RU

Luka Modriç mövsümü erkən başa vurdu – ARENA.AZ

“Milan”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç yanaq sümüyünün sınığı səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.

Arena.az xəbər verir ki, xorvatiyalı futbolçu İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Yuventus”a qarşı keçirdikləri oyunda zədələnib.

Təcrübəli yarımmüdafiəçi qolsuz (0:0) başa çatmış bu qarşılaşmanın sonlarında hava mübarizəsi zamanı Manuel Lokatelli ilə baş-başa toqquşaraq xəsarət alıb. Bu üzdən də o, 80-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Müayinələrdən sonra Modriçin mövsümün qalan oyunlarında “Milan”a kömək edə bilməyəcəyi müəyyənləşib. Buna baxmayaraq, onun 2026-cı ildə keçiriləcək dünya çempionatında (DÇ-2026) Xorvatiya millisinin heyətində yer alması gözlənilir. Futbolçu mundiala kimi tam bərpa ola bilsə, o zaman forma şansı da qazanacaq.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 36 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 196 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
19
22
arena.az

10Источники