RU

Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Publika.az xatırladır ki, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Onun atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışıb. O həmçinin yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmaqla yanaşı, zəngin həyat yolu övladları üçün əsl məktəb idi. Zərifə Əliyevanın belə bir ailədə böyüməsi onun zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilməsini şərtləndirmiş olub. Sözsüz ki, belə bir ailəyə məxsus ziyalılıq, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanımın da xarakterində öz əksini tapmışdı. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunan Zərifə Əliyeva buranı əla qiymətlərlə bitirərək oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçməklə biliklərini daha da dərinləşdirib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxomanın geniş yayılmasının qarşısının alınması, peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Beləliklə o gənc tədqiqatçı kimi elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bir müddətdən sonra Zərifə xanım traxoma xəstəliyinə qarşı müalicədə uğurlu nəticələrə nail olur. Eyni zamanda tədqiqatlarının yekunu olaraq, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Beləliklə onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və traxoma bir xəstəlik kimi aradan qaldırılır.

1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında elmi fəaliyyətini davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrində çalışır. Onun elmi araşdırmalarında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Eyni zamanda Zərifə Əliyevanın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Beləliklə Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olur. Təsadüfi deyil ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Избранный
14
26
publika.az

10Источники