Şirkət 2025-ci ildə infrastruktur modernləşdirilməsi, süni intellektəsaslı idarəetmə və kibertəhlükəsizlik istiqamətində kompleks tədbirlər həyata keçirib
Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellektəsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.
Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən “Azercell”in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6 faiz, əhali üzrə əhatə səviyyəsi isə 98,6 faiz təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.
Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellektəsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumatəsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AI Use Case Library”də yer alması “Azercell”in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellektəsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.
Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib. “Azercell” daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.