RU

DƏMX-nin rəis müavini: Məqsədimiz daha sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasıdır

Bakı, 28 aprel, AZƏRTAC

Son illərdə ölkəmizdə əməyin mühafizəsi sahəsində mühüm islahatlar həyata keçirilir. Nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə və preventiv tədbirlər genişləndirilib, rəqəmsal həllər tətbiq olunub. “Əmək və Məşğulluq” altsistemi və elektron reyestrlər vasitəsilə risklərin daha operativ müəyyən edilməsi və qarşısının alınması təmin olunur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva deyib.

O bildirib ki, təkcə 2025-ci ildə 5 minə yaxın işçi və mütəxəssis təlimlərə cəlb olunub, 130-dan çox maarifləndirmə tədbiri keçirilib. 2026-cı ilin ilk rübündə isə 76 tədbirdə 4500-ə yaxın şəxs iştirak edib. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində dövlət standartlarının hazırlanması istiqamətində də mühüm addımlar atılıb. 2025-ci il ərzində əmək sahəsində 110 yeni dövlət standartı qəbul edilib və bununla da ümumi standartların sayı 167-yə çatdırılaraq normativ baza daha da təkmilləşdirilib.

“Qəbul edilən standartlar beynəlxalq tələblərə uyğunlaşdırılaraq əmək mühitində təhlükəsizliyin təmin olunmasına yönəlib və bu da əməyin mühafizəsi sahəsində sistemli yanaşmanın formalaşdığını göstərir. Əsas mesajımız ondan ibarətdir ki, əməyin mühafizəsi yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır. İş yerlərində psixoloji mühit, iş yükü və münasibətlər də işçi sağlamlığına və əmək məhsuldarlığına birbaşa təsir edir. Bu baxımdan, belə tədbirlər dövlət qurumları, işəgötürənlər və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Məqsədimiz daha sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasıdır", - deyə rəis müavini qeyd edib.

Müxbir - Günel Türksoy
Videooperator - İlham Nadirov
Избранный
59
azertag.az

1Источники