RU

NATO gərginlikdən qaçmaq üçün illik sammitlərdən imtina etməyi planlaşdırır

NATO son illərdə formalaşmış hər il sammit keçirmək praktikasından imtina etməyi nəzərdən keçirir...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, bu addım ABŞ prezidenti Donald Trampın hakimiyyətdə son ilində mümkün gərgin görüşlərin qarşısını almağa kömək edə bilər.

Tramp administrasiyası dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi alyansın digər 31 üzvünü kəskin tənqid edib. Son olaraq bəzi ölkələr ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına kifayət qədər dəstək vermədiklərinə görə qınanıb.

NATO-nun 77 illik tarixində sammitlərin keçirilmə tezliyi dəyişsə də, 2021-ci ildən etibarən liderlər hər yay görüşürlər. Bu il sammit 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək. Lakin yüksək vəzifəli Avropa rəsmisi və NATO ölkələrindən olan beş diplomatın sözlərinə görə, bəzi üzvlər bu tempin azaldılmasını istəyir.

Diplomatlardan biri bildirib ki, 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan sammitin payızda baş tutması ehtimalı var. Həmçinin 2028-ci ildə – ABŞ-da prezident seçkiləri keçiriləcək və Trampın vəzifədə son tam ili olacaq dövrdə – sammitin ümumiyyətlə keçirilməməsi variantı nəzərdən keçirilir.

Digər diplomat isə bəzi ölkələrin sammitlərin iki ildən bir keçirilməsini təklif etdiyini deyib. Qərarın hələ qəbul edilmədiyi və son sözün NATO-nun baş katibi Mark Rutteyə məxsus olacağı qeyd olunur.

NATO nümayəndəsi bildirib: "Alyans dövlət və hökumət başçılarının müntəzəm görüşlərini davam etdirəcək. Sammitlərarası dövrdə isə müttəfiqlər məsləhətləşmələr aparacaq, planlaşdırma və birgə təhlükəsizliklə bağlı qərarlar qəbul edəcəklər".

Mənbələrdən ikisi Tramp amilini əsas səbəblərdən biri kimi göstərsə də, daha geniş faktorların da rol oynadığı vurğulanır. Bəzi diplomat və analitiklər hesab edir ki, illik sammitlər tez-tez "böyük nəticələr" gözləntisi yaradır və bu da uzunmüddətli planlaşdırmaya mane olur.

"Pis sammitlərdənsə, daha az sayda sammit keçirmək daha yaxşıdır. Görəcəyimiz işlər onsuz da məlumdur", deyə diplomat bildirib. Digəri isə əlavə edib ki, alyansın gücünün əsas göstəricisi müzakirələrin və qəbul olunan qərarların keyfiyyətidir.

Atlantik Şurasının baş elmi əməkdaşı Fillis Berri qeyd edib ki, daha az səs-küylü sammitlər NATO-ya öz işinə fokuslanmağa və son illərdə transatlantik görüşləri müşayiət edən gərginliyi azaltmağa imkan verə bilər. O xatırladıb ki, soyuq müharibə dövründə NATO cəmi səkkiz sammit keçirib.

Berri Trampın ilk prezidentlik dövründə keçirilən ilk üç sammiti “müttəfiqlərin müdafiə xərclərinin azlığı ilə bağlı şikayətlərin üstünlük təşkil etdiyi mübahisəli tədbirlər” kimi xarakterizə edib. Ötən il Haaqada keçirilən sammit də əsasən Trampın müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması tələbi ilə yadda qalıb. Nəticədə ölkələr 3,5 faizi əsas müdafiəyə, 1,5 faizi isə təhlükəsizliklə bağlı digər sahələrə ayırmaq barədə razılığa gəlib. Sammitin böyük qalmaqalsız başa çatması belə uğur sayılıb.

Bu ilki görüşün də gərgin keçəcəyi gözlənilir. Tramp müttəfiqlərin onun başladığı və əvvəlcədən onlarla məsləhətləşmədən həyata keçirdiyi İrana qarşı müharibəyə dəstək verməməsindən sonra NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini açıq şəkildə sual altına alıb və alyansdan çıxmaq ehtimalını dilə gətirib.

Bundan əlavə, o, NATO üzvü Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiyaya iddia irəli sürüb. 2018-ci il sammitində isə digər ölkələrin aşağı müdafiə xərclərinə etiraz olaraq tədbiri tərk etməklə hədələyib. Həmin dövrdə NATO-nun baş katibi olmuş Yens Stoltenberq sonradan xatirələrində yazıb ki, “əgər o, bu hədəsini həyata keçirsəydi, biz dağılmış NATO-nun nəticələrini aradan qaldırmalı olardıq”.

Poliqon.info

Избранный
14
50
poliqon.info

10Источники