Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Volodimir Zelenski ilə İlham Əliyev arasında keçirilən görüşdə iqtisadi əməkdaşlıq əsas müzakirə istiqamətlərindən biri kimi ön plana çıxıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinə verə biləcəyi töhfələr xüsusi vurğulanıb. Kənd təsərrüfatı məhsullarının ixrac imkanları və Ukrayna bazarına çıxış perspektivləri iqtisadi gündəmin mühüm hissəsini təşkil edib. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı isə iki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsi üçün əsas istiqamət kimi qiymətləndirilib.
İqtisadçı Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna bazarı ixrac etdiyimiz məhsullar baxımından Azərbaycan üçün cəlbedici istiqamətlərdən biri olmalıdır. Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı baxımından Ukrayna geniş bazar imkanları təqdim edir və əhalisinin çoxluğu bu marağı daha da artırır. Bu imkanların genişləndirilməsi gələcəkdə Azərbaycan məhsullarının Ukrayna bazarına çıxışını daha əhəmiyyətli edə bilər.
İqtisadçı qeyd edib ki, enerji sahəsində də müəyyən təcrübə mövcuddur: Azərbaycan artıq Ukraynaya neft və elektrik enerjisi ixrac edib. Bununla yanaşı, nəqliyyat və logistika imkanlarının bərpası məhsulların Avropaya çıxışı baxımından xüsusi önəm daşıyır. Bu marşrutlar həm ixracın genişlənməsi, həm də regionlararası iqtisadi əlaqələrin güclənməsi üçün vacibdir.
Emin Qəribli vurğulayıb ki, nəqliyyat dəhlizləri ilə bağlı müəyyən risklər də var. Müharibə faktoru və Rusiya ilə münasibətlərin gərginliyi bu istiqamətdə əlavə çətinliklər yaradır. Buna baxmayaraq, Ukrayna regionda mühüm geosiyasi mövqeyə və böyük bazar potensialına malikdir.
Onun fikrincə, gələcəkdə yalnız ixrac deyil, həm də sənaye və xidmət sahələrində kooperasiya imkanları genişləndirilə bilər. Dünyanın bir çox iri şirkətləri Ukraynada fəaliyyət göstərir və bu mühit Azərbaycan üçün də yeni tərəfdaşlıq imkanları yaradır.
İqtisadçı hesab edir ki, Azərbaycan bu münasibətləri daim yenidən dəyərləndirməli və daha effektiv əməkdaşlıq mexanizmləri üzərində işləməlidir. O, əlavə edib ki, İlham Əliyev ilə Volodimir Zelenski arasında keçirilən son görüşdə də bu məsələlərin aktuallığı bir daha ön plana çıxıb.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.