə qədəm qoyması ilə əlaqədar Bakı şəhərinə köçdük və 2005-ci ildə Humanitar fənlər təmayüllü liseydə fəaliyyətə başladım. Bu mərhələ mənim üçün yeni imkanlar və zəngin təcrübə qazandırdı.

Şagirdlərlə daha yaxından işləyərək onları olimpiadalara istiqamətləndirməyə başladım. “Humanitar təmayüllü məktəb” anlayışının riyazi və texniki fənlərlə ziddiyyət təşkil etməsi barədə mövcud stereotipləri aradan qaldırmağa çalışdım. Bu məqsədlə “Humanitar təmayüllü şagirdlərdə texniki fənlərə marağın artırılması” adlı layihə hazırladım və həmin layihə Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsində qalib oldu.

Mənim şagirdlərim arasında Respublika fənn olimpiadalarının və müxtəlif müsabiqələrin çoxsaylı qalibləri vardır. Onların bir qismi yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək akademik bilikləri ilə uğurlar qazanmışdır. Belə şagirdlərdən biri də Aysun Bayramlıdır. Digər şagirdlərimiz də buraxılış imtahanlarında yüksək nəticələr göstərir, 600-dən yuxarı bal toplayanların sayı ildən-ilə artır.
2023-cü ildə şagirdlərimizin “Sabahın alimləri” müsabiqəsində riyaziyyat istiqaməti üzrə qalib olması da xüsusi qürur mənbəyidir. Həmin layihənin rəhbərlərindən biri kimi bu uğur mənim üçün olduqca dəyərlidir.
Uzun illər davam edən pedaqoji fəaliyyətimə verilən yüksək qiymət olaraq 4 oktyabr 2022-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Bu ad mənim üçün yalnız şəxsi nailiyyət deyil, həm də çalışdığım kollektivin əməyinə verilən dəyərin ifadəsidir.
Bundan əlavə, Azərbaycan müəllimlərinin XVI qurultayına nümayəndə seçilməyim və sertifikasiya imtahanında yüksək nəticə göstərməyim də peşəmə olan məsuliyyətimin göstəricisidir. Bu gün həm mənim şagirdlərimin, həm məktəbimizin digər şagird və müəllimlərinin yerli və respublika səviyyəsində, eləcə də beynəlxalq miqyasda qazandıqları akademik nailiyyətlər və əldə etdikləri uğurlar təsadüfi deyil. Bu nəticələrin arxasında məktəbimizin  direktorunun məqsədyönlü, müasir dövrün tələblərinə uyğun, sistemli və intizamlı idarəçilik fəaliyyəti dayanır. Məhz bu düzgün təşkil olunmuş idarəetmə mühiti məktəbimizin davamlı inkişafını və uğurlarını təmin edən əsas amillərdən biridir.
Bu gün də fəaliyyətimi eyni həvəslə davam etdirirəm. Şagirdlərimə olan sevgim və onların inkişafına töhfə vermək istəyi mənim üçün ən böyük motivasiyadır. Hesab edirəm ki, müəllim üçün ən böyük nailiyyət hər gün sinfə daxil olub dərsin sonunda şagirdlərinin yeni biliklər qazandığını görməkdir.

- Riyaziyyata marağınız necə yarandı və bu sahəni seçməyinizə nə təsir etdi?

- Uşaqlıq illərindən riyaziyyata xüsusi marağım olub. Həmişə böyüklərin verdiyi suallara cavab tapmağa çalışır, düzgün nəticə çıxarmağa böyük həvəs göstərirdim. Orta məktəb dövründə ibtidai sinif müəllimim və riyaziyyat müəllimimin fənni yüksək peşəkarlıqla və sevgi ilə tədris etməsi bu marağımı daha da gücləndirdi. Məhz bu mühit mənim gələcək peşə seçimimə ciddi təsir göstərdi və qərar verdim ki, mən riyaziyyat müəllimi olacağam.

- Müxtəlif peşələr arasında niyə məhz müəllimlik ixtisasını seçdiniz?

- Müəllimlik peşəsinə seçimimdə müəllimlərimin mənəvi təsiri böyük rol oynayıb. Onlara bənzəmək, onların peşəkar davranışını davam etdirmək mənim üçün nümunə idi. Uşaqlıqdan qonşuluqdakı kiçik yaşlı uşaqları bir araya toplayaraq onlara dərs keçməyə çalışırdım. Bu proses mənim üçün həm maraqlı, həm də yönləndirici idi.
Eyni zamanda, yaşadığımız dövrdə müəllim peşəsinin cəmiyyətdə yüksək nüfuza və hörmətə malik olması da bu seçimi daha da möhkəmləndirdi.

- Sizin üçün müəllimlik, xüsusilə riyaziyyat müəllimliyi nə ifadə edir?

- Müəllimlik mənim üçün yalnız bir peşə deyil, bir missiyadır. Riyaziyyat isə şagirdlərdə məntiqi düşüncə, analitik yanaşma və problem həll etmə bacarıqlarını formalaşdıran fundamental fənlərdən biridir. Riyaziyyat müəllimi olaraq mən şagirdlərin intellektual inkişafında və şəxsiyyət kimi formalaşmasında bu fənnin rolunu həyata keçirməyə çalışıram.

-Sizcə, uğurlu riyaziyyat müəllimi olmaq üçün ən vacib keyfiyyətlər hansılardır?

-Uğurlu riyaziyyat müəllimi olmaq üçün ilk növbədə güclü metodik hazırlıq vacibdir. Bununla yanaşı, müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli və biliklərini mütəmadi olaraq təkmilləşdirməlidir. Eyni zamanda, şagirdlərlə düzgün ünsiyyət qurmaq, fənni sevdirə bilmək və motivasiya yaratmaq da əsas keyfiyyətlərdəndir.

- İlk dərs gününüzü necə xatırlayırsınız?

- Müəllim kimi ilk dərs günüm Füzuli rayon M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyanın 5-ci sinifində olmuşdur. Şagirdlərin maraqla mənə baxışları bu gün də yaddaşımdadır. Həmin baxışlar mənim üzərimə böyük məsuliyyət qoydu və o andan qərar verdim ki, bu şagirdlərin sevimli müəllimi olmalıyam.

- Universitet illərində sizi formalaşdıran müəllimlər kimlər olub?

- Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığım dövr mənim üçün çox dəyərli bir mərhələ olub. 1982-ci ildə oranı bitirmişəm. O dövrün dəyərli müəllimləri – M.Cəbrayılov, P.Göyüşov, Ə.Əlizadə, A.Sadıqov, Ə.Məmmədov, G.Xudaverdiyeva və başqaları mənim formalaşmağımda böyük rol oynayıblar. Onların dərs metodikası, ünsiyyət mədəniyyəti və peşəyə yanaşması mənim üçün örnək olub.

- İllər ərzində şagirdlərdə müşahidə etdiyiniz ən böyük dəyişikliklər nələrdir?

- Müasir dövrdə şagirdlərin dünyagörüşü daha genişdir. Texnologiyaların sürətli inkişafı onların informasiya əldə etməsini asanlaşdırıb. Bu, şagirdlərin daha yenilikçi və araşdırıcı olmasına şərait yaradır. Lakin,eyni zamanda, diqqətin bölünməsi kimi bəzi çətinliklər də müşahidə olunur.

- Müasir dövrdə şagirdlərin riyaziyyata marağını necə qiymətləndirirsiniz? 

- Son illərdə şagirdlərdə və valideynlərdə riyaziyyata marağın artdığını müşahidə edirəm. Bu, müasir təhsil sistemində riyaziyyatın tətbiqi əhəmiyyətinin artması ilə bağlıdır. Riyaziyyat artıq təkcə bir fənn deyil, həm də gələcək peşələrin əsas bazasıdır.

- Dərslərinizdə hansı metodlardan istifadə edirsiniz?

- Dərslərimdə kurikulumun tələblərinə uyğun müasir təlim metodlarından istifadə edirəm. Sinfin səviyyəsinə, mövzunun xüsusiyyətinə və şagirdlərin fərdi imkanlarına uyğun müxtəlif yanaşmalar tətbiq edilir. Əsas məqsəd şagirdin fəal iştirakını təmin etməkdir.

-Texnologiyanın riyaziyyatın tədrisinə təsiri barədə fikirləriniz…

-Texnologiyanın tədris prosesinə inteqrasiyası riyaziyyatın mənimsənilməsində mühüm rol oynayır. STEAM yanaşması, müxtəlif platformalar və süni intellekt vasitələri şagirdlərin mövzunu daha yaxşı anlamasına və marağının artmasına şərait yaradır.

-Şagirdlərə riyaziyyatı daha yaxşı mənimsəmək üçün tövsiyələriniz nədir?

-Riyaziyyatın daha yaxşı mənimsənilməsi üçün əyanilik vacibdir. Yeni mövzular keçmiş biliklərlə əlaqələndirilməli, tətbiq sahələri göstərilməli və şagirdlər müstəqil düşünməyə təşviq olunmalıdır. Analitik yanaşma bacarığının inkişafı əsas şərtdir.

-Riyaziyyat müəllimi olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

-Gənc müəllimlərə ilk tövsiyəm budur ki, seçdikləri fənni və şagirdləri sevsinlər. Daim öyrənmək, təcrübəli müəllimlərdən faydalanmaq və öz üzərində işləmək bu peşədə uğurun əsas şərtidir.

-Sizcə, riyaziyyat şagirdlərin məntiqi düşüncəsinin və dünyagörüşünün formalaşmasına necə təsir edir?

-Riyaziyyat şagirdlərdə məntiqi və yaradıcı təfəkkürü formalaşdırır. Tədris prosesi zamanı şagirdlər analiz etməyi, nəticə çıxarmağı və əlaqələr qurmağı öyrənirlər. Bu isə onların ümumi dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.

-Pedaqoji fəaliyyətiniz dövründə ən yaddaqalan hadisə hansıdır?

-Ən yaddaqalan təcrübələrimdən biri coğrafiya müəllimi ilə birgə 6-cı sinifdə “Miqyas” mövzusunun inteqrasiya olunmuş şəkildə tədrisi olmuşdur. Şagirdlərin fəallığı və marağı nəticəsində dərs çox yüksək səviyyədə keçdi və tədqiqat yönümlü bir təcrübəyə çevrildi.

-Müəllim kimi sizi ən çox motivasiya edən amil nədir?

-İşlədiyim liseydəki sağlam pedaqoji mühit, əməkdaşlıq ruhu, nizam-intizamlı şagirdlər və kollektivin peşəkarlığı mənim motivasiyamı artıran əsas amillərdəndir.

-Azərbaycan təhsil sistemində riyaziyyatın tədrisini necə qiymətləndirirsiniz?

-Ümumilikdə riyaziyyatın tədrisini müsbət qiymətləndirirəm. Lakin daha effektiv nəticələr üçün məktəblərin müasir kadrlarla təmin olunması, maddi-texniki bazanın gücləndirilməsi və dərsliklərin daha anlaşıqlı olması vacibdir.

-İnternet və sosial şəbəkələrin geniş yayıldığı dövrdə şagirdlərin diqqətini dərsə yönəltmək üçün hansı üsullardan istifadə edirsiniz?

-Müasir təlim metodlarından və texnoloji resurslardan istifadə edərək şagirdlərin marağını artırıram. Dərsliklərdəki elektron resurslardan, videolardan və tapşırıqlardan istifadə etməklə dərsi daha interaktiv edirəm.

- Şagirdlərdə riyaziyyata qarşı qorxu və ya çətinlik hissinin yaranmasının səbəbləri nədir və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Şagirdlərdə riyaziyyata qarşı qorxunun əsas səbəbləri sualların düzgün anlaşılmaması, metodların çətin təqdim olunması və mövzular arasında əlaqənin zəif qurulmasıdır. Bu problemlərin aradan qaldırılması üçün daha sadə, aydın və maraqlı izahlar vacibdir.

- Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək və məsələləri düzgün həll etmək bacarığını formalaşdırmaq üçün hansı üsullardan istifadə edirsiniz?

- Şagirdləri təlim prosesinin mərkəzində saxlayaraq onların idraki fəallığını artırmaq əsas yanaşmadır. Müstəqil düşünmə, təhlil və nəticə çıxarma bacarıqları sistemli şəkildə inkişaf etdirilir.

- Riyaziyyatın gündəlik həyatda tətbiqini şagirdlərə daha maraqlı şəkildə izah etmək və onların marağını artırmaq üçün hansı effektiv metodları tətbiq edirsiniz?

- Dərslərdə real həyat nümunələrindən istifadə etməklə mövzular daha anlaşıqlı hala gətirilir. Şagirdlər özləri də nümunələr gətirməyə və analiz etməyə təşviq olunur. Oyun və praktik üsullar xüsusilə aşağı siniflərdə effektivdir.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

- Övladlarım mənim yolumu davam etdirməsələr də, öz seçimlərini edərək tibb sahəsinə yönəlmişlər.

- Hazırda istifadə olunan riyaziyyat dərsliklərini necə qiymətləndirirsiniz? Onlarda şagirdlərin mövzunu daha asan qavraması üçün nələr təkmilləşdirilə bilər?

- Yeni V-VI siniflər üçün hazırlanmış riyaziyyat dərslikləri məni qane edir amma şagirdlərin riyazi təfəkkürünü inkişaf ettirən çalışmaların sayının artırılmasını istərdim.

- İmtahan sisteminin şagirdlərin riyazi bilik və bacarıqlarını obyektiv qiymətləndirdiyini düşünürsünüzmü? Sizcə, imtahanlarda hansı dəyişikliklər daha faydalı ola bilər?

- Hazırkı imtahan sistemi ümumilikdə obyektivdir, lakin sualların daha anlaşıqlı olması və daha praktik həll üsullarına imkan verməsi tədrisin keyfiyyətini daha da yüksəldə bilər.

- Son dərs gününüzü necə xəyal edirsiniz?

- Həyatımın böyük hissəsini həsr etdiyim müəllimlik peşəsindən ayrılmaq mənim üçün asan deyil. Bu sahədə təcrübəmi davam etdirmək və gələcək nəsillərə bilik vermək əsas məqsədim olaraq qalır.

Son sualımı cavablandırarkən müəllim bir qədər kövrəldi. Lakin bu kövrəkliyin arxasında peşəsinə olan dərin sevgi, şagirdlərinə bağlılıq və müəllimlik sənətinə sarsılmaz hörmət hiss olunurdu. Onun sözlərindən aydın hiss edilirdi ki, müəllimlik onun üçün sadəcə bir iş deyil, ömrünün mənasına çevrilmiş bir həyat yoludur.Ömrünün 44 ilini bu şərəfli sənətə həsr etmiş Gülgəz müəllim üçün hər bir şagird, hər bir dərs, hər bir uğur ayrı bir dəyər daşıyır. O, çalışdığı təhsil müəssisəsinə, pedaqoji kollektivə və şagirdlərinə olan sevgisinin onu bu gün də eyni həvəs və məsuliyyətlə fəaliyyətini davam etdirməyə ruhlandırdığını xüsusi vurğulayır.

Onun baxışında müəllimlik yorğunluq deyil, davam edən bir missiyadır; bitən bir yol deyil, nəsilləri bir-birinə bağlayan mənəvi körpüdür. Hər yeni dərs günü onun üçün yeni bir başlanğıc, yeni bir ümid və yeni bir gələcək deməkdir.
Fəaliyyətinizdə sizə yeni uğurlar, möhkəm cansağlığı və pedaqoji yolunuzda davamlı nailiyyətlər arzulayırıq. Müsahibə üçün təşəkkür edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
4
ikisahil.az

1Источники