RU

"Bu səhvlər müəllimlərin gözündən qaça bilir" - ÇAĞIRIŞ

Son günlər məktəblərdə baş verən hadisələr yenə də uşaqların psixoloji durumundan danışmağa vadar edir. 8, 9, 10 və 11-ci sinif şagirdləri bir-birini bıçaqlayır, bir neçə gün əvvəl isə şagirdlərdən biri digərinin üzərinə spirt tökərək onu yandırıb. Bir sözlə, görünən odur ki, şagirdlərin psixoloji vəziyyəti yaxşı deyil. Məktəbdə artıq elə bir situasiya yaranıb ki, müəllim də şagirdə nəsə deməyə çəkinir, qorxur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, bu hadisələrin ən böyük səbəblərindən biri nəzarətsiz qalmış yeniyetmələrdir:

"Düşünürəm ki, uşaqlarımızın kiçik yaşlarından həyatında baş verən dəyişiklikləri, oynadığı oyunları, əhatələndiyi insanları əgər valideynlər nəzarət altına ala bilsələr, əlbəttə ki, böyük siniflərdə bu problemləri yaşamarıq. Burada tək birmənalı nəzarət deyəndə biz yalnız valideynləri nəzərdə tutmuruq, burada müəllimlərin də nəzarətindən söhbət gedir. Çünki bəzən sinifdə baş verən bullinq, bəzən sinifdə olan münasibətlər sistemindəki səhvlər və s. müəllimlərin gözündən qaça bilir, ya da onlar bu məsələləri çox da ciddiyə almırlar ki, bu da axırda ciddi fəsadlara gətirib çıxarır. Mən düşünürəm ki, burada əsas məsələ müəllimlərin, məktəb psixoloqunun və valideynlərin birliyi olmalıdır, yəni əsas vacib məsələ budur ki, hər hansı bir dəyişikliyi onlar vaxtında aşkarlayıb valideynə bildirsinlər, valideyn də narahat olduğu anları məktəb psixoloquna və müəllimlərinə bildirə bilsin".

Müsahibimiz həmçinin vurğuladı ki, ən böyük problemlərdən biri də uşaqların qida və yuxu sisteminin problemli olmasıdır:

"Qidalanması demək olar ki, düzgün olmayan yeniyetmələrin də psixikasında zaman-zaman problemlər yarana bilir. Yeməkdən çox şirniyyatlardan, şirin sulardan və s. aqressiyaya səbəb ola biləcək qidalardan istifadə etdiklərinə görə bu da səbəb ola bilər. Bəzən gec yatmaq, səhər dura bilməmək və yaxud rejimsiz qidalanma, rejimsiz yuxu, bunların hamısı insanın aqressiv olmasına və düşüncə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Mən düşünürəm ki, müəllimlər və məktəb psixoloqlarının burada əsas prioritet məsələsi toplu halında söhbət yox, daha çox fərdi şəkildə danışmaq, uşaqların vaxtında aşkarlanması üçün müəllimlərin çox diqqətlə müşahidə apararaq məktəb psixoloquna bunu gizli xəbər verməsi olmalıdır və məktəb psixoloqu da bunu araşdırmalıdır. Yəni burada ümumən narahat olduğumuz məqamlardan biri də odur ki, valideynlərin yenə nəzarətsiz qoyduğu uşaqlar bəzən cəmiyyətdə çox böyük fəsadlara gətirib çıxara bilir, həmçinin müəllimlərin nəzarətsiz qoyduğu uşaqların da cəmiyyətdə çox böyük mənfi təsirləri ola bilər".

NURİYYƏ

Избранный
56
redaktor.az

1Источники